Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsi və ünvanlı dövlət sosial yardımının əhatə dairəsi sosial siyasətin mühüm istiqamətlərindəndir. Ailələrin gəlirləri, gündəlik yaşayış xərcləri və məşğulluq imkanları onların sosial dəstəyə ehtiyacına təsir göstərir. Bu baxımdan sosial yardımın təyin olunması meyarları, müraciət prosesi və dəstəyin real ehtiyaclara uyğunluğu məsələləri diqqət çəkir. Sosial vəziyyəti ağır olan ailələrin müdafiəsinin gücləndirilməsi üçün hansı əlavə mexanizmlərin tətbiq oluna biləcəyi müzakirə mövzusudur.
Ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı aztəminatlı ailələrin real maddi vəziyyətinin daha dəqiq qiymətləndirilməsi üçün hansı dəyişikliklərə ehtiyac var? İşsiz qalan, kredit öhdəlikləri olan və ailəsini dolandırmaqda çətinlik çəkən şəxslər üçün hansı əlavə sosial dəstək mexanizmləri tətbiq oluna bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, işini itirən və kredit borcunu ödəməkdə çətinlik çəkən vətəndaşların borclarının avtomatik silinməsini nəzərdə tutan ümumi qayda yoxdur. Bununla belə, bəzi hallarda borc yükünün azaldılması və ya ödəniş şərtlərinin dəyişdirilməsi üçün müəyyən imkanlardan istifadə etmək mümkündür.
Onun sözlərinə görə, vətəndaşın həqiqətən müflisləşməsi halında qanunvericilikdə nəzərdə tutulan prosedurlardan keçməklə borcla bağlı məsələnin həlli mümkün ola bilər: “Bunun üçün müvafiq sənədləşmə aparılmalı və qanunla tələb olunan hallarda məhkəmə qərarı əldə edilməlidir. İstehlak krediti götürmüş şəxs işini itirdikdə ilk növbədə bankdan yayınmamalı, əksinə, dərhal banka müraciət etməlidir. Vətəndaş işdən çıxma səbəbini təsdiqləyən sənədləri, o cümlədən müvafiq əmək sənədlərini təqdim etməklə kredit ödənişlərinin şərtlərinin dəyişdirilməsini istəyə bilər. Bu zaman kreditin restrukturizasiyası, ödəniş müddətinin uzadılması və ya bankın təklif etdiyi digər imkanlar nəzərdən keçirilə bilər. Bəzi hallarda kredit tətili də tətbiq oluna bilər. Lakin bu cür güzəştlər avtomatik verilmir və hər bir müraciət bank tərəfindən ayrıca qiymətləndirilir”.
İqtisadçı kredit sığortasının əhəmiyyətinə də diqqət çəkib: “Kredit müqaviləsi bağlanarkən sığorta şərtlərini diqqətlə araşdırmaq vacibdir. Bəzi müqavilələrdə borcalanın işini itirməsi ilə bağlı sığorta təminatı nəzərdə tutula bilər. Ancaq sığortanın qüvvəyə minməsi işdən çıxma səbəbindən və müqavilədəki şərtlərdən asılıdır. Məsələn, şəxsin öz istəyi ilə işdən ayrılması və ya müəyyən pozuntuya görə işdən çıxarılması sığorta ödənişinə əsas verməyə bilər”.
Fuad İbrahimov vurğulayıb ki, işini itirən vətəndaşların kredit borclarının sığortalanması mexanizmlərinin inkişaf etdirilməsi həm borcalanlar, həm də banklar üçün əhəmiyyətli ola bilər: “Belə bir sistem gözlənilməz gəlir itkisi zamanı yaranan maliyyə çətinliklərinin azaldılmasına kömək edə bilər. İşini itirən şəxslər mövcud imkanlardan vaxtında istifadə etməli, bankla əlaqə saxlamalı və ödənişlərin yüngülləşdirilməsi üçün müraciət etməlidirlər. Çünki işsiz qalmaq öz-özlüyündə kredit borcunun silinməsi demək deyil, lakin düzgün prosedurlar vasitəsilə borcun ödənilməsi ilə bağlı şərtlərin dəyişdirilməsinə nail olmaq mümkün ola bilər”.
Oğuz Ayvaz
“AzPolitika. info”


Şərhlər