İslamda israf bəyənilməyən əməllərdən biri hesab olunur. Buna baxmayaraq, bu gün insanların imkanlarından daha yüksək səviyyədə toy, nişan və digər məclislər keçirməsi, hətta bunun üçün kredit götürməsi geniş yayılıb. Bahalı telefon, avtomobil və geyim üçün borca girmək də müasir istehlak vərdişlərinin bir hissəsinə çevrilib.
Bəs dini baxımdan insanın maddi imkanlarını aşaraq dəbdəbəli həyat yaşaması necə qiymətləndirilir? Kredit hesabına dəbdəbəli toy və ya bahalı həyat qurmaq İslamda israf sayılırmı?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində israfçılıq haramdır. Nemətləri ölçüsündə istifadə etmək əmr olunur.
Onun sözlərinə görə, toy və yas zamanı adamların bəhsə gedib borc, sələm, kredit götürərək dəbdəbəli məclislər keçirməsi doğru deyil: “Problem odur ki, indi din adına danışanların da çoxu israf edir. Bununla bağlı fəal təbliğata ehtiyac var. Gərək din xadimləri bu yöndə maarifləndirmə işi aparsınlar. İslam dini qənaəti və israf etməməyi buyurmaqla yanaşı dəbdəbəli və təmtəraqlı yaşamı da qəbul etmir”.
İlahiyyatçı həzrət Məhəmməd Peyğəmbərin sadə həyat yaşadığını xatırladıb və belə yaşamı nümunə olaraq tövsiyə edib: “Təəssüf olsun ki, din xadimləri bu həqiqətləri əhaliyə çatdırmır. Əksinə məzhəbçilik təbliğatı ilə məşğul olurlar. Çünki bu cür ənənələri adətən cəmiyyətdə formalaşdıran din xadimləri olur. Hesab edirəm ki, əgər din xadimləri normal təbliğat alarsalar cəmiyyətimiz israfçı məclislərdən çəkinər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər