Menu

"Mənzilə olan tələbatın tam qarşılanması asan deyil..." – İqtisadçı İKZF-dəki müzakirələrin detallarını açıqladı

29.10.2026, 13:42
"Mənzilə olan tələbatın tam qarşılanması asan deyil..." – İqtisadçı İKZF-dəki müzakirələrin detallarını açıqladı

Dünən bir qrup müstəqil ekspert İpoteka və Kredit Zəmanət Fondunun rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə Fondun fəaliyyəti, xüsusilə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi, bu sahədə tətbiq olunan yeniliklər və mövcud imkanların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə iştirak edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Fond rəhbərliyi ilə müzakirələrdə son dəyişikliklər, o cümlədən müqavilə üzrə hüquq və öhdəliklərin başqa şəxsə ötürülməsi müddətinin 1 ildən 3 ilə artırılması, hüquqlarını ötürmüş şəxslərin proqrama təkrar müraciətinə 5 illik məhdudiyyətin tətbiqi mümkün sui-istifadə hallarının qarşısının alınması və digər vətəndaşlar üçün əlavə imkanların yaradılması baxımından əhəmiyyəti vurğulanıb.


“Aparılan müzakirələr yaxın dövrdə bu mexanizmin daha da təkmilləşdirilməsi istiqamətində yeni addımların atılacağına dair müsbət gözləntilər yaradır. Ümumiyyətlə mənzilə əlçatanlıq insanların sosial rifahını, ailə qurmaq və övlad sahibi olmaq imkanlarını, həyat keyfiyyətini və gələcəyə inamını müəyyən edən ən mühüm amillərdən biridir. Ona görə də hesab edirəm ki, bütün bu yeni mexanizmlərlə yanaşı ən mühüm istiqamət proqramın əhatə dairəsinin genişləndirilməsidir”, - o qeyd edib.

E.Əmirovun sözlərinə görə, bu istiqamətə daha çox vəsaitin ayrılması, mənzil fondunun genişləndirilməsi və daha çox ailənin bu imkanlardan yararlanmasının təmin edilməsidir:

“Başa düşüləndir ki, mövcud iqtisadi və maliyyə imkanları çərçivəsində mənzilə olan tələbatın tam qarşılanması asan deyil, amma bu məqsədlə ayrılan vəsaitin heç olmasa mərhələli şəkildə artırılması və daha çox mənzilin vətəndaşlara təqdim edilməsi əhalinin mənzil təminatının yaxşılaşdırılmasına mühüm töhfə verə bilər. Təbii ki, bunun 10-a qədər digər multiplikativ effekti də öz yerində”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol