Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi, xüsusilə yerli icra hakimiyyətlərinin fəaliyyətində maliyyə nəzarəti məsələsi yenidən gündəmə gəlib. Belə ki, Hesablama Palatasının yol təmiri işləri ilə bağlı apardığı yoxlamalar dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsində ciddi nöqsanlar olduğunu üzə çıxarıb.
"AzPolitika"nın bir neçə gün əvvəl Hesablama Palatasının məlumatlarına istinadən yaydığı məqalədə 14 yerli icra hakimiyyəti orqanında 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi maliyyə pozuntularından bəhs olunub.
Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarında, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərində aparılan yoxlamalar zamanı işlərin həcmi və dəyərinin süni şəkildə artırılması, satınalma prosedurlarının təşkili, görülmüş işlərin sənədləşdirilməsi və dövlət vəsaiti hesabına yaradılmış yol aktivlərinin uçota alınması ilə bağlı nöqsanlar müəyyən edilib. Belə ki, ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq işin həcmi və dəyərinin süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edildiyi aşkarlanıb.
Yoxlamalar zamanı, həmçinin, söküntü nəticəsində əldə edilən materialların uçota alınmaması, bəzi nəqliyyat xərclərinin smetaya əsassız daxil edilməsi və dövlət vəsaiti hesabına yaradılan yol aktivlərinin mühasibat uçotunda əks etdirilməməsi kimi nöqsanlar aşkarlanıb. Uçotdan kənarda qalan yol aktivlərinin ümumi dəyəri 23 milyon 977 min 875,5 manat təşkil edib.
Qeyd edək ki, son illərdə Azərbaycanda bir sıra rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri korrupsiya, mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə saxlanılıb. Onlardan bəziləri məhkəmə hökmü ilə uzunmüddətli həbs cəzası alıb, bəziləri isə sonradan azadlığa çıxıb.
Bəs indiyədək hansı icra başçıları həbs olunub, onlardan neçəsi hazırda cəza çəkir, kimlər azadlığa çıxıb, kimlər isə vəfat edib?
Vilyam Hacıyev – İmişlinin sabiq icra başçısı

Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayətlərdə təqsirli bilinərək məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmənin qərarı ilə cəzası 8 il 6 aya endirilib.
Mahir Quliyev – Biləsuvarın sabiq icra başçısı

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 2020-ci ildə saxlanılıb. O, vəzifə cinayətləri ilə bağlı ittihamlar üzrə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin kassasiya şikayətinə baxmasından sonra cəza müddəti 8 il 3 aya endirilib.
İsmayıl Vəliyev – Neftçalanın sabiq icra başçısı

İsmayıl Vəliyev 2020-ci ildə DTX-nin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda mənimsəmə və rüşvət alma cinayətləri üzrə təqsirli bilinib. Əvvəlcə 10 il həbs cəzası alan sabiq icra başçısının cəzası 2024-cü ilin fevralında Ali Məhkəmənin qərarı ilə 6 il 2 aya endirilib. Lakin İsmayıl Vəliyev bu müddətin sonunadək həbsdə qalmayıb. 2025-ci il dekabrın 30-da amnistiya aktı əsasında azadlığa buraxılıb. Həmin vaxt onun cəzasının çəkilməmiş dörd ayı qalmışdı.
Namiq Zeynalov – Cəlilabadın sabiq icra başçısı

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov 2020-ci ildə saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 11 il 9 aya endirilib.
Alimpaşa Məmmədov – Şəmkirin sabiq icra başçısı

Alimpaşa Məmmədov 2021-ci ilin aprelində DTX tərəfindən saxlanılıb. O, mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırma ilə bağlı ittihamlar üzrə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsi ona 11 il 6 ay həbs cəzası verib. Apellyasiya instansiyası cəzanı 10 il 6 aya endirib. 2026-cı il martın 13-də Ali Məhkəmə onun kassasiya şikayətini təmin etməyib və 10 il 6 aylıq həbs cəzasını qüvvədə saxlayıb.
Nizaməddin Quliyev – Ağstafanın sabiq icra başçısı

Nizaməddin Quliyev 2019-cu ilin dekabrında DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə vəzifə cinayətləri ilə bağlı ittiham olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sabiq icra başçısı cəzasını tam çəkə bilməyib. O, 2021-ci il sentyabrın 7-də COVID-19 səbəbindən xəstəxanada vəfat edib.
Qoca Səmədov – Yevlaxın sabiq icra başçısı

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2019-cu ildə DTX tərəfindən saxlanılıb. O, mənimsəmə, rüşvət alma və vəzifə cinayətləri ilə bağlı ittihamlar üzrə məhkum edilib. Əvvəlcə 7 il 3 ay həbs cəzası alan Səmədovun cəzası məhkəmə instansiyalarında azaldılıb. 2023-cü il iyulun 26-da səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilib. Lakin azadlığa çıxmasından bir neçə ay sonra, 2023-cü il dekabrın 5-də evində vəfat edib.
Ceyhun Cəfərov – Kürdəmirin sabiq icra başçısı

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. O, korrupsiya və vəzifə cinayətləri ilə bağlı ittihamlar üzrə əvvəlcə 8 il 6 ay həbs cəzası alıb. Şirvan Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirib. Ceyhun Cəfərovun cəzaçəkmə müddəti 2025-ci ilin fevralında başa çatıb və o, azadlığa çıxıb.
Musa Şəkiliyev – Qaxın sabiq icra başçısı

Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Musa Şəkiliyev 2025-ci ilin iyununda DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2025-ci il iyunun 21-də barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs müddəti bir neçə dəfə uzadılıb. 2026-cı il iyulun 14-də məhkəmə onun həbs qətimkan tədbirinin müddətini daha altı ay uzadıb.
İslam Rzayev – Balakənin sabiq icra başçısı

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev 2025-ci ilin oktyabrında DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və təkrar rüşvət alma ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. 2026-cı il avqustun 31-də Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər