2026-cı ilin ilk 9 ayında cari xərclər 10.4 faiz artdığı halda, əsaslı xərclər 10.1 faiz azalıb. Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsində 3 milyard 963.6 milyon manat profisit yaranıb. Bununla yanaşı, büdcənin əsaslı xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 820.3 milyon manat azalıb.
"AzPolitika" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29 milyard 311.8 milyon manat, xərcləri isə 25 milyard 348.2 milyon manat təşkil edib.
Büdcə gəlirləri təsdiq edilmiş proqnozdan 787.4 milyon manat və ya 2.8 faiz çox olub. Xərclər isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8 faiz artıb.
Bununla belə, xərclərin strukturunda fərqli dinamika müşahidə olunub.
Belə ki, 2026-cı ilin ilk doqquz ayında əsaslı xərclər 7 milyard 284.7 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövründən 820.3 milyon manat və ya 10.1 faiz azdır.
Eyni zamanda, cari xərclər 1 milyard 567.3 milyon manat və ya 10.4 faiz artaraq 16 milyard 613.7 milyon manata çatıb.
Nəticədə dövlət büdcəsinin ümumi xərclərində cari xərclərin payı 65.6 faiz, əsaslı xərclərin payı isə 28.7 faiz olub.
Hesablamalara əsasən, 2025-ci ilin eyni dövründə cari xərclərin büdcə xərclərində payı təxminən 61 faiz, əsaslı xərclərin payı isə 32.9 faiz təşkil edib.
Beləliklə, bir il ərzində cari xərclərin büdcədəki payı təxminən 4.6 faiz-bənd artıb, əsaslı xərclərin payı isə 4.2 faiz-bənd azalıb.
Qeyd edək ki, hesabat dövründə icmal büdcənin gəlirləri 36 milyard 730.4 milyon manat, xərcləri isə 30 milyard 89.9 milyon manat olub. Nəticədə icmal büdcədə 6 milyard 640.5 milyon manat profisit yaranıb.


Şərhlər