Menu

İran qlobal interneti kəsməklə hədələyir – Hədəfdə sualtı kabellər - VİDEO

30.10.2026, 11:06
İran qlobal interneti kəsməklə hədələyir – Hədəfdə sualtı kabellər - VİDEO

ABŞ ilə İran arasında hərbi qarşıdurma riskinin artdığı bir vaxtda İrana yaxın mənbələrin yaydığı video qlobal rabitə infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Süni intellekt vasitəsilə hazırlanmış görüntülərdə Hörmüz boğazının dibindən keçən strateji fiberoptik kabellərə qarşı mümkün təxribat ssenarisi əks olunub.

"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan videoda Hürmüz boğazından keçən sualtı internet kabellərinin dəniz dibində yerləşdirilmiş bombalar vasitəsilə partladıldığı təsvir olunur.

Təqdim edilən ssenariyə görə, belə bir hücum xüsusilə Fars körfəzi ölkələrində internet bağlantısının tamamilə kəsilməsinə, maliyyə və bank əməliyyatlarının dayanmasına, eləcə də texnologiya şirkətlərinin avtomatlaşdırılmış sistemlərinin fəaliyyətinin iflic olmasına səbəb ola bilər.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl İrana mümkün hərbi müdaxiləyə cavab olaraq Hürmüz boğazından keçən sualtı fiberoptik kabelləri sıradan çıxarmaqla hədələyib. Həmçinin xətlərin bərpası üçün əraziyə göndəriləcək təmir gəmilərinin də hədəfə alınacağı bildirilib.

Hürmüz boğazı və Fars körfəzi yalnız qlobal neft daşımaları baxımından deyil, həm də Asiya, Avropa və Yaxın Şərqi birləşdirən beynəlxalq internet trafikinin ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən bölgədə sualtı rabitə xətlərinə mümkün müdaxilə təkcə regional deyil, qlobal miqyasda ciddi rabitə və iqtisadi problemlərə yol aça bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol