Menu

SUVERENLİYİN AZƏRBAYCAN FƏLSƏFƏSİ...

19.09.2026, 17:05
SUVERENLİYİN AZƏRBAYCAN FƏLSƏFƏSİ...

Xalid NİYAZOV,

Siyasi elmlər doktoru

Tarixdə iki lider tipi var – təqvim yaradan və tarix yaradan. Azərbaycanın keçmişi ilə işimiz yoxdur, əlamətdar salnamələrlə boldur, ən yeni tariximiz isə həm təqvim həm də müstəsna tarixi günlər sarıdan zəngindir.

Tarixdə həm də elə günlər var ki, onların əhəmiyyəti həmin gün baş verən hadisə ilə bitmir. Zaman keçdikcə o hadisənin siyasi çəkisi artır, mənası dərinləşir, dövlətin və xalqın taleyində tutduğu yer daha aydın görünür. 20 sentyabr 2023-cü il Azərbaycan üçün belə tarixlərdən biridir.

Güc yaradan siyasi resurs

Azərbaycan həmin gün yeni dövlət yaratmadı. Yeni sərhədlər müəyyən etmədi. Beynəlxalq hüququn ona əvvəldən tanıdığı hansısa yeni hüququ da əldə etmədi. Baş verən hadisənin tarixi mahiyyəti daha fərqli və daha dərindir: Azərbaycan beynəlxalq hüquqa görə ona mənsub olan suverenliyi bütün dövlət ərazisində faktiki, siyasi, hüquqi və institusional reallığa çevirdi.

Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsinin hüquqi-siyasi fəlsəfəsi də məhz bu məqam üzərində qurulub: 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi. Sərəncamda 19 sentyabrda başlanan əməliyyatın 23 saat davam etdiyi və sentyabrın 20-də başa çatdığı qeyd olunur.

Bu formulda iki anlayış yanaşı dayanır: suverenlik və qanunun aliliyi.

Əslində, onların yanaşı işlədilməsi təsadüfi deyil. Çünki müasir dövlət üçün suverenlik yalnız bayrağın müəyyən ərazidə dalğalanması demək deyil. Suverenlik dövlətin qanununun işlədiyi, Konstitusiyasının hüquqi qüvvəyə malik olduğu, legitim institutlarının fəaliyyət göstərdiyi və dövlət hakimiyyətinə alternativ silahlı-siyasi strukturun mövcud olmadığı vahid siyasi-hüquqi məkan deməkdir.

Bu baxımdan 20 sentyabrı yalnız hərbi əməliyyatın başa çatdığı gün kimi sərf-nəzər etmək onun tarixi mənasını və bu azmış kimi paradiqmal əhəmiyyətini bir xeyli məhdudlaşdırmaq olardı. Bu gün hərbi hadisənin siyasi nəticəyə, siyasi nəticənin isə dövlətçilik faktına çevrildiyi gündür.

Müstəqillik, ərazi bütövlüyü və suverenlik

Bəzən bu üç anlayış eyni məna daşıyan sözlər kimi işlədilir. Halbuki onların hər biri dövlətçiliyin ayrıca qatını ifadə edir.

Müstəqillik dövlətin başqa dövlətdən asılı olmadan mövcud olmaq və öz siyasi iradəsini müəyyən etmək hüququdur. Ərazi bütövlüyü həmin dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipidir. Suverenlik isə dövlətin öz ərazisi və əhalisi üzərində ali və legitim hakimiyyətini real şəkildə həyata keçirə bilməsidir.

Azərbaycanın müasir tarixini bu baxımdan üç böyük siyasi mərhələdə təsnifləşdirmək mümkündür:

1991-ci il – dövlət müstəqilliyinin bərpası; 

2020-ci il – ərazi bütövlüyünün bərpasında həlledici tarixi dönüş; 

2023-cü il – dövlət suverenliyinin bütün ölkə ərazisində faktiki təmin edilməsi.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paraddakı çıxışında da bu mərhələləri fərqləndirərək 23 aprel 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədinə nəzarətin təmin olunmasını ərazi bütövlüyünün, 20 sentyabrı isə dövlət suverenliyinin tam bərpası ilə əlaqələndirmişdi.

Burada dövlətçilik fəlsəfəsi baxımından olduqca mühüm bir nəticə meydana çıxır: dövlətin hüquqi coğrafiyası ilə siyasi hakimiyyətinin real coğrafiyası üst-üstə düşdü.

Azərbaycanın xəritəsi dəyişmədi. Azərbaycanın öz xəritəsi üzərində hakimiyyətinin keyfiyyəti dəyişdi... Və 20 Sentyabrın tarixi-siyasi mənası ilk növbədə bundadır.

Suverenlik yalnız nəticə deyil, siyasi kapitaldır

Suverenlik haqqında çox zaman yekun nəticə kimi danışırıq. Ərazi üzərində hakimiyyət bərpa edildi və bununla tarixi proses başa çatdı. Əslində isə dövlətçilik baxımından məsələ burada bitmir. Əksinə, yeni mərhələ məhz buradan başlayır. Çünki suverenlik təkcə əldə edilmiş hüquqi-siyasi vəziyyət deyil. Suverenlik dövlətin istifadə edə bildiyi strateji kapitaldır.

Dövlət öz ərazisinə tam nəzarət etdikdə onun daxili siyasət imkanları genişlənir, xarici siyasətdə manevr qabiliyyəti artır, iqtisadi məkan bütövləşir, təhlükəsizlik siyasətinin effektivliyi yüksəlir, regional layihələrdə mövqeyi dəyişir və beynəlxalq münasibətlərdə subyektliyi güclənir.

Ona görə 20 sentyabrın Azərbaycan üçün nə verdiyini yalnız “ərazi üzərində nəzarət bərpa edildi” cümləsi ilə izah etmək kifayət deyil.

Əsas sual bundan sonra başlayır: Tam suverenlik Azərbaycan dövlətinin imkanlarını necə dəyişdirdi?

Daxili siyasətdə: vahid dövlət məkanı

Suverenliyin ilk və ən fundamental nəticəsi ölkə daxilində paralel siyasi-hüquqi məkan probleminin aradan qalxmasıdır. Dövlətin ərazisinin müəyyən hissəsində onun Konstitusiyasının və qanunlarının faktiki tətbiq edilməməsi yalnız ərazi problemi deyildi. Bu, dövlət hakimiyyətinin vahidliyi problemi idi.

2023-cü ilin sentyabrından sonra Qarabağın bütün ərazisində Azərbaycan dövlət institutlarının fəaliyyətinin qurulması başqa bir keyfiyyət yaratdı: ölkənin siyasi, inzibati və hüquqi məkanı bütövləşdi. Bunun fəlsəfi mənası hətta siyasi mənasından daha genişdir.

Dövlət yalnız sərhədlərlə mövcud olmur. Dövlət qanunun qüvvəsinin haraya qədər çatması ilə mövcuddur.

Bayraq suverenliyin rəmzidir, qanun isə onun gündəlik həyatdakı ifadəsidir.

Ona görə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində Azərbaycan dövlət institutlarının fəaliyyət göstərməsi sadəcə inzibati dəyişiklik deyil. Bu, vahid konstitusion məkanın formalaşmasının tamamlanmasıdır.

Suverenliyin dövlət quruculuğuna verdiyi ən böyük töhfələrdən biri də budur: dövlət artıq enerjisinin mühüm hissəsini ərazi bütövlüyünün bərpası probleminə deyil, həmin bütövlüyün yaratdığı imkanların idarə edilməsinə yönəldə bilir.

Beləliklə, dövlətçilik gündəliyinin mahiyyəti dəyişir: azad etməkdən – qurmağa,
nəzarəti bərpa etməkdən – idarə etməyə, münaqişədən – inkişafa düsturu ilə hərəkət etmək lazım gəlir.

Xarici siyasətdə: “Qarabağ problemi”ndən postmünaqişə diplomatiyasına

30 ilə yaxın müddətdə Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası idi. Diplomatik resursların, beynəlxalq təşkilatlarla münasibətlərin və xarici siyasət ritorikasının mühüm hissəsi bu problemin ətrafında formalaşırdı.

2023-cü ildən sonra isə diplomatiyanın predmeti dəyişməyə başladı. Azərbaycan üçün əsas məsələ artıq öz ərazisinin hansı dövlətə mənsub olduğunu sübut etmək deyil; yeni regional münasibətlər sistemində həmin suverenliyin yaratdığı imkanlardan istifadə etməkdir.

Bu dəyişiklik özünü sonrakı hadisələrdə xüsusilə bariz ifadə edir. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. Həmin gün imzalanmış Birgə Bəyannamədə kommunikasiyaların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında açılmasının əhəmiyyəti də təsbit edildi.

2026-cı ilin avqustunda Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə rəsmi məlumatda artıq Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən Ermənistana tranziti və iki ölkə arasında ticarət münasibətlərinin qurulması “sülh dividendləri”nin praktik təzahürləri sırasında göstərilirdi.

Bu, son dərəcə maraqlı transformasiyadır. Bir zamanlar siyasi münaqişənin coğrafiyası olan məkan tədricən iqtisadi münasibətlərin və regional kommunikasiyaların coğrafiyasına çevrilə bilər. Başqa sözlə, suverenlik diplomatiyanın sonu deyil; yeni diplomatiyanın başlanğıcıdır.

Azərbaycanın xarici siyasəti üçün bunun yaratdığı imkan münaqişə diplomatiyasından daha geniş – sülh, bağlantılar, enerji, nəqliyyat, investisiya və regional əməkdaşlıq diplomatiyasına keçiddir.

Geosiyasətdə: obyekt olmaqdan regional proseslərin subyektinə

Kiçik və orta dövlətlərin beynəlxalq münasibətlərdə əsas problemlərindən biri geosiyasi proseslərin subyekti deyil, obyekti olmaq təhlükəsidir.

Cənubi Qafqaz tarixən böyük güclərin maraqlarının kəsişdiyi məkan olub. Rusiya, Türkiyə, İran, Avropa, ABŞ, son illərdə isə Çin və Mərkəzi Asiya istiqaməti regionun geosiyasi əhəmiyyətini artırır. Belə bir coğrafiyada suverenlik sadəcə hüquqi prinsip deyil. O, geosiyasi davranış qabiliyyətidir.

Ərazisinin bir hissəsində suveren hakimiyyətini həyata keçirə bilməyən dövlətin regional siyasətdə imkanları ilə bütün ərazisinə nəzarət edən dövlətin imkanları eyni deyil.

20 Sentyabrdan sonra Azərbaycan Cənubi Qafqazda öz ərazisi daxilində həll edilməmiş separatçı siyasi qurum problemi olan dövlət statusundan çıxdı. Bununla regional münasibətlərdə illərlə mövcud olmuş əsas qeyri-müəyyənliklərdən biri aradan qalxdı. Bu isə Azərbaycanın geosiyasi çəkisini yalnız hərbi güc baxımından deyil, qərarvermə azadlığı baxımından artırır.

Əsl suverenliyin ən mühüm göstəricilərindən biri də budur: dövlətin başqalarının onun haqqında qəbul etdiyi qərarların obyekti olmaqdan çıxaraq, region haqqında qəbul edilən qərarların iştirakçısına çevrilməsi.

Bu mənada 20 Sentyabr Azərbaycanın coğrafiyasını dəyişmədi, amma onun geosiyasi coğrafiyadakı yerini dəyişdirən amillərdən biri oldu.

Geoiqtisadiyyat: torpaqdan iqtisadi məkana

Suverenliyin bəlkə də ən az danışılan, amma uzunmüddətli perspektivdə ən böyük nəticələrindən biri geoiqtisadi xarakter daşıyır.

Ərazi yalnız torpaq deyil. Ərazi – yol, enerji, su, istehsal, kənd təsərrüfatı, logistika, turizm, təbii resurs, yaşayış məkanı və bazardır.

Dövlətin suverenliyi isə bütün bunları vahid iqtisadi strategiya daxilində idarə etmək imkanını yaradır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin miqyası artıq bu transformasiyanı göstərir. 2026-cı ildə açıqlanan rəsmi məlumata görə, həmin ərazilərdə yaşayan, işləyən və təhsil alan insanların sayı təxminən 90 minə çatıb; dövlət büdcəsindən infrastruktur və yaşayış layihələrinə 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb, bütün mənbələr üzrə maliyyələşmənin həcmi isə 17 milyard dollara yaxınlaşıb. Üç beynəlxalq hava limanı, yollar, tunellər, körpülər, enerji və su infrastrukturu bu yeni iqtisadi coğrafiyanın elementləridir.

Lakin məsələnin başqa, daha böyük tərəfi də var. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında bağlantı imkanlarının artması Azərbaycanın coğrafi mövqeyini iqtisadi kapitala çevirmək potensialını yüksəldir.

Dünya Bankının Orta Dəhliz üzrə araşdırmasına görə, düzgün investisiyalar və idarəetmə tədbirləri həyata keçirilərsə, 2030-cu ilədək dəhliz üzrə yük axınlarının üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Araşdırmada Azərbaycan, Qazaxıstan və Gürcüstan bu dəhlizin əsas ölkələri kimi nəzərdən keçirilir.

Deməli, suverenliyin geoiqtisadi mənası təkcə azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin başlanması deyil. Daha böyük məsələ Azərbaycanın vahid ərazi məkanının regional nəqliyyat və iqtisadi inteqrasiya sistemində yeni funksiyalar qazanmasıdır.

Bu nöqtədə siyasi coğrafiya geoiqtisadi coğrafiyaya çevrilir.

Torpaq artıq yalnız uğrunda mübarizə aparılan milli sərvət deyil, həm də gələcək nəsillər üçün iqtisadi dəyər yaradan məkandır.

Təhlükəsizlik fəlsəfəsinin dəyişməsi

Suverenliyin başqa mühüm nəticəsi milli təhlükəsizlik anlayışının transformasiyasıdır.

Uzun illər Azərbaycan üçün təhlükəsizlik anlayışının mərkəzində ərazi bütövlüyünün bərpası dayanırdı. Bu prioritet təbii idi. Ərazisinin bir hissəsi üzərində faktiki nəzarəti olmayan dövlət üçün təhlükəsizlik strategiyasının başqa cür qurulması mümkün deyildi.

Tam suverenlikdən sonra isə təhlükəsizliyin gündəliyi daha çoxşaxəli olur. Sərhəd təhlükəsizliyi ilə yanaşı enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, kritik infrastrukturun qorunması, iqtisadi dayanıqlılıq, demoqrafik məskunlaşma və azad edilmiş ərazilərin təhlükəsiz həyat məkanına çevrilməsi ön plana çıxır. Bu, çox mühüm keyfiyyət dəyişikliyidir: ərazini qorumaqdan – dövlətin bütün funksiyalarının dayanıqlığını qorumağa keçid.

Müasir dünyada suverenliyin özü də artıq yalnız sərhəd anlayışı ilə ölçülmür. Dövlət ərazisinə nəzarət etməklə yanaşı informasiya məkanına, strateji infrastruktura, iqtisadi qərarverməyə və rəqəmsal resurslarına münasibətdə də yetərli müstəqillik və dayanıqlılıq yaratmalıdır.

Beləliklə, 20 Sentyabr klassik ərazi suverenliyinin tamamlanması olmaqla yanaşı, Azərbaycan qarşısında XXI əsrin funksional suverenliyini qurmaq vəzifəsini də qoyur.

Suverenlik və milli psixologiya

30 ilə yaxın davam edən ərazi problemi Azərbaycan üçün yalnız siyasi və hərbi məsələ deyildi.

O, milli yaddaşın bir hissəsinə çevrilmişdi.

Məcburi köçkünlük, itirilmiş şəhərlər, dağıdılmış kəndlər, doğma yurda qayıtmaq ümidi bir neçə nəslin həyat təcrübəsini formalaşdırmışdı. Buna görə suverenliyin bərpasının nəticələrini yalnız dövlət institutları və geosiyasi göstəricilərlə ölçmək mümkün deyil. Onun görünməyən, statistikaya sığmayan nəticəsi də var: dövlətin özünə inamının dəyişməsi.


Millətlər də insanlar kimidir. Onların tarixi yaddaşı, məğlubiyyətləri, qələbələri, travmaları və özləri haqqında təsəvvürləri olur.

2020-ci il Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycan cəmiyyətinin öz dövləti, ordusu və milli imkanları haqqında təsəvvürlərinə təsir göstərdi.

Ancaq burada qələbənin ən mühüm sınağı başlayır. Qələbə emosiyası müvəqqətidir. Qələbənin dövlətçilik mədəniyyətinə çevrilməsi isə uzunmüddətli prosesdir.

Güclü dövlət yalnız qalib gəlməyi bacaran dövlət deyil. Qələbənin yaratdığı imkanları hüquqa, instituta, elmə, iqtisadiyyata, sosial rifaha və gələcək nəsillərin inkişafına çevirə bilən dövlətdir.

Suverenliyin üç zamanı

20 Sentyabrın fəlsəfəsini üç zaman ölçüsündə təsəvvür etmək mümkündür.

Birinci zaman keçmişdir – suverenlik uğrunda aparılan uzun mübarizə, itkilər, şəhidlər, məcburi köçkünlük, diplomatik və hərbi mübarizə.

İkinci zaman 20 sentyabr 2023-cü ildir – dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərqərar olduğu tarixi məqam.

Üçüncü zaman isə gələcəkdir. Və bəlkə də ən çətini elə məhz üçüncü zamandır. Çünki tarixdə ərazi qazanan, amma qazandığı imkanları düzgün idarə edə bilməyən dövlətlər də olub. Hərbi qələbəni iqtisadi yüksəlişə, hüquqi dövlətə, güclü institutlara və uzunmüddətli rifaha çevirmək ayrıca dövlətçilik qabiliyyəti tələb edir.

Ona görə suverenliyin ən böyük sualı artıq “biz nəyi geri qaytardıq?” deyil. Yeni sual belədir: Bərpa etdiyimiz suverenliyi hansı dövlətə və hansı gələcəyə çevirəcəyik? Bu sual 20 Sentyabrı keçmiş haqqında bayram olmaqdan çıxararaq gələcək haqqında düşüncə gününə çevirir.

Suverenlikdən gücə, gücdən məsuliyyətə

Azərbaycanın son onilliklərdə keçdiyi yolun siyasi məntiqini bir neçə anlayışla ifadə etmək mümkündür: müstəqillik – ərazi bütövlüyü – suverenlik – reinteqrasiya – inkişaf – regional subyektlik.

Bu ardıcıllığın hər mərhələsi əvvəlkinin üzərində qərar tutur. Belə ki, müstəqillik olmadan suverenlik mümkün deyil. Ərazi bütövlüyü olmadan suverenlik natamam qalır. Suverenlik olmadan vahid dövlət məkanı formalaşmır. Reinteqrasiyasız suverenliyin iqtisadi və sosial məzmunu tam açılmır. Nəhayət, inkişaf olmadığı təqdirdə qələbənin tarixi dividendi gələcək nəsillərə ötürülə bilmir.

Buna görə 20 Sentyabr yalnız tarix kitablarında qalacaq bir gün deyil. O, Azərbaycan dövlətçiliyinin fəlsəfəsində mühüm sərhəddir. Bu sərhədin bir tərəfində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda uzun mübarizə dayanır. Digər tərəfində isə daha mürəkkəb bir vəzifə başlayır – bütöv ərazi üzərində bütöv, dayanıqlı, hüquqa əsaslanan, iqtisadi cəhətdən güclü və gələcəyə açıq dövlət quruculuğunu davam etdirmək.

Bəlkə də suverenliyin ən böyük paradoksu elə budur: İnsan onu əldə etdiyi gün mübarizənin bitdiyini düşünür. Halbuki əsl dövlətçilik məsuliyyəti çox zaman məhz həmin gündən başlayır.

20 sentyabr 2023-cü ildə Azərbaycan öz dövlətçilik tarixinin böyük məsələlərindən birinə cavab verdi: dövlət özünün beynəlxalq səviyyədə tanınmış bütün ərazisində suveren hakimiyyətini həyata keçirdi.

İndi tarixin qarşıya qoyduğu sual başqadır: Bu suverenlik necə bir Azərbaycan yaradacaq?

Cavab isə artıq yalnız ordunun gücü ilə deyil, qanunun aliliyi, dövlət institutlarının keyfiyyəti, iqtisadiyyatın rəqabət qabiliyyəti, insan kapitalı, Qarabağ və Şərqi Zəngəzurda qurulan həyat, regional sülhün davamlılığı və Azərbaycanın dəyişən dünyada tutacağı yerlə veriləcək. Çünki suverenlik dövlətin öz taleyinə sahib olmasıdır. Öz taleyinə sahib olmaq isə yalnız azad qərar vermək hüququ deyil, verdiyin qərarlarla gələcəyini qurmaq məsuliyyətidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol