Menu

İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR

02.11.2026, 10:19
İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR

İrandan Azərbaycana keçməyə cəhd edən və sərhədçilərə silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Bu barədə "AzPolitika"ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

"Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmiş və sərhəd pozucusu zərərsizləşdirilib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol