Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, iclasda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla vurğulanıb. Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası yüksək qiymətləndirilib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətləri üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolunu imzalayıblar.


Şərhlər