Menu

FRANSADA ƏSAS SİYASİ TAPMACA - Marine Le Penin qarşısı necə alınacaq?

18.09.2026, 10:46
FRANSADA ƏSAS SİYASİ TAPMACA - Marine Le Penin qarşısı necə alınacaq?

Nüfuzlu “The Economist” nəşri Fransanın siyasi gələcəyini və 2027-ci il prezident seçkiləri öncəsi mərkəzçi düşərgənin qarşılaşdığı strateji dilemmaları təhlil edib.

Fransanın siyasi səhnəsində gərginlik getdikcə artır. Ölkə qarşıdakı prezident seçkilərinə hazırlaşarkən, mərkəzçi qüvvələri və bütövlükdə siyasi elitanı düşündürən tək və əsas sual var: Marine Le Pen-ə qalib gəlmək kimin əlindən gələcək?

İllərdir Fransanın siyasi kuluarlarında "mariginal" sayılan ifrat sağçı lider Marine Le Pen və onun rəhbərlik etdiyi "Milli Birlik" partiyası artıq ölkə siyasətinin mərkəzinə çevrilib. Hazırkı rəy sorğuları göstərir ki, Le Pen növbəti prezident seçkilərində ən şanslı namizədlərdən biridir.

İnflyasiya, həyat bahalığı və miqrasiya böhranı fransız seçicilərin ənənəvi partiyalara (həm sol, həm də mərkəz sağ/sol) olan etimadını sarsıdıb.

Le Pen uzun illər ərzində özünü “sistem elitasına” qarşı çıxan yeganə real xalq tribunası kimi təqdim etməyi bacarıb. Hökumətin ötən illərdə həyata keçirdiyi sərt islahatlar (məsələn, pensiya yaşının qaldırılması) mərkəzçi hakimiyyətə qarşı etiraz səslərini gücləndirib.

Prezident Emmanuel Makronun ikinci və sonuncu konstitusion səlahiyyət müddətinin başa çatması fonunda mərkəzçi düşərgə liderlik böhranı ilə üz-üzə qalıb. Hakimiyyət blokunun daxilində Le Pen-in qarşısına çıxa biləcək vahid, xarizmatik və cəmiyyəti birləşdirə biləcək fiqurun tapılması hələ də sual altındadır.


Müxtəlif alternativlər - o cümlədən sabiq baş nazir Éduard Filipp kimi nüfuzlu sağ-mərkəzçi siyasətçilərin adları hallansa da, onlar hələlik Le Pen-in formalaşdırdığı elektoral bazanı sındırmağa qadir güclü konsensus yarada bilməyiblər. Hakimiyyət komandasının daxilindəki fikir ayrılıqları və tərəddüdlər isə mərkəzçi seçiciləri parçalayır.

Ənənəvi olaraq, Fransada ikinci turda ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sol və mərkəzçi qüvvələr birləşərək "respublika bəndi" strategiyasını işə salırdılar. Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu mexanizm hər seçkidə daha da zəifləyir. Seçicilər artıq "ən pisinə yox, daha az pis olanına səs vermək" prinsifindən yorulublar və alternativ axtarışındadırlar.

Əgər mərkəzçi qüvvələr yaxın gələcəkdə radikal iqtisadi və sosial problemlərin həlli ilə bağlı inamlı proqram ortaya qoya bilməsələr, Fransanın növbəti prezidentinin məhz ifrat sağdan olacağı ehtimalı hər zamankindən daha real görünür. Bu isə təkcə Fransanın deyil, bütövlükdə Avropa İttifaqının gələcək xarici və daxili siyasətinə ciddi zərbə ola bilər.

E.Rüstəmli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol