Menu

QƏLƏBƏDƏN SONRA ƏN ÇƏTİN SINAQ

30.10.2026, 11:50
QƏLƏBƏDƏN SONRA ƏN ÇƏTİN SINAQ

Azər Rəşidoğlu

İnsan dünyanı dəyişməyi öyrənib, özünü dəyişməyi isə hələ də bacarmır. Bir vaxtlar Aya getmək əlçatmaz arzu idi. İndi kosmosun dərinliklərini araşdırır, süni intellekt yaradır, dünyanın o başında baş verən hadisədən saniyələr içində xəbər tuturuq. Babalarımızın möcüzə sayacağı şeylər bu gün adi həyatımızın bir hissəsidir. Amma bir sual yenə açıq qalır ki, bu qədər inkişaf etmiş bəşəriyyət niyə hələ də bir-birini anlamaqda, bağışlamaqda, dinc yaşamaqda çətinlik çəkir?

Görünür, insanın texniki imkanları ilə düşüncə tərzi eyni sürətlə dəyişmir. Dünya dəyişir, siyasətin vasitələri yenilənir, amma gücə və qisas almağa münasibət çox vaxt olduğu kimi qalır.

Əsrlər əvvəl hökmdarlar torpaq ələ keçirmək üçün müharibələr aparır, qələbələrini qüdrətin sübutu sayırdılar. Bu gün silahlar da dəyişib, müharibənin üsulları da. Amma dünənin məğlubiyyətini bu günün intiqamına çevirmək, keçmişin hesabını gələcək nəsillərin qarşısına qoymaq istəyənlər yenə var. Tarixdən dərs çıxarmaq əvəzinə, onun yarımçıq qalmış hesablarını bağlamağa çalışanlar siyasətdə özlərinə yer tapırlar.

Müharibə atəşkəslə bitirmi? Sənədlərdə bitə bilər. Amma onun izləri insanların yaddaşında, siyasi çıxışlarda, uşaqlara danışılan hekayələrdə yaşayır. Bir müddət sonra hadisələri xatırlamaqla onların içində yaşamaq arasındakı sərhəd itir. Keçmiş yaddaş olmaqdan çıxır, gələcək nəsillərə verilmiş tapşırığa çevrilir - unutma, bağışlama, fürsət düşəndə hesab soruş.

Tarixə hörmət etməklə onun əsirinə çevrilmək ayrı şeylərdir. Heç bir xalqdan öz ağrısını unutmaq tələb edilə bilməz. İtkilər, faciələr, didərginlik yaddaşda qalmalıdır. Ancaq ağrıdan nəticə çıxarmaq başqa, onu yeni düşmənçiliyin əsasına çevirmək başqadır. Birincisi insanı müdrikləşdirə bilər, ikincisi isə eyni faciənin başqa adlarla təkrarlanmasına yol açar.

Tarix bəzən xalqların yaddaşı, bəzən də siyasətçilərin əlində əlverişli vasitədir. Keçmişin ağrısını xatırlatmaqla cəmiyyəti səfərbər etmək, qorxunu siyasi dəstəyə çevirmək, uğursuzluğun məsuliyyətini başqasının üzərinə atmaq mümkündür. Belə olanda tarix həqiqəti anlamaq vasitəsi olmaqdan çıxır, siyasi məqsədlərə xidmət etməyə başlayır.

Siyasətçilər niyə öz səhvlərini etiraf etməkdənsə, günahı başqalarının üstünə atmağa üstünlük verirlər? Cavab çətin deyil. Məğlubiyyətin səbəbi düşməndir, uğursuzluğun səbəbi xarici qüvvələr, yanlış qərarların məsuliyyəti isə kiminsə xəyanəti. Beləcə, heç kim özünə sual verməli olmur. Cəmiyyət özünü sorğulamadıqca hakimiyyət də məsuliyyətdən yayınmaq üçün bəhanə tapır. Öz səhvini etiraf etməyən cəmiyyət onu təkrarlamağa məhkumdur.

Hannah Arendtin düşüncələri bu məsələdə yada düşür. İnsan bəzən böyük faciələrin iştirakçısına çevrilir, amma öz hərəkətinin mənasını sorğulamır. Ona deyiləni təkrarlayır, qəbul etdiyi fikirləri həqiqətin özü sayır. Nifrət də belə böyüyür. Qarşısındakını düşmən elan edən insan bir müddət sonra ona qarşı hər cür davranışına bəraət qazandırmağa başlayır. Ən böyük təhlükə də budur: insan özünü haqlı saymaqdan əl çəkmir, amma haqlı olub-olmadığını düşünməyi dayandırır.

Cənubi Qafqazın yaşadıqları bu sualları bizə xüsusilə yaxınlaşdırır. Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda yeni siyasi reallıq yaradıb. İndi əsas məsələ bu reallığın gələcək nəsillər üçün nə vəd edəcəyidir. Ermənistan cəmiyyəti qarşısında da seçim var - keçmişin ağrısını gələcəyin siyasi proqramına çevirmək, yoxsa yeni qarşıdurmaların qarşısını almağa çalışmaq. Revanşist çağırışlar çox vaxt qürur, ədalət və milli ləyaqət sözləri ilə əsaslandırılır. Ancaq sözlərin gözəlliyi nəticələri dəyişmir. İntiqamı siyasi məqsədə çevirəndə yeni müharibə təhlükəsi aradan qalxmır.

Qələbə hər şeyi həll etmir, məğlubiyyət də gələcəyi əbədi olaraq müəyyənləşdirmir. Qalib tərəfin qarşısında əldə olunmuş nəticələri davamlı sülhə çevirmək, məğlub tərəfin qarşısında isə dəyişmiş reallıqla barışaraq gələcəyini yenidən qurmaq vəzifəsi dayanır. Bu, tərəflərin məsuliyyətinin eyni olduğu demək deyil. Tarixi hadisələrin, hüquqi öhdəliklərin və siyasi qərarların özünəməxsus məsuliyyəti var. Ancaq bir həqiqət də var- keçmişin hesabını gələcək nəsillərə saxlayan cəmiyyətlər sülhü qurmaqda çətinlik çəkirlər.

Sülh yalnız imzalarla qurulmur. Razılaşmalar, təhlükəsizlik təminatları, sərhədlərin müəyyənləşdirilməsi, öhdəliklərin yerinə yetirilməsi vacibdir. Amma insanların düşüncəsində müharibə davam edirsə, kağız üzərindəki sülh kövrək qalır. Siyasətçilərin cəmiyyətə hansı mesajları verməsi, tarixi necə təqdim etməsi, hansı fikirləri təşviq etməsi də gələcəyin təhlükəsizliyinə təsir göstərir. Sülh təkcə diplomatiyanın deyil, siyasi məsuliyyətin də məsələsidir.

Dünyanın başqa yerlərində də mənzərə fərqli deyil. Hamı sülhdən danışır, amma çoxları sülhü qarşı tərəfin öz haqlılığını qəbul etməsi kimi başa düşür. İnsan öz həqiqətindən bir addım geri çəkilməyi məğlubiyyət sayanda dialoq çətinləşir. Qarşı tərəfi dinləmək zəiflik, güzəşt isə təslimçilik kimi təqdim olunur. Beləcə, sülh haqqında danışan siyasətçilər bəzən öz sözləri ilə yeni qarşıdurmaların zəminini hazırlayırlar.

Texnologiya da insanı bu düşüncə tərzindən xilas etməyib. İnformasiya saniyələr içində yayılır, yalan bəzən həqiqətdən daha tez diqqət çəkir. İnsan inanmaq istədiyi xəbərə inanır, öz fikrini təsdiqləyən məlumatı qəbul edir, ona zidd faktı isə görməzdən gəlir. Əvvəllər təbliğatın yayılması üçün vaxt və vasitə lazım idi. İndi hər kəs bir neçə saniyə ərzində başqalarının düşüncəsinə təsir edə bilir. Vasitələr dəyişib, insanın zəiflikləri isə elə əvvəlki kimidir.

Stanli Kubrikin “2001: Kosmik səyahət” filmində insanın yaratdığı vasitələrin gücü ilə onlara nəzarət etmək qabiliyyəti arasındakı ziddiyyət diqqət çəkir. Bu gün siyasətə də eyni sualı vermək olar: daha güclü silah daha ağıllı qərar deməkdirmi? Daha çox informasiya daha çox anlayış yaradırmı? Süni intellekt yaratmağı bacaran insan öz qəzəbini idarə etməyi niyə bacarmır?

Bəlkə də tərəqqini yanlış yerdə ölçürük. Elmi kəşflər, kosmik proqramlar, yeni texnologiyalar, əlbəttə, inkişafın göstəriciləridir. Amma bunların heç biri insanın daha ədalətli, daha səbirli və daha məsuliyyətli olduğunu sübut etmir. Siyasətin əsl sınağı güc sahibinin nə etməsindədir. Qalib gələndə qarşı tərəfi alçaldır, yoxsa gələcək üçün yol saxlayır? Haqlı olduğuna inananda belə öz səhvini görməyə çalışırmı? Yoxsa gücünü həqiqətin sübutu sayır?

Bəşəriyyət kosmosu fəth etməyə hazırlaşır, amma hələ də öz daxilindəki qaranlıqla bacara bilmir. Yeni silahlar yaradır, köhnə nifrətlərdən xilas ola bilmir. Dünyanı kiçildir, məsafələri aradan qaldırır, amma insanla insan, cəmiyyətlə cəmiyyət, dövlətlə dövlət arasındakı uçurumu bağlaya bilmir.

İnsan Aya çatdı, atomun quruluşunu öyrəndi, süni intellekt yaratdı. Amma öz qəzəbinə qalib gəlməyi hələ öyrənməyib. Bəlkə də bəşəriyyətin ən böyük kəşfi yeni planet olmayacaq. Əsl kəşf insanın öz haqlılığına şübhə etməyi, gücünün sərhədini tanımağı, düşmən hesab etdiyinin də insan olduğunu unutmamağı öyrənməsidir.

Tarixdən qaçmaq mümkün deyil. Onu unutmaq da çıxış yolu deyil. Əsas məsələ keçmişə necə baxmağımızdır. Tarixi anlamaq, səhvləri etiraf etmək və onları təkrarlamamaq üçün siyasi iradə lazımdır. Əks halda, ən müasir texnologiyalar belə insanı özünün ən qədim ehtiraslarından xilas edə bilməyəcək.

Tarixin ən ağır yükü keçmişdə baş verənlər deyil, həmin keçmişi dəyişməz gələcəyə çevirmək istəyidir. Siyasət tarixin əsirliyindən qurtulmayınca, bəşəriyyət irəli gedəcək, amma insan yenə eyni yerdə büdrəyəcək...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol