Menu

ABŞ-nin DÖVRÜ BİTİR? - Obrayenin fikirlərinin PƏRDƏARXASI

17.09.2026, 23:36
ABŞ-nin DÖVRÜ BİTİR? - Obrayenin fikirlərinin PƏRDƏARXASI

ABŞ-nin qlobal arenada dominantlıq dövrü başa çatıb. Bu barədə amerikalı politoloq Filips Peyson Obrayen fikir səsləndirib. Onun fikrincə, Amerikanın bütün gücü İranı məğlub etmək üçün kifayət etmədi. Üstəlik, ABŞ Silahlı Qüvvələri bəzi strateji obyektlərini hətta daha az texnoloji cəhətdən inkişaf etmiş bir düşmən olan İrandan müdafiə edə bilməyib. 

Maraqlıdır, Obrayenin bu fikirləri nə dərəcədə realdır? Ümumiyyətlə, ABŞ-nin qlobal güc kimi dövrü sona çata bilərmi?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Aydın Tağıyev bildirib ki,

ABŞ-nin qlobal gücünün sona çatmasından danışmaq hələ tezdir:

"Ayrı-ayrı hərbi əməliyyatlarda və ya konkret qarşıdurmalarda yaşanan uğursuzluqlar Vaşinqtonun ümumi qlobal imkanlarının itirilməsi anlamına gəlmir. ABŞ bu gün də dünyanın ən böyük iqtisadi, hərbi və texnoloji güclərindən biridir. Ölkənin NATO çərçivəsində müttəfiqləri, geniş diplomatik imkanları, qlobal maliyyə sistemindəki rolu və yüksək texnologiyalar sahəsində üstünlükləri mövcuddur. Ona görə də hər hansı bir münaqişədə gözlənilən nəticənin əldə olunmamasını ABŞ-ın qlobal dominantlığının başa çatması kimi təqdim etmək düzgün olmaz. Bununla belə, son illərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir və ABŞ əvvəlki kimi tam rəqibsiz güc kimi çıxış etmir. Çin iqtisadi və texnoloji baxımdan güclənir, Rusiya hərbi və geosiyasi imkanlarını qorumağa çalışır, müxtəlif regional güclər isə öz təsir dairələrini genişləndirirlər. Bu proses dünyada çoxqütblülük meyllərini gücləndirir. ABŞ-ın qarşısında duran əsas məsələ də məhz dəyişən dünya nizamında öz liderliyini hansı formada qoruyacağıdır. İranla qarşıdurma da ABŞ üçün müəyyən hərbi və geosiyasi reallıqları ortaya qoyur".

Politoloqun sözlərinə görə, İranın raket və PUA imkanları, həmçinin regiondakı coğrafi mövqeyi ABŞ üçün müəyyən çətinliklər yaradır:

"Lakin bu, İranın ABŞ-dən hərbi baxımdan üstün olması demək deyil. Burada əsas məsələ hərbi üstünlüyün siyasi məqsədlərə necə çevrilməsidir. ABŞ istənilən rəqibə qarşı böyük dağıdıcı gücə malik olsa da, bu gücün tətbiqi hər zaman Vaşinqtonun istədiyi siyasi nəticəni təmin etmir. ABŞ-nin qlobal dominantlığının gələcəkdə hansı səviyyədə qalacağını müəyyən edən əsas amillərdən biri də Vaşinqtonun Çin və digər böyük güclərlə rəqabəti olacaq.

Dünya artıq 1990-cı illərin əvvəllərindəki kimi deyil. ABŞ-nin rəqibləri artıb və onların imkanları da genişlənib. Buna görə də ABŞ-ın qlobal liderliyinin əvvəlki modelinin dəyişməsi mümkündür. Amma bundan onun qlobal güc kimi dövrünün başa çatdığı nəticəsini çıxarmaq üçün hələ kifayət qədər əsas yoxdur. Qarşıdakı illərdə əsas mübarizə ABŞ-ın öz mövqeyini qoruyub saxlaması ilə yanaşı, digər güc mərkəzlərinin nə dərəcədə müstəqil və rəqabətqabiliyyətli olacağından asılı qalacaq".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol