Rusiyada müstəqil fəaliyyət göstərən “Novaya qazeta”nın redaksiyası 29 il ərzində fəaliyyət göstərdiyi Moskvanın mərkəzindəki Potapov döngəsindəki binanı tərk etməyə məcbur edilir. Nəşrin yeni ofisi hələ ki yoxdur.
Bu barədə redaktor Sergey Sokolovun və jurnalist İrina Qordienkonun nəşrin ianəçilərinə ünvanladıqları məktubda bildirilib.
Məktubda qeyd olunur ki, binanın sahibkarı oktyabrın 9-da redaksiyaya məktub göndərərək binanı boşaltmaq üçün cəmi bir ay vaxt verib.
“Bizi sadəcə küçəyə atırlar, əşyaları yığmaq üçün minimum vaxt veriblər. Anna Politkovskayanın muzeyi bağlanır, həlak olmuş dostlarımızın portretləri divarlardan sökülür. Heç yerə köçməli oluruq. Biz öz ölkəmizdə qaçqına çevrildik”, – deyə müraciətdə bildirilir.
“Vajnıye istorii” nəşrinin mənbələri də bu göstərişin mülkiyyətçi tərəfindən verildiyini təsdiqləyirlər.
Sentyabr ayında Rusiya Ədliyyə Nazirliyi nəşri “xarici agentlər” reyestrinə daxil edib. Səbəb kimi qəzetin Ukraynadakı müharibəyə qarşı çıxışları göstərilib. Daha əvvəl isə nəşrin keçmiş baş redaktoru, sülh üzrə Nobel mükafatı laureatı Dmitri Muratov da bu statusa layiq görülmüşdü.
2022 ildə məhkəmə Roskomnadzorun iddiası əsasında qəzetin rəsmi lisenziyasını ləğv edib. Baş redaktor Sergey Sokolovun evində axtarışlar aparılıb, qəzetin jurnalisti Oleq Roldugin isə şəxsi məlumatlardan qanunsuz istifadə ittihamı ilə istintaq altındadır.
1993-cü ilin aprelində təsis edilən “Novaya qazeta” illər ərzində sərt jurnalist araşdırmaları, korrupsiya və insan hüquqlarının pozulmasına həsr olunmuş reportajları ilə tanınıb. Lakin bu fəaliyyət redaksiya üçün ağır baha başa gəlib: nəşrin azı beş jurnalisti peşəkar fəaliyyətinə görə qətlə yetirilib. Onların arasında Anna Politkovskayanın da xatirəsi əbədiləşdirilmişdi.
“AzPolitika.info”


Şərhlər