Azərbaycanın yaxın tarixi iki mühüm tarixi mərhələnin - 20 sentyabr və 27 sentyabrın simasında regionun geosiyasi mənzərəsini kökündən dəyişən qətiyyətli addımlarla yadda qalıb.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Ermənistanın həyata keçirdiyi hərbi təcavüz iki müstəqil dövlət arasındakı beynəlxalq münaqişə kimi başlasa da, rəsmi İrəvan qeyri-qanuni güc tətbiq etməklə suveren torpaqlarımızı işğal etmişdi. Bu qanlı proses zamanı bəşəriyyət əleyhinə ağır cinayətlər, o cümlədən bütöv bir şəhərin məhvi ilə nəticələnən Xocalı soyqırımı törədildi. Təəssüf ki, illərlə problemin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk Qrupu böhranın aradan qaldırılması istiqamətində heç bir real iradə nümayiş etdirmədi. Əksinə, bu strukturun fəaliyyətsizliyi işğal faktının uzadılmasına və daşlaşmasına xidmət edirdi.
Azərbaycan hər zaman münaqişənin dinc vasitələrlə, beynəlxalq hüquq çərçivəsində tənzimlənməsinə üstünlük verərək son ana qədər danışıqlar masasına sadiq qaldı. Lakin Ermənistan mövcud status-kvo vəziyyətini qoruyub saxlamaq üçün dialoqu yalnız vaxt qazanmaq aləti kimi qiymətləndirirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən dörd məşhur qətnaməsi kağız üzərində qaldı. Beynəlxalq birlik, xüsusən də vasitəçi institutlar həmin qərarların icrasına nail olmadılar. İşğalın izini itirmək məqsədilə torpaqlarımızda qondarma rejimlər quraşdırıldı.
2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi və “danışıqlara sıfırdan başlayırıq” bəhanəsi ilə formatı dəyişməyə cəhd göstərməsi onsuz da kövrək olan sülh prosesini tamamilə çökdürdü. 2019-cu ilin avqustunda işğal altındakı Xankəndinə gələn Paşinyanın səsləndirdiyi sərsəm “Qarabağ Ermənistandır - nöqtə” bəyanatı faktiki olaraq ilhaq siyasətinin açıq etirafı və sülh danışıqlarına vurulan son zərbə idi. Buna cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır - nida işarəsi” bəyanatı rəsmi Bakının heç bir şərtlə bu ədalətsizliklə barışmayacağını bütün dünyaya göstərdi.
Həmin dövrdə erməni siyasi-hərbi rəhbərliyinin aqressiv ritorikası, o cümlədən müdafiə naziri Davit Tonoyanın Vaşinqtonda səsləndirdiyi “yeni müharibə, yeni ərazilər” tezisi təcavüzkar planların gizlədilmədiyini sübut edirdi. Üstəlik, 2020-ci ilin yayında Yaxın Şərqdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə köçürülməsi prosesinə start verildi. 2020-ci il iyulun 12-də isə Tovuz istiqamətində törədilən hərbi təxribat və Paşinyanın bu gərginliyi “yeni Sardarapat” kimi qələmə verməsi gələcək fəlakətin anonsu idi. Tovuz döyüşlərindən sonra İrəvan Azərbaycana qəbuledilməz şərtlər irəli sürərək gərginliyi pik həddə çatdırdı.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Vətən müharibəsinə başladı. Qəhrəman ordumuz qısa müddətdə torpaqlarımızı hərbi-siyasi vasitələrlə işğaldan azad etdi. Lakin qələbədən sonra da Ermənistan destruktiv mövqeyindən əl çəkmədi. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq hərbi birləşmələrini bölgədən tam çıxarmadı, Zəngəzur dəhlizinin açılmasına maneələr törətdi.

Humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan isə qanuni olmayan məqsədlərlə – mina daşınması və hərbi qüvvələrin rotasiyası üçün istifadə olundu. 2022-ci ildə Sarıbaba əməliyyatı zamanı aşkarlanan Ermənistan istehsalı olan yeni minalar bunun birbaşa sübutu idi. Eyni zamanda, İrəvan “Fərrux” və “Qisas” kimi lokal əməliyyatlara zərurət yaradan müntəzəm təxribatlarını davam etdirirdi.
Postmüharibə dövründə də Paşinyan iqtidarı qondarma rejimi maliyyələşdirməkdən qalmamışdı. Kriminal-oliqarx Ruben Vardanyanın məhz Ermənistan üzərindən Xankəndinə yerləşdirilməsi, onun bölgədəki erməni sakinlərinin reinteqrasiyasına sərt şəkildə mane olması və Azərbaycan rəhbərliyini terror bəyanatları ilə hədələməsi məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə hesablanmışdı.
Praqa görüşlərindən sonra belə Paris meri Valeri Pekres kimi təxribatçı simaların Qarabağa qanunsuz səfərlərinə şərait yaradılması məsələnin süni şəkildə beynəlxalq müstəvidə isti saxlanılmasına xidmət edirdi. 2023-cü ilin sentyabrında qondarma rejimin "müstəqillik günü" ilə bağlı təbriklər və qondarma seçki şouları Praqa razılaşmalarının açıq-aşkar pozulması demək idi. Həmin ilin yayında isə Qərbyönümlü dairələrlə birlikdə bölgədə guya “humanitar böhran” və “aclıq” olması barədə saxta kampaniyalar təşkil edildi.
Bütün bu addımlar bir daha göstərirdi ki, Ermənistan üç il ərzində də sülh prosesində səmimi olmayıb. Azərbaycanın daxili işi olan “hüquq və azadlıqlar” mövzusunu gündəmə gətirməklə ölkəmizin suverenliyinə kölgə salmağa çalışırdılar. Lakin 2023-cü il sentyabrın 19-da həyata keçirilən qısa antiterror əməliyyatı bütün bu cəhdləri fiaskoya uğratdı və Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Məhz bu qətiyyətli addımdan sonra real sülh danışıqları üçün zəmin yarandı və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı.
Ermənistan rəhbərliyi sülhə könüllü deyil, məhz güc və iradə qarşısında məcbur qaldı. Nikol Paşinyan sülh tərəfdarı olmadığını, əksinə, müxtəlif bəhanələrlə işğal siyasətini uzatmağa çalışdığını hər dəfə sübut etdi. Amma Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyətli siyasəti İrəvana başqa yol qoymadı. Hazırda işğaldan azad edilmiş ərazidə misli görünməmiş bərpa-quruculuq işləri aparılır, urbisid, ekosid və kultursidə məruz qalmış yurdlarımız “Böyük qayıdış” proqramı ilə yenidən dirçəlir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə mütləq qələbə qazandı. Uzaqgörən strategiya nəticəsində formalaşan güclü Azərbaycan dövləti modeli son iki yüz illik tariximizin ən qüdrətli dövrünü yaşayır. İkinci Dünya Müharibəsindən sonra bənzəri olmayan tam və mütləq qələbəyə imza atan Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək yeni qlobal reallıqlar yaratdı.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər