Menu

İlon Maskın "Starlink" oyunu - Kiyev niyə qlobal texnologiya girovluğundadır?

29.10.2026, 15:17
İlon Maskın "Starlink" oyunu - Kiyev niyə qlobal texnologiya girovluğundadır?

Ukraynadakı cəbhə xəttində peyk rabitəsinin işində qəfil yaranan fasilələr və milyarder İlon Maskın sərgilədiyi qeyri-sabit mövqe bir daha müasir hərbi əməliyyatların taleyinin tək bir şəxsin qərarlarından necə asılı olduğunu acı şəkildə ortaya qoydu. Nufuzlu “The Atlantic” nəşrinin dərc etdiyi geniş təhlildə bildirilir ki, oktyabrın ortalarında Starlink sisteminin fəaliyyətinin məhdudlaşdırılması dərhal cəbhədə özünü büruzə verdi – pilotsuz uçuş aparatlarının (PUA) uçuşları dayandı, bir çox hərbi əməliyyatlar isə faktiki olaraq donduruldu.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hərbi əməliyyatlar üçün həyati əhəmiyyət daşıyan bu sistemin ən pis ssenari üzrə – yəni tamamilə söndürülməsi potensial olaraq Rusiyanın müharibədə qələbə qazanmasına gətirib çıxara bilər. Çünki hazırda qlobal miqyasda "Starlink"in heç bir tamdəyərli alternativi yoxdur. Avropanın bu sistemə bərabər alternativ yaratmaq cəhdləri hələlik ilkin mərhələdədir və paradoksal olaraq, həmin layihələrin bir çoxu yenə də məhz Maskın SpaceX şirkətinin raketlərinə – peyklərin orbitə çıxarılması üçün onun dəstəyinə möhtacdır.

İlon Maskın şirkəti Ukraynadakı müharibənin başlanğıcından bəri döyüş bölgəsində istifadə olunan və sayı 250 mindən çox olan "Starlink" terminallarından yüz milyonlarla dollar gəlir əldə edib. Məlum olduğu kimi, SpaceX əvvəllər Ukrayna hökumətindən hər terminal üçün ayda 2500 dollar alır, ödənişlərdə hər hansı gecikmə olduqda isə dərhal xidməti dayandırırdı.

Müharibənin ilk günlərində Mask tərəfindən Ukraynaya təmənnasız və ya humanitar məqsədlərlə göndərilən antenalar xəstəxanalarda, elektrik stansiyalarında və dövlət qurumlarında istifadə üçün nəzərdə tutulmuşdu. Lakin ordunun bu cihazları kütləvi şəkildə taktiki rabitə və PUA idarəetməsi üçün tətbiq etməsi vəziyyəti dəyişdi. Adi terminalların aylıq xidmət haqqı cəmi 30 dollar təşkil etdiyi halda, 2022-ci ilin sonunda xüsusi hərbi müştərilər üçün yaradılmış Starshield sisteminin qiyməti qat-qat baha - aylıq 25 min dollara qədərdir.

Qaydaların pozulması və gizli razılaşmalar: Starlink-in istifadə şərtlərində sistemin hərbi məqsədlərlə tətbiqi qəti şəkildə qadağan edilib. Lakin şirkət Ukraynada uzun müddət buna göz yumub. ABŞ rəsmilərinin etiraflarına görə, cəbhədə istifadə olunan terminalların hətta 1%-i belə bahalı Starshield sisteminə aid deyil – əksəriyyət yenə də həmin ucuz, mülki məqsədli Starlink cihazlarıdır.

Ekspertlər hesab edirlər ki, İlon Mask bu cür sərt məhdudiyyətlər və qəfil şəbəkə fasilələri yaratmaqla Ukrayna ordusunu və Qərb müttəfiqlərini daha sərfəli, lakin qat-qat baha başa gələn Starshield sisteminə keçməyə məcbur edir. Cari ilin ərzində ABŞ ordusunun İrandakı hərbi əməliyyatlar zamanı Starshield-dən istifadə etməsindən dərhal sonra SpaceX-in bu xidmətin qiymətini birdən-birə 5 min dollardan 25 min dollara qaldırması və Pentaqonun buna razı olması bunun bariz sübutudur.

Ukrayna Müdafiə Nazirliyi oktyabrın 24-də Starlink və Starshield sistemlərində sürətin bərpa olunduğunu elan etsə də, İlon Maskın sistemi məhz Ukrayna qüvvələrinin istifadə şərtlərini pozduğu bəhanəsi ilə bloklaması Kiyevin başı üzərində daimi bir "Demokl qılıncı" asır. Bu isə o deməkdir ki, Ukrayna ordusu hər an yenidən əlaqəsiz qala bilər və Kreml bu həssas xəttdən öz məqsədləri üçün maksimum yararlanmağa çalışır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol