“Bakı Metropoliteni” QSC-nin “28 May” və “Nizami” stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.
“AzPolitika” xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov danıçıb.
Onun sözlərinə görə, Bakı metrosunun “28 May” və “Nizami” stansiyaları arasında inşa olunan iki yeni tuneldə qazıntı işləri davam edir. Tunellərdən birində mürəkkəb geoloji şəraitlə üzləşilsə də, layihənin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.
"Hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işləri plana uyğun aparılır. İşlərin tamamlanması üçün 11 ay müddət nəzərdə tutulmuşdu. Artıq iki aydan bir qədər çox vaxt keçib. Tunellərdən birində 40 metrdən artıq, digərində isə 30,5 metr məsafədə qazıntı işləri tamamlanıb.
Tunellərdən birində mürəkkəb geoloji və hidrogeoloji şəraitlə qarşılaşmışıq. Buna baxmayaraq, işlər plan üzrə davam edir. Hazırkı vəziyyət xətlərin birləşdirilməsini vəd etdiyimiz müddətdə başa çatdırmağa imkan verir”, – deyə B.Məmmədov vurğulayıb.
Qeyd edək ki, avqustun 15-dən “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bununla əlaqədar “28 May–Nizami” stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Nəticədə paytaxtda sərnişindaşıma ilə bağlı ciddi narahatlıq və gecikmələr yaranıb.


Şərhlər