Menu

AZƏRBAYCANLI ALİMƏ BÖYÜK ETİMAD - Məmmədov yenidən ÜTHA-nın baş katibi seçilldi

18.09.2026, 11:56
AZƏRBAYCANLI ALİMƏ BÖYÜK ETİMAD - Məmmədov yenidən ÜTHA-nın baş katibi seçilldi

Tibb elmləri doktoru, hüquq elmləri doktoru, professor Vüqar Məmmədov Ümumdünya Tibbi Hüquq Assosiasiyasının (WAML – World Association for Medical Law) baş katibi vəzifəsinə yenidən seçilib. 

"AzPolitika" xəbər verir ki, qərar 2026-cı ilin avqustunda Belçikanın Antverpen şəhərində keçirilən Ümumdünya Tibbi Hüquq Assosiasiyasının 30-cu Dünya Konqresində qəbul olunub.

Vüqar Məmmədovun yenidən bu vəzifəyə seçilməsi onun WAML-ın rəhbər orqanlarında uzun illər ərzində apardığı fəaliyyətin davamıdır. O, 2008-ci ildən Assosiasiyanın üzvüdür, 2012-ci ildən isə WAML-ın İdarə Heyətinin tərkibində yer alır. Müxtəlif illərdə xəzinədar, birinci vitse-prezident və Təhsil Komitəsinin sədri vəzifələrində çalışıb. 2024-cü ildə isə Assosiasiyanın baş katibi seçilib.

Ümumdünya Tibbi Hüquq Assosiasiyası 1967-ci ildə Belçikada yaradılıb. Təşkilat tibbi hüquq, məhkəmə və klinik təbabət, bioetika və insan hüquqları sahələrində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir. Antverpendə keçirilən konqresdə 70 ölkədən nümayəndələr iştirak edib. Onların arasında Azərbaycandan 24 mütəxəssis də olub.

Vüqar Məmmədovun peşəkar fəaliyyəti tibbi hüquq, məhkəmə təbabəti, bioetika və insan hüquqları ilə bağlıdır. Son illərdə onun fəaliyyət istiqamətlərinə əlillik və reabilitasiya sahələri də əlavə olunub. O, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlillik, reabilitasiya və köməkçi texnologiyalar məsələləri üzrə milli koordinator və məsləhətçi kimi əməkdaşlıq edib. Həmçinin ÜST-nin Avropa Regional Ofisinin Kopenhagen şəhərində yerləşən ofisinin Disability and Health Technical Advisory Group qrupunun həmsədri olub.

Məmmədov 2023-cü ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyində sosial müdafiə və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət sektorunda fəaliyyət göstərir. Hazırda o, Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutur.

Azərbaycan nümayəndəsinin beynəlxalq peşəkar təşkilatda rəhbər vəzifəyə yenidən seçilməsi ölkənin tibbi hüquq, bioetika və səhiyyə sahəsində insan hüquqlarının müdafiəsi ilə bağlı qlobal ekspert dialoqunda iştirakının artmasını əks etdirir.

Professor Məmmədov beynəlxalq peşəkar fəaliyyət çərçivəsində UNESCO, UNICEF, FAO, UNDP, UNODC və Beynəlxalq Cinayət Məhkəməsi ilə geniş əməkdaşlıq təcrübəsinə malikdir. O, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Prokuror Ofisində məhkəmə təbabəti üzrə dəvətli professor kimi çalışıb. Həmçinin Silk Road Forensic Consortium (Çin), Beynəlxalq Məhkəmə Ekspertizası Assosiasiyası (İran) və Avropa Səhiyyə Hüququ Assosiasiyasının (EAHL) vitse-prezidenti və idarə heyətinin üzvü olub.

Vüqar Məmmədovun WAML çərçivəsində fəaliyyətində Azərbaycanın Assosiasiyanın işində iştirakının genişləndirilməsi və ölkənin beynəlxalq peşəkar ictimaiyyətdə rolunun gücləndirilməsi xüsusi yer tutur.

Azərbaycanın WAML ilə əməkdaşlığında mühüm səhifələrdən biri 2017-ci ildə Bakıda keçirilmiş Ümumdünya Tibbi Hüquq Assosiasiyasının 23-cü Dünya Konqresi olub. Bu, Assosiasiyanın postsovet məkanında keçirilən ilk konqresi idi. Tədbirdə 51 ölkədən 400-dən çox nümayəndə iştirak edib. Konqres Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini qazanıb.

Konqres çərçivəsində Mehriban Əliyevaya tibbi hüququn, bioetikanın və multikulturalizmin inkişafına verdiyi töhfəyə görə WAML-ın “50th Golden Anniversary Award” xüsusi mükafatı və Assosiasiyanın fəxri diplomu təqdim edilib.

Sonrakı illərdə Məmmədov Ümumdünya Tibbi Hüquq Assosiasiyasının Tokio, Təl-Əviv, Vilnüs və İstanbulda keçirilən dünya konqreslərinin elmi proqramlarında da iştirak edib.

Hazırda Azərbaycan 2028-ci ildə Bakıda WAML-ın 32-ci Dünya Konqresinin keçirilməsi üçün müraciət edib. Müraciət Pasha Travel şirkəti tərəfindən hazırlanıb və hazırda WAML-ın İdarə Heyətinin baxışındadır. Assosiasiyanın növbəti, 31-ci Dünya Konqresi 2027-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.

Konqres və WAML haqqında əlavə məlumatı Assosiasiyanın internet səhifələrindən əldə etmək mümkündür: WAML-ın rəsmi internet səhifəsi, WAML üzvlük portalıAntverpen Konqres Bürosunun 30-cu Dünya Konqresi haqqında səhifəsi.

Elman

"AzPolitika.info"





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol