Menu

İNSANLARI BELƏ TORA SALIRLAR - Dələduzların ən çox istifadə etdiyi üsullar

02.11.2026, 10:50
İNSANLARI BELƏ TORA SALIRLAR - Dələduzların ən çox istifadə etdiyi üsullar

Azərbaycanda dələduzluq halları müxtəlif formalarda özünü göstərir və bu problem artıq yalnız internet üzərindən həyata keçirilən fırıldaqçılıqla məhdudlaşmır. Əmlak alqı-satqısı, işə düzəltmə vədləri, borc münasibətləri, maliyyə əməliyyatları, saxta vasitəçilik və digər sahələrdə vətəndaşların aldadılması halları cəmiyyətdə ciddi narahatlıq doğurur.

Azərbaycanda dələduzluğun geniş yayılmasına hansı amillər təsir edir və bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Dələduzluq hallarının artmasının əsas sosial, iqtisadi və hüquqi səbəbləri hansılardır?

Dələduzluq hallarının miqyasını qiymətləndirərkən rəsmi statistik göstəricilərlə yanaşı, bu cinayətlərin latent xarakter daşıdığını da nəzərə almaq lazımdır. Belə ki, aldadılan şəxslərin heç də hamısı hüquq-mühafizə orqanlarına müraciət etmir. Bəzi vətəndaşlar itirdikləri məbləğin az olduğunu düşündükləri üçün şikayət etmirlər, digərləri isə məhkəmə və istintaq prosesinin uzun çəkəcəyindən ehtiyatlanaraq məsələni ictimailəşdirməkdən çəkinirlər. Nəticədə qeydə alınan cinayətlərin sayı dələduzluğun real miqyasını tam əks etdirməyə bilər.

Digər tərəfdən, dələduzluğun törədilmə üsulları da dəyişir. Əvvəllər daha çox şəxsi tanışlıq və etibardan istifadə etməklə həyata keçirilən bu əməllər indi sosial şəbəkələr, saxta elanlar, onlayn satış platformaları və elektron ödəniş vasitələri üzərindən də geniş yayılma imkanı qazanıb. Xüsusilə vətəndaşların bank kartı məlumatlarını, təsdiq kodlarını və şəxsi məlumatlarını əldə etməyə yönəlmiş üsullar ciddi risk yaradır. Belə hallarda dələduzlar özlərini bank əməkdaşı, dövlət qurumunun nümayəndəsi və ya tanınmış şirkətin təmsilçisi kimi təqdim edərək insanların etibarından yararlanırlar.

Problemin sosial-iqtisadi tərəfi də diqqətdən kənarda qalmamalıdır. İşsizlik, maddi çətinliklər, borc ehtiyacı və qısa müddətdə gəlir əldə etmək istəyi bəzi vətəndaşları real olmayan vədlərə inanmağa sövq edir. İşə düzəltmək, yüksək qazanc gətirən investisiya təklifləri, güzəştli kredit vədləri və ucuz əmlak elanları bu baxımdan dələduzların istifadə etdiyi vasitələr sırasındadır. İnsanların hüquqi və maliyyə savadlılığının kifayət qədər olmaması da belə halların qarşısının alınmasını çətinləşdirən amillərdəndir.

Eyni zamanda, dələduzluq faktları ilə bağlı müraciətlərin araşdırılması və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində institusional mexanizmlərin səmərəliliyi artırılmalıdır. Vətəndaşlar da hər hansı şübhəli halla qarşılaşdıqda yazışmaları, ödəniş qəbzlərini, müqavilələri və digər sübutları saxlamalı, hüquq-mühafizə orqanlarına vaxtında müraciət etməlidirlər.

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas Emil Nuriyev deyib ki, dələduzluq etibardan sui-istifadə edərək şəxsin aldadılması və onun əmlakının ələ keçirilməsindən ibarətdir.

Onun sözlərinə görə, son illər dələduzluğun müxtəlif yolları barədə məlumatlar yayılır: “Qeyd etmək istərdim ki, dələduzluq hallarından qorunmaq üçün maariflənmək lazımdır. Belə ki, dələduzluq yolu ilə əmlak əldə edən şəxslər adətən aldadılan şəxsin inam və etibarını qazanır, sonradan öz niyyətini həyata keçirir. Məsələn, kimsə işsizdir və onun iş axtarışında olduğunu bilən bir şəxs müxtəlif vədlər verərək işə düzəldəcəyini və bunun qarşılığında pul lazım olduğunu bildirir. Bir çox hallarda işə düzəlmək istəyən şəxs verilən vədlərə aldanır və maddi zərərə məruz qalır. Başqa bir halı da qeyd edim. Məsələn, təmir üçün bir şəxs xidmətlər təklif edir. Ödəniş alıb cüzi bir iş görür sonra telefonuna zəng çatmır. Sonradan müəyyən olunur ki, həmin şəxsdən eyni qaydada çox adam maddi zərər görüb. Beləliklə çox sayda dələduzluq hallarını sadalamaq olar”.

Hüquqşünas əlavə edib ki, dələduzluq hallarından qorunmaq üçün yuxarıda sadaladığım kimi işə düzəltmək vədinə aldanmasınlar: “Təmir işləri sifariş edən zaman reputasiyası müsbət olan podratçı şirkətlərə müraciət etsinlər. Özlərinə məxsus olan fərdi təsdiq kodlarını, bank kartı və parollarını kənar şəxslərə bildirməsinlər. Əməlində dələduzluq cinayətinin tərkib hissəsi olan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.

Bir daha qeyd etmək istərdim ki, belə hallardan qorunmaq üçün maariflənmək və verilən vədlərə aldanmamaq vacibdir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol