Menu

ZELENSKİ “VƏDİNİ POZDU”... - Ukrayna yenə neft zavodunu vurdu + VİDEO

30.10.2026, 10:52
ZELENSKİ “VƏDİNİ POZDU”... - Ukrayna yenə neft zavodunu vurdu + VİDEO

Bu gün səhər Rusiyanın Samara vilayəti dron zərbələrinə məruz qalıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumatlar və görüntülər yayımlanıb. Monitorinq kanalları zərbə nəticəsində Novokuybışevsk Neft Emalı Zavodunda yanğın baş verdiyini bildirib.

Samara və Novokuybışevskdə partlayış səsləri eşidilib. Hücumun hədəfinin “Rosneft”-in bir hissəsi olan Novokuybışevsk Neft Emalı Zavodu olduğu dəqiqləşib.

Dron təhlükəsi səbəbindən Samara Hava Limanı təyyarələrin gəlişini və yola düşməsini müvəqqəti olaraq məhdudlaşdırıb.

“Astra”-nın məlumatına görə, Novokuybışevsk Neft Emalı Zavodu Rusiya Silahlı Qüvvələri üçün reaktiv yanacaq istehsal edir və 2007-ci ildən bəri “Rosneft” Qrupunun bir hissəsidir. Onun istehsal gücü ildə təxminən 8,8 milyon tondur. Bu neft emalı zavodu Avro-5 avtomobil benzini və dizel yanacağı, reaktiv yanacaq (Rusiya Aerokosmik Qüvvələri üçün), bitum və neft koksu da daxil olmaqla 30-dan çox növdə neft məhsulları istehsal edir. Ona əvvəllər də dəfələrlə hücum edilib. Aprel ayında Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən sonra zavodun hər iki əsas neft emalı qurğusu - AVT-11 və AVT-9 dayandırılıb.

Ötən gecə Ukrayna dronları Bryansk vilayətindəki Starodub şəhərinə də hücum edib. Buradakı “Konservsuşprod” zavoduna zərbə endirilib. Hücumdan sonra zavodun ərazisində böyük yanğın baş verib.

Şirkətin veb saytında qeyd olunur ki, "OAO Konservsuşprod Rusiya Ordusuna konserv məhsulları tədarükçüsüdür" və həmçinin "Rusiya Ordusu" brendinin hüquqlarına malikdir. Zavod əvvəllər 2023 və 2025-ci illərdə zərbələrə məruz qalıb.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Ukrayna Prezidenti Volodimir Zelenskinin Donald Trampın təzyiqləri qarşısında geri çəkildiyi və Rusiya neft zavodlarına zərbələri dayandırdığı barədə məlumat yaymışdı. “The Wall Street Journal” qəzetinin hərbi və diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Kiyev bu addımı Donald Trampın bir neçə həftəlik güclü siyasi təzyiqindən sonra atıb. Məlumatda iddia olunurdu ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin sərt tələblərinə boyun əymək məcburiyyətində qalıb və Ukraynanın Rusiyanın neft emalı infrastrukturuna dron hücumlarının faktiki olaraq dayandırılmasına razılıq verib. 

Doğrudan da artıq bir neçə gün idi ki, Ukrayna neft zavodlarını vurmurdu və daha çox kimya və metllurgiya müəssisələrini hədəf alırdı. Buna baxmayaraq, Rusiya Ukraynanın enerji və mülki infrastrukturuna daha ağır zərbələr endirməklə, o cümlədən Kiyevdəki körpüləri hədəf almaqla əvvəlki xəttindən çəkilmədiyini göstərdi. Təkcə dünən baş verən zərbələr nəticəsində iki 15 yaşlı qız da daxil olmaqla, 20-yə yaxın ukraynalı mülki şəxs raket və PUA zərbələri nəticəsində həlak oldu. Görünür, Ukraynanın Rusiya neft zavodlarına zərbələri bərpa etməsində bu amil də rol oynayıb.

C.Məmmədli

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol