Menu

YENİ DÜNYA NiZAMI UĞRUNDA MÜBARİZƏ: ABŞ seçkiləri nəyi dəyişəcək?

29.10.2026, 12:54
YENİ DÜNYA NiZAMI UĞRUNDA MÜBARİZƏ: ABŞ seçkiləri nəyi dəyişəcək?

Noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilər Donald Trampın prezidentliyinin qalan iki ili üçün ölkənin siyasi mənzərəsini müəyyənləşdirməklə yanaşı, qlobal siyasətə də ciddi təsir göstərəcək. Konqresin hər iki palatasına nəzarətin itirilməsi Trampın siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Səsvermə qismən artıq başlayıb. Bir çox ştatda seçicilərə vaxtından əvvəl səs vermək və ya bülletenləri poçtla göndərmək imkanı verilir. Amma əsas səsvermə günü isə noyabrın 3-üdür.

Seçkilər yaxınlaşdıqca Demokratlar yellənən ştatlardakı (swing states) seçicilərin rəğbətini qazanmaq üçün bütün siyasi arsenallarından maksimum istifadə etməyə başlayıblar. Keçmiş prezident Barak Obamanın Miçiqan və Ohayo kimi rəqabətli ştatlarda kampaniyaya qoşulması da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tramp və Obama qarşılıqlı ittihamlarla çıxış edərək həm iqtisadi siyasəti, həm də İranla müharibəni müzakirə mövzusuna çeviriblər. Miçiqan ştatında Obama senatorluğa namizəd müsəlman siyasətçi Əbdül Əl-Seyidə səs verməyə çağırıb.Tramp Əl-Seyidi cihadçı adlandırıb və deyib ki, Obama səriştəsiz prezident olub, onun əvvəlki prezident seçkilərində dəstəklədiyi namizədlər də uğursuz olublar. Obama da öz növbəsində vurğulayıb ki, Tramp ölkəyə iki illik xaos gətirib və ABŞ-ı heç kimin istəmədiyi və iqtisadi cəhətdən dağıdıcı olan İran müharibəsinə sürükləyib.

Əgər demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar,parlament araşdırmalarına rəhbərlik etmək və Ağ Ev üzərində nəzarəti gücləndirmək imkanı əldə edəcəklər. Onların Senatda da çoxluq qazanmaları Trampın federal vəzifələrə namizədlərinin təsdiqlənməsini çətinləşdirəcək. Demokratlar Trampı veto hüququndan məhrum etmək üçün gərək Senatda üçdə iki səs çoxluğuna nail olsunlar, bu isə yəqin ki, çətin ki, baş tutsun. Demokratlar yalnız bunu Trampın xarici siyasəti ilə qətiyyən razılaşmayan Respublikaçıların köməyi ilə həyata keçirə bilərlər ki, bu da öz növbəsində hətta impiçmentə də yol aça bilər.

Tramp Respublikaçıların hər iki palatada üstünlüyü qoruyacağına, ən pis halda isə Senata nəzarəti saxlayacağına ümid edir.Lakin İranla müharibənin nəticəsiz qalması və iqtisadi vəziyyətin pisləşməsi onun siyasi planlarını poza bilər. Hazırda paradoksal vəziyyət yaranıb: Respublikaçıların mümkün səs itkilərinin səbəbi partiyanın özündən daha çox, Trampın şəxsi siyasəti ilə əlaqələndirilir. Bunu anlayan bəzi Respublikaçılar öz adlarının prezidentlə assosiasiya olunmasını istəmirlər. Rəy sorğuları ənənəvi olaraq Respublikaçıların güclü olduğu Texas, Florida, Cənubi Karolina və Kanzas kimi ştatlarda da rəqabətin kəskinləşə biləcəyini göstərir. Hətta ola bilər ki, Demokratlar bu ştatlardakı qubernator seçkilərində də qalib gəlsinlər.Trampın siyasətindən narazı olan ənənəvi Respublikaçı seçicilərin bir hissəsinin səsverməyə qatılmaması Demokratların şanslarını xeyli yüksəldir.

Yuxarıda qeyd olunduğu kimi Demokratlar hər iki palatada nəzarəti ələ keçirsələr,Trampa qarşı impiçment proseduruna başlamaq cəhdi istisna deyil. Bəlkə də onlar daha fəndgir davranaraq Trampın önümüzdəki prezident seçkilərinə kimi bu sayaq siyasət yürütməsinə və Respublikaçıların zəifləməsinə imkan yaratsınlar.

Qlobalistlər və millətçilər arasında qarşıdurma

ABŞ-da siyasi mübarizəni yalnız Demokratlarla Respublikaçılar arasındakı rəqabət kimi qiymətləndirmək ümumi mənzərəyə dar çərçivədən baxmaq olar. Daha geniş mənzərədə qlobalist-liberal qüvvələrlə milli suverenliyi və sərt dövlət siyasətini ön plana çəkən sağ qüvvələr arasında ideoloji qarşıdurma getdikcə dərinləşir. Bu bölgü mütləq və dəyişməz olmasa da, son 10–15 ildə daha aydın və qabarıq görünür.

Noyabrda Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında mümkün görüş də bu baxımdan diqqət çəkicidir. Bəzi analitiklər bu görüşü yeni Yalta adlandırırlar, amma 1945-ci ildə ABŞ-da siyasi qüvvələrin yekdilliyi vardı və Franklin Ruzveltin ölkə daxilində arxası möhkəm idi. Franklin Ruzveltin ABŞ-dakı mövqeyi ilə Trampın Konqres qarşısındakı siyasi vəziyyətini də eyniləşdirmək olmaz.Əgər Tramp aralıq seçkilərdə ciddi məğlubiyyətə uğrasa, onun beynəlxalq danışıqlardakı mövqeyi zəifləyəcək. Bununla belə,ABŞ prezidentinin xarici siyasət sahəsində geniş icra səlahiyyətləri tamamilə ortadan qalxmayacaq. Heç şübhəsiz ki, üç ölkənin dünyanın gələcəyi ilə bağlı aparacaqları müzakirədə hər şeyin sürətlə həll olunacağı anlamına gəlmir.Ən azından ona görə ki, birincisi, ABŞ və Çin arasında dərin fikir ayrılıqlarının həll olunması xeyli vaxt aparacaq, ikincisi isə bu, Trampın mövqeyinin dayanıqlılığı ilə bağlıdır.

Çin və Avropa amili

Şübhəsiz ki, ABŞ-ın uzunmüddətli strategiyasında əsas rəqib Çindir. Ona görə də Vaşinqton böyük ehtimalla diqqətini və resurslarını Asiya-Sakit okean regionuna yönəldəcək. Çin isə iqtisadi təsirini genişləndirməyə, dünya ticarətində mövqeyini gücləndirməyə və hərbi potensialını artırmağa çalışacaq. Pekin Rusiyanın təbii sərvətlərindən və strateji tərəfdaşlığından faydalanmaqla öz imkanlarını genişləndirmək niyyətindədir.Bu baxımdan ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşündən əvvəl keçiriləcək seçkilər Tramp üçün xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən, ABŞ-ın Avropanın təhlükəsizliyindəki rolunu azaltması Avropa dövlətlərini müdafiə imkanlarını gücləndirməyə sövq edir.Avropanın hərbi potensialını artırması,silahlı qüvvələrini genişləndirməsi və müdafiə sənayesindəki çatışmazlıqları aradan qaldırması vaxt tələb edəcək.Ukrayna ilə hərbi-texniki əməkdaşlıq, hava hücumundan müdafiə sistemlərinin və raket texnologiyalarının inkişafı bu prosesin mühüm istiqamətlərindəndir.

Avropada baş qaldıran küçə iğtişaşlarını da sol-liberal qlobalistlərin siyasi təzyiq üsulu kimi dəyərləndirmək olar. Qərb dünyası gələcəyin necə dizayn olunması məsələsində faktiki olaraq iki yerə parçalanıb.Qlobalistlər Avropanı gələcəkdə geostrateji məkan olmaqla yanaşı, həmçinin güclü iqtisadi və hərbi mərkəzə çevirməyə çalışırlar.ABŞ-ın Kanada ilə ticarət münasibətlərində yaranan gərginlik də Qərb daxilindəki ziddiyyətləri göstərir.Gömrük rüsumları və ticarət məhdudiyyətləri polad, alüminium, avtomobil və meşə sənayesi kimi sahələrə təsir göstərir. Belə addımlar müttəfiqlər arasında iqtisadi münasibətləri mürəkkəbləşdirərək vahid Qərb strategiyasının formalaşdırılmasını çətinləşdirir.

Avropanın siyasi gələcəyi uğrunda mübarizədə isə sağ millətçi qüvvələr - Fransada Marin Le Pen, Niderlandda Gert Vilders,Britaniyada Naycel Farac və Almaniyada Almaniya üçün Alternativ (AfD) kimi siyasi qüvvələr ön plana çıxır.Bununla belə, qlobalistlər və millətçilər arasında mübarizənin nəticəsi tam aydın deyil. Hər iki tərəf rəqibini zəiflətməyə çalışsa da, Avropanın gələcək dünya nizamındakı yeri ilə bağlı vahid və konkret plan hələ ki, yoxdur.

Beləliklə,noyabrın 3-də keçiriləcək seçkilər yalnız ABŞ Konqresindəki mandatların bölüşdürülməsi məsələsi deyil. Bu səsvermə Vaşinqtonun Rusiya,Çin, Ukrayna və Avropa ilə münasibətlərinin gələcək istiqamətini bəlli edəcək. Ümumiyyətlə, ABŞ-ın gələcək siyasətini təkcə prezidentin şəxsi istəyi və idarəsi müəyyənləşdirmir və bu mənada Konqresdəki qüvvələr nisbəti, ölkənin iqtisadi vəziyyəti,böyük dövlətlər arasındakı münasibətlər və ən əsası isə sol-liberal qlobalistlərlə onların antaqonistləri olan sağ millətçilər arasında dərinləşən rəqabət xüsusi yer tutur. Yeni dünya nizamının hansı prinsiplər üzərində qurulacağı isə hələ ki,açıq qalır.


Vaqif Nəsibov

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol