Bu gün Nikol Paşinyanı az qala demokratiya və humanizm nümunəsi kimi təqdim edənlər nədənsə onun 2018-ci ildə hakimiyyətə gələndən sonra Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı özündənrazı, yekəxana bəyanatlarını və “planlarını” unudublar.
Məhz Paşinyan ilk olaraq Azərbaycanla həmin vaxta qədər aparılan danışıqları “sıfırdan başlamaq” və onların formatını dəyişdirmək kimi iddialarla çıxış etmişdi. Bu iddialar Qarabağdakı o vaxtkı qonrama separatçı rejimi legitimləşdirmək və Azərbaycana əlavə təzyiq vasitələri yaratmaq cəhdlərinə söykənirdi.
Məhz Paşinyanın müdafiə naziri qoyduğu David Tonoyan 2019-cu ilin fevralında Vaşinqtonda Ermənistanın hücum strategiyasına keçdiyini elan etmiş, “yeni müharibə, yeni ərazilər” formulunu irəli sürmüşdü. Yəni, konkret olaraq Azərbaycanın yeni ərazilərinin işğalı planını bəyan etmişdi.
Məhz Paşinyanın hakimiyyəti dövründə - 2020-ci ilin yayında Ermənistan Yaxın Şərqdən gələn erməni əsilli şəxslərin işğal edilmiş ərazilərdə yerləşdirilməsinin yeni mərhələsinə başlamışdı. 2020-ci il iyulun 12-də isə Ermənistan ordusu heç bir əsas olmadan Tovuzda məlum hərbi təxribat törətdi və daha sonra Azərbaycana qarşı 7 qəbuledilməz şərt irəli sürdü.
Ardınca, 2019-cu ilin avqustunda işğal olunmuş Xankəndinə qanunsuz səfər edərək “məşhur” “Qarabağ Ermənistandır – nöqtə” fikrini də Paşinyan səsləndirmişdi. Bu, işğala son qoyulması üçün hərbi yoldan başqa variant qalmadığının siqnalı idi. Çünki bu bəyanat, üstəlik həmin səfər zamanı onun Qarabağdakı məlum davranışları, orada təşkil olunan “çal-çağır” məclisi Azərbaycana birbaşa meydan oxumaq idi. Lakin görünür, Paşinyan öz dayaz və dar düşüncəsi ilə bunu anlamırdı və Azərbaycan dövlətinin, xalqının öz torpaqlarını azad etmək əzmindən, iradəsindən lazımınca xəbərdar deyildi. Anlamırdı, xəbərdar deyildi, ya da sadəcə, Avropadakı sahiblərinin, xaricdəki erməni lobbisinin və Ermənistanın digər himayədarlarının sifarişini yetirirdi. İstənilən halda bu, faktiki olaraq işğal edilmiş ərazilərimizin ilhaqı cəhdi və sülh prosesinin sonu demək idi...

Əlbəttə, Azərbaycan tərəfi öncə rəsmi bəyanatla Paşinyanın sərsəm iddiasına Prezident İlham Əliyevin dililə “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabını verdi. Bu, çox keçmədən real, əməli cavab veriləcəyinin bəyanı idi. Belə də oldu və Azərbaycan 44 günlük müharibədəki tarixi zəfəri ilə müharibəyə qədər Ermənistanda və işğal olunmuş ərazilərimizdə Paşinyan başda olmaqla “ağzından od yağanlara” öz layiqli yerini göstərdi.
Lakin hər şey bununla bitmədi, nə Ermənistan cəmiyyəti və dövləti, nə Paşinyan özü, nə də Qarabağdakı separatizm və terror tör-töküntüləri 44 günlük müharibədən tam olaraq lazımi dərs çıxmadı, kənar qüvvələrə güvənərək, əvvəlki xislətləri ilə davranmağa başladı. Beləliklə, 8 noyabrda əldə etdiyimiz zəfərdən sonra erməni tərəfinin təxribatçı hərəkətləri və razılaşmalara əməl etməməsi daha bir hərbi əməliyyatı - 2023-cü il 19-20 sentyabr “Antiterror əməliyyatı”nı zəruri və qaçılmaz etdi. Belə ki, məlum Avropa ölkələrinə və regionumuzda marağı olan digər məlum dövlətlərə arxalanan Ermənistan hakimiyyəti 44 günlük savaşdan sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina etmək kursunu davam etdirdi.
Paşinyan hakimiyyəti 44 günlük savaşdan sonra imzalanmış “üçtərəfli bəyanat”ın(faktiki kapitulyasiyanın) müddəalarını pozdu, Qarabağda qalan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmadı. Üstəlik, Ermənistandan, eləcə də məlum qonşu ölkədən Qarabağdakı separatçılara Laçın dəhlizi vasitəsilə hər cür dəstək göstərildi, canlı qüvvə, yanacaq və silah-sursat, xüsusilə də minalar daşındı. Sonradan bu minaların hansı ərazilərə basdırıldığı da məlum oldu. 2022-ci il “Sarıbaba əməliyyatı” zamanı ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaların tapılması bunun sübutudur. Bir sözlə, Laçın yolu humanitar məqəsdlərdən çox Qarabağda qalmış erməni ordusunun və separatçı-terrorçu birləşmələrin qalıqlarını təmin etmək üçün istifadə olundu. N.Paşinyan hakimiyyəti isə qondarma rejimi maliyyələşdirirməsini, ona hər cür dəstək verməyi davam etdirdi.
Üstəlik, həmin bəyanatın müddəalarına məhəl qoymayan Ermənistan Zəngəzur dəhlizinin açılmasını və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz hərəkəti təmin etmədi. Hələ bu da azmış kimi, Ermənistan utanmadan Azərbaycanın suverenliyinə qarşı çıxaraq Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılmasına çağırış edirdi. Eyni zamanda da başı əzilmiş erməni qüvvələrinin qalıqları Azərbaycan ordusuna qarşı təxribatlardan əl çəkmirdilər, qondarma rejimin başındakılar isə xüsusilə də Ruben Vardanyanın timsalında öz himayədarlarına arxalanaraq, yenə rəsmi Bakıya meydan oxumağa qoşulmuşdular. Yeri gəlmişkən, Vrdanyan məhz Ermənistanın vasitəsilə və sözsüz ki, paşinyanın razılığı ilə Qarabağa gəlmişdi. Paşinyan hakimiyyəti istəsəydi, əlbəttə ki, bunun qarşısını alardı, amma almadı...
Hazırda çoxdan layiq olduğu Bakı həbsxanasında yatan Vardanyan o günlərdə hələ tam azad edilməmiş ərazilərimizdə “meydan sulamağa” çalışırdı və o dərəcədə özündən razı, himayədarlarından arxayın idi ki, Azərbaycan rəhbərliyini terrorla hədələyəcək qədər cızığından çıxmışdı...
Bütün bunlar, eləcə də Qarabağdakı Ermənistan ordusunun qalıqlarının təxribatları, o cümlədən yeni hərbi mövqelər yaratmaq cəhdləri Azərbaycanı “Fərrux” və “Qisas” kimi əməliyyatlar keçirməyə məcbur etdi.

Buna baxmayaraq, Paşinyan əvvəlki ampluasında qalırdı. O, 2022-ci il Praqa razılaşmasından sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə qondarma separatçı qurumun məktublarını təqdim etdi, ardınca Paris meri Valeri Pekresin və digər təxribatçı siyasətçilərin Ermənistan ərazisindən keçərək Qarabağa səfər etməsinə şərait yaratdı. Bu yolla məsələni beynəlxalq gündəmdə saxlamağa və Azərbaycana təzyiq göstərməyə çalışan Paşinyan, nəhayət, 2023-cü il sentyabrın 2-də qondarma separatçı rejimin “müstəqillik bəyannaməsinin qəbulu günü” ilə bağlı təbrik müraciəti yayımladı. Bundan az sonra qondarma rejimin rəhbərliyinə “seçki” keçirildi və bu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü sual altına almaq, ona meydan oxumaq idi. Bu, həm də Praqada əldə olunmuş razılıqların tamamilə pozulması anlamına gəldi...
Nəhayət, erməni birləşmələrinin təxribatları dözülməz həddə çatdı. Xocavənd ərazisindəki erməni minalarının partlayışı nəticəsində polislərimiz də daxil olmaqla 9 nəfər həyatını itirdi. Zatən erməni birləşmələrinin tör-töküntülərinin torpaqlarımızdan rədd edilməsi qaçılmaz idi, bu təxribatlar isə həmin prosesi daha da sürətləndirdi. Sentyabrın 19-da başlayan və 23 saat davam edən hərbi əməliyyat sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Bu əməliyyatda 192 şəhid verdik, 511 hərbi qulluqçumuz yaralandı...

Razılığa əsasən Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələri birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan, bütünlükdə Azərbaycan ərazilərindən çıxmalı, bütün silah-sursat təhvil verilməli idi. Bütün bunlar Azərbaycan dövlətinin və ordusunun iradəsi və nəzarəti altında həyata keçirildi. Beləliklə də 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün tam olaraq təmin olunmasını başa çatdırdı. Bu, 44 günlük müharibə zamanı bir növ qismən yarımçıq qalan tarixi hərbi missiyanın başa çatdırılması idi. Yalnız bundan - erməni tərəfi hərbi güc və təxribatların, himayədarlarının vədlərinin artıq heç nəyə yaramadığını, əksinə, Ermənistanın öz ərazilərinin belə əldən gedə biləcəyini anladıqdan sonra real sülh danışıqları başladı və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı.
Yəni, nə Ermənistan, nə də N.Paşinyan “sülh göyərçini” deyildi. Bu dövlət Paşinyan başda olmaqla məhz Azərbaycan dövləti, ordusu və Prezidentinin iradəsi, qətiyyəti ilə sülhə məcbur edildi.
Xatırladaq ki, hələ 2021-ci ilin iyununda Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Ərdoğanla Şuşaya səfəri zamanı qardaş ölkənin başçısına Xankəndi şəhərini göstərərək “Orda da olacağıq”, – demişdi. Belə də oldu və olmalı idi!
Cəlal Məmmədli
“AzPolitika.info”


Şərhlər