Menu

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə - Deputatın YAZISI

19.09.2026, 15:33
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə - Deputatın YAZISI

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, xalqın milli yaddaşında və dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıcı kimi əbədiləşir. 20 Sentyabr da məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, uzun illər işğal altında qalmış torpaqlarımızda dövlət bayrağımızın yenidən dalğalanmasının və həmin ərazilərdə həyatın bərpasının rəmzinə çevrilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət, Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla xalqımızın onilliklər ərzində gözlədiyi tarixi ədalət bərpa edilib, Qarabağın bütün şəhər və kəndlərində Azərbaycan dövlətinin suverenliyi təmin olunub.

Bu tarixi reallığın mühüm rəmzlərindən biri Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığıdır. Azərbaycan Prezidentinin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib.

Dövlət bayrağının ucaldığı tarixi şəhərlər

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfəri və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xalqımız üçün böyük tarixi hadisəyə çevrildi.


Xankəndidə üçrəngli bayrağımızın ucaldılması Azərbaycan xalqının onilliklər ərzində gözlədiyi tarixi anlardan biri oldu. Həmin gün Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan Bayrağının dalğalanması bu torpaqların ölkəmizin ayrılmaz hissəsi olduğunun əyani təcəssümü idi.

Xüsusilə Xocalının azadlığı xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. Xocalı bu gün Azərbaycan Bayrağının dalğalandığı, bərpa olunan və sakinlərinin doğma yurda qayıtdığı şəhərdir. Bu, tarixi ədalətin bərpasının mühüm göstəricisidir.

Xankəndidə yeni inkişaf mərhələsi

Xankəndinin azad olunması şəhərin Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni və təhsil həyatına yenidən inteqrasiyası üçün geniş imkanlar yaradıb.

Qarabağ Universitetinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Universitetin fəaliyyəti regionda ali təhsil ənənələrinin bərpasına, gənclərin Qarabağda təhsil almasına və yeni inkişaf mərhələsi üçün yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.

Xankəndinin dirçəlişinin mühüm rəmzlərindən biri də idman sahəsində baş verən tarixi hadisədir. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndi şəhərində keçirdi. Bu qarşılaşma 30 ildən artıq fasilədən sonra işğaldan azad edilmiş ərazilərdə keçirilən ilk rəsmi futbol oyunu kimi tarixə düşdü.

Bundan əvvəl - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu tarixi tədbir Azərbaycanın hərbi qüdrətinin və dövlət suverenliyinin nümayişi oldu.

Ağdərənin yenidən rayon kimi təşkili

Qarabağda aparılan quruculuq prosesinin mühüm nəticələrindən biri də Ağdərə rayonunun yenidən yaradılmasıdır. Azərbaycan Respublikasının Milli Məclisinin 5 dekabr 2023-cü il tarixli Qanunu ilə mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb.

Ağdərə rayonunun yenidən təşkili azad edilmiş ərazilərin gələcək inkişafının və idarə olunmasının hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addımdır.

Prezident İlham Əliyevin səfərləri – dirçəliş prosesinin mühüm göstəricisi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xankəndiyə, Xocalıya, Xocavəndə və Ağdərəyə səfərləri həmin ərazilərdə aparılan bərpa və quruculuq prosesinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu göstərir.

Bu səfərlər zamanı yeni layihələrin təməli qoyulur, görülən işlərlə tanışlıq keçirilir, sosial və iqtisadi obyektlər istifadəyə verilir, sakinlərlə görüşlər keçirilir və qarşıda duran vəzifələr müəyyənləşdirilir.

Bu gün həmin şəhərlərdə aparılan işlər Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu yeni hədəflərin - bərpa, quruculuq, Böyük Qayıdış və davamlı inkişafın real nəticələrini nümayiş etdirir.

Zəfərdən dirçəlişə

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixində yeni mərhələnin rəmzidir. Bu gün bir tərəfdən dövlət suverenliyimizin tam bərpasını, digər tərəfdən isə azad edilmiş ərazilərimizdə həyatın yenidən qurulmasını ifadə edir.

2020-ci ilin Zəfəri Azərbaycanın hərbi gücünü və milli iradəsini nümayiş etdirdisə, 2023-cü ilin sentyabr hadisələri ölkəmizin suverenliyinin tam bərpasını təmin etdi. Bu gün isə həmin tarixi Zəfərin nəticələri şəhər və kəndlərin yenidən qurulmasında, insanların doğma torpaqlarına qayıdışında, təhsil və sosial infrastrukturun yaradılmasında öz əksini tapır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün keçmişlə gələcəyin qovuşduğu məkanlardır. Bu şəhərlərdə dalğalanan Azərbaycan Bayrağı xalqımızın tarixi yaddaşının, dövlətimizin suverenliyining və gələcəyə inamının rəmzidir.

20 Sentyabrın hər il qeyd olunması həm də Zəfər tariximizin gələcək nəsillərə çatdırılması, azad edilmiş torpaqlarda qurulan yeni həyatın və Böyük Qayıdışın əhəmiyyətinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız tarixi Zəfərin ünvanları deyil, Azərbaycanın gələcəyə hesablanmış inkişafının, Böyük Qayıdışın və quruculuq salnaməsinin mühüm səhifələridir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol