Menu

ORDUYA DÖYÜŞ HAZIRLIĞI ƏMRİ VERDİ... - Kim Çen Inın əsas hədəfi kimdir?

28.10.2026, 18:14
ORDUYA DÖYÜŞ HAZIRLIĞI ƏMRİ VERDİ... - Kim Çen Inın əsas hədəfi kimdir?

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun bölük komandirlərinə tam döyüş hazırığını təmin etməyi tapşırıb. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Kim Çen In qeyd edib ki, bölük komandirlərinin birinci dərəcəli inqilabi tapşırığı bölmənin müharibəyə tam hazır vəziyyətə gətirilməsidir.

Bəs Şimali Koreya liderinin müharibə əmri verməsinin pərdəarxasında hansı məqamlar dayanır? Kim Çen In hansı dövlətlə müharibəyə başlaya bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı tapşırığı Koreya yarımadasında hərbi-siyasi gərginliyin artması fonunda qiymətləndirilməlidir:

"Burada əsas məqam ondan ibarətdir ki, Pxenyan hərbi hazırlıq məsələsini yalnız müdafiə tədbiri kimi deyil, həm də xarici siyasətdə təzyiq və çəkindirmə vasitəsi olaraq istifadə edir. Kim Çen Inın bu bəyanatının arxasında bir neçə strateji məqsəd dayana bilər. İlk növbədə, ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığının genişlənməsinə qarşı güc nümayişi sərgiləmək, Vaşinqtonu mümkün danışıqlarda güzəştlərə sövq etmək və Şimali Koreyanın nüvə dövləti statusunun qəbuluna nail olmaq istəyi diqqət çəkir. Digər tərəfdən, ölkə daxilində ordunun səfərbərliyini gücləndirmək, hərbi rəhbərlik üzərində nəzarəti möhkəmləndirmək və əhalini xarici təhlükə ritorikası ətrafında birləşdirmək də bu siyasətin tərkib hissəsidir. Bununla belə, döyüş hazırlığı haqqında tapşırıq birbaşa müharibəyə başlamaq əmri kimi qiymətləndirilməməlidir".

Politoloqun sözlərinə görə, Şimali Koreyanın hərbi qarşıdurmaya girə biləcəyi əsas dövlət Cənubi Koreyadır:

"Xüsusilə, sentyabrın 21-də demilitarizasiya zonasında baş verən partlayış nəticəsində üç Cənubi Koreya hərbçisinin yaralanması və tərəflər arasında qarşılıqlı ittihamların artması vəziyyətin nə qədər həssas olduğunu göstərir. Seulun hərbi danışıqlar təklif etməsinə baxmayaraq, Pxenyanın sərt mövqeyi sərhəddə lokal silahlı toqquşma ehtimalını gündəmdə saxlayır. Bununla belə, Şimali Koreyanın Cənubi Koreyaya qarşı genişmiqyaslı müharibəyə başlaması ABŞ-ın da münaqişəyə cəlb olunması riskini yaradır. Yaponiya isə ABŞ-ın regiondakı mühüm müttəfiqi kimi mümkün qarşıdurmanın təsirlərinə məruz qala bilər. Hesab edirəm ki, Kim Çen In hazırkı mərhələdə genişmiqyaslı müharibədən daha çox hərbi təhdidlər vasitəsilə regional qüvvələr balansına təsir göstərməyə çalışır. Çünki müharibə Şimali Koreya rejiminin mövcudluğu üçün də ciddi təhlükə yarada bilər. Ən real risk isə əvvəlcədən planlaşdırılan böyük müharibədən daha çox sərhəddə baş verə biləcək hərbi insidentin nəzarətdən çıxaraq daha geniş qarşıdurmaya çevrilməsidir".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol