Azərbaycan Mərkəzi Bankı bank sektorunun kartlara gündəlik 5 mədaxil əməliyyatı və aylıq 20 min manat məbləğində limit tətbiq edilməsi barədə qərarını dəstəkləyir.
“AzPolitika” “Marja”ya istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, bu məhdudiyyətlər Mərkəzi Bankın deyil, bank sektorunun birgə qəbul etdiyi qərardır.
“Bu qərarı həm şəxsən, həm də Mərkəzi Bank olaraq dəstəkləyirik”, – deyə Taleh Kazımov vurğulayıb.
Mərkəzi Bankın sədri bildirib ki, əvvəllər bankların kart əməliyyatlarına fərqli yanaşmaları rəqabət baxımından qeyri-bərabər şərait yaradırdı. Bankların vahid mövqedən çıxış etməsi isə tənzimləyici baxımından müsbət haldır. Taleh Kazımovun sözlərinə görə, limitlərin tətbiq edilməsinin əsas səbəblərindən biri kartdan-karta köçürmələrin həddindən artıq artmasıdır.
O bildirib ki, ötən il Azərbaycanda kartdan-karta köçürmələrin həcmi 66 milyard manat təşkil edib. 2026-cı ilin avqust ayına olan göstərici isə 48 milyard manat olub. Mərkəzi Bankın sədri bu qədər yüksək dövriyyənin yalnız vətəndaşların şəxsi köçürmələri ilə izah edilməsinin mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, kartdan-karta əməliyyatların müəyyən hissəsi vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqədardır. Kazımov qeyd edib ki, belə əməliyyatlar bankların üzərinə əlavə monitorinq, təhlil və hesabatlılıq yükü qoyur.
Mərkəzi Bankın sədri bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hər gün beş və daha çox mədaxil əməliyyatı qəbul etməsi normal maliyyə davranışı hesab edilmir.
Onun sözlərinə görə, əməkhaqqı və pensiya ödənişləri bu limitlərə şamil edilmir. Bununla yanaşı, Taleh Kazımov vurğulayıb ki, tətbiq edilən limitlər mütləq qadağa deyil. Müştərilər banka müraciət edərək gündəlik 5 əməliyyat və aylıq 20 min manat limitinin artırılmasını və ya aradan qaldırılmasını tələb edə bilərlər.
Banklar müştərilərin fərdi vəziyyətini və təqdim etdikləri əsaslandırmanı nəzərə alaraq məhdudiyyətləri dəyişdirə bilərlər.
Eyni qayda bir bank məhsulu üzrə yalnız bir kart verilməsi yanaşmasına da aiddir. Müştəri əlavə karta ehtiyacını əsaslandırdıqda bank ikinci kartın verilməsi məsələsinə baxa bilər.
Taleh Kazımov bu məhdudiyyətin tətbiq edilməsinin səbəblərindən birinin yaşlı və pensiyaçı vətəndaşların adlarına əlavə kartların açdırılaraq həmin kartlardan qanunsuz əməliyyatlar üçün istifadə edilməsi olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi şəxslər vətəndaşlara 100–200 manat ödəyərək onların adına kartlar açdırır, daha sonra həmin kartlardan qeyri-qanuni dövriyyələr üçün istifadə edirlər. Mərkəzi Bankın sədri qeyd edib ki, tətbiq edilən limitlərin nağd pul dövriyyəsini artıracağı ilə bağlı narahatlıqlar hələlik özünü doğrultmayıb. Onun sözlərinə görə, avqust və sentyabr ayları üzrə müşahidələr nağd əməliyyatların həcminin artmadığını, əksinə azaldığını göstərir.
Kazımov vurğulayıb ki, qanuni fəaliyyətlə məşğul olan vətəndaşlar üçün bu limitlər ciddi problem yaratmamalıdır.
“AzPolitika.info”


Şərhlər