Şəmsəddin Əliyev
Hüquqşünas, publisist
“Həyatımız "Domino nəzəriyyəsi"dir. Tək bir hərəkət, zəncirvari şəkildə saysız-hesabsız insanların taleyinə təsir göstərə bilir”.
Amerika yazıçısı Çarlz Tabbın “Su üzərindəki budaqlar” əsərindən.
Həyatda bəzən başlanğıcda əhəmiyyətsiz görünən hadisələrə göz yumulduqda, daha ağır nəticələrin şahidi oluruq. Birinci hadisə ikinciyə, ikinci üçüncüyə və s. səbəb olduqda əks-səda doğuracaq bir hadisə baş verir. Bu, “Domino nəzəriyyəsi”nin mahiyyətinə xasdır. Yəni, domino daşlarının bir-birinin ardınca aşması ilə hadisələr zəncirvari xarakter daşımağa başlayır. Fizika elminə uyğun şərh etsəm, məcburedici qüvvənin dəyişmə tezliyi cismin məxsusi rəqs tezliyinə uyğun gəldikdə, bu zaman cisim ən böyük təsirə məruz qalır.
Hüququn sahələrinə aid ifadə etsəm, kiçik hüquqpozmalara göz yumulduqca, ağır hüquqpozmalara psixoloji zəmin hazırlanır və cəzasızlıq mühiti təkrar və daha ağır ictimai təhlükəli əməllərin baş verməsini şərtləndirir.
Burada real təhlükə törədilən az ictimai təhlükəli əməldə deyil, həmin əməlin cəmiyyətdə baş verə biləcək ağır hadisələrlə bağlı mesajındadır. İradəsi zəif “Cəza yoxdur”, - deyə düşünənlər də ictimai münasibətlərə zidd davranacaqlar. Sadəlövh düşüncə tərzi nəticəsində qüvvədə olan hüquq normalarının çəkisi və nüfuzu zəifləyər, digər oxşar hərəkətlərin törədilməsi üçün maneəsiz dəhliz açılar.
“Hamı belə edirsə, mən niyə etməyim?” fikri bir növ imperativləşər. Tədbir görülmədikcə, göz yumulduqca belə “güzəşt”lər adiləşər. Adiləşən hüquqpozma isə zaman keçdikcə sistemli problemə çevrilər və hakimiyyətin sütunlarına etimadsızlıq yarada bilər. Bu, "domino effekti"nin təhlükəli modelidir.
Hamılıqla tanınan beynəlxalq normaların, BMT TŞ-nin Azərbaycan haqqında qəbul etdiyi 4 Qətnamənin uzun illər icraya yönəlməməsi və ya bəzi liderlər haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbslə bağlı orderlərinin icraya yönəlməməsi də "Domino" nəzəriyyəsinə xas olaraq beynəlxalq təşkilatlara və şəxslərə etimadsızlıq yaradır, onlara inamı azaldır.
Hüquq sistemində ən təhlükəli mesajlardan biri cəzasızlıq mühitidir. Şəxsin hərəkət və hərəkətsizliyinə görə məsuliyyətə cəlb olunmaması ətrafda belə fikirlər yaradır: “O belə edirsə, mən niyə etməyim?”. “Əgər o, məsuliyyətə cəlb olunmursa...” Beləliklə, ictimai davranış qəlibdən çıxıb, ümumi marağa qarşı kurs götürür.
Ümumilikdə dövlət qulluğunda çalışanlara etimad göstərilməsi və sonradan etimadın itirilməsi bir gündə yaranmır və bir gündə də itmir. Bir ədalətsiz qərarla ictimai etimadsızlıq hallarının inkişafına şans verilir. Ona görə də Nobel mükafatına layiq görülən alimlər BMT-dən tutmuş, istənilən dövlət və hakimiyyət orqanlarının idarəçiliyində insan və vətəndaş hüquq və azadlıqlarına zidd qəbul edilən hər hansı bir yanlış aktın bütün bəşəriyyət əleyhinə olduğunu vurğulayırlar. Dəyərsiz aktlar sayəsində bəşəri problemlər qloballaşır. 30 il ərzində biz bunun şahidi olduq!
"Domino nəzəriyyəsi" sadə görünsə də, siyasi sahədə, beynəlxalq münasibətlərdə, hərbdə, iqtisadiyyatda və hətta cəmiyyətin inkişafı sahəsində istifadə olunan çox maraqlı bir anlayışdır. Bu nəzəriyyəyə görə, bir hadisənin və ya bir sistemdə baş verən dəyişikliklərin ardıcıl şəkildə başqa hadisələrə səbəb ola biləcəyi diqqətə çatdırılır. Ad domino daşlarından götürülüb. Daşlar dik düzülür və birinci daş yıxıldıqda, ona toxunan ikinci, sonra üçüncü, dördüncü və s. daşlar mütləq yıxılır. Tarixi mənbələrdə bu konsepsiya ilk dəfə ABŞ dövlət katibi Foster Dalles tərəfindən hazırlanmışdır. (Domino isə İtaliyada icad edilib. İtaliya hersoqlarının sarayında domino yarışlarının keçirilməsi barədə məlumatlar da var).
Siyasi mənada isə bir ölkədə baş verən hadisələr qonşu ölkələrdə də eyni prosesin baş verməsinə təsir edə bilər. Bu anlayış ABŞ-nin kommunizmin yayılması ilə bağlı xarici siyasətində xüsusi yer tutub.
Nəzəriyyə 1950-ci illərdə ABŞ-nin siyasi-strateji düşüncəsində SSRİ-yə qarşı formalaşmışdır. ABŞ rəhbərliyi Sovet İttifaqının və onun kommunist ideologiyasının dünyada genişlənməsindən çox narahat idi. 1954-cü ildə ABŞ prezidenti olmuş Duayt Eyzenhauerə görə, əgər bir ölkə kommunist sisteminə keçərsə, qonşu ölkələrə təsiri artar, onlar da kommunist rejiminə keçə bilər. Nəticədə bütöv bir region ABŞ və Qərbin təsir orbitindən çıxacaq...
Mənbələrə görə, ABŞ prezidenti Duayt Eyzenhauer Cənub-Şərqi Asiya haqqında danışarkən məşhur “domino prinsipi” ifadəsindən istifadə edib. Sonradan domino nəzəriyyəsi Vyetnam müharibəsinin ideoloji və siyasi əsaslandırılmasında mühüm rol oynayıb. O zaman ABŞ hesab edirdi ki, əgər Cənubi Vyetnam kommunist qüvvələrinin – SSRİ-nin nəzarətinə keçərsə, bunun ardınca Şimali Vyetnam, Laos, Kamboca, Tailand və digər Cənub-Şərqi Asiya ölkələri bu ittifaqın təsir dairəsinə keçə, zəncirvari proses yarana bilər.
Yəni, məsələ yalnız bir ölkənin taleyi olaraq qəbul edilmirdi, bütün regionun geosiyasi istiqamətinin dəyişməsi kimi qiymətləndirilirdi. Bu düşüncə ABŞ-nin Vyetnamda uzunmüddətli hərbi və siyasi iştirakının əsas arqumentlərindən birinə çevrilmişdi. Lakin tarix göstərdi ki, reallıq domino daşlarının mexaniki şəkildə, bir-birinin ardınca yıxılması qədər sadə deyilmiş...
Vyetnamda müharibənin xarakteri ABŞ üçün əlverişsiz idi. ABŞ klassik texnologiya ilə döyüşü udmağa inanırdı. Vyetnam isə partizan müharibəsindən istifadə edirdi. Vyetnamlılar yüksək motivasiya ilə xarici müdaxiləyə qarşı döyüşürdülər. ABŞ Cənubi Vyetnamdakı hökumət müttəfiqlərinə hərbi yardım etsə də, alınmadı. İctimai narazılıq da ABŞ-a qarşı artmaqda davam edirdi. Vyetnama xarici dəstəyi SSRİ və Çin göstərirdi. ABŞ daxilində müharibəyə qarşı etirazlar artdıqca, müharibə aparmaq üçün siyasi iradə tükənirdi...
1973-cü ildə ABŞ qüvvələrinin əsas hissəsi Vyetnamdan çəkilməli oldu. ABŞ-nin müharibədə məğlub olmasında general, Vyetnam Milli Azadlıq hərəkatının lideri, Cənubi Vyetnamla Şimali Vyetnamın birləşməsinə cani-dildən çalışan Xo Şi Minin böyük rolu oldu. 2 sentyabr 1969-cu ildə 79 yaşında vəfat edən Xo Şi Min 1975-ci ildə Vyetnamın tam birləşməsini və Vyetnam Sosialist Respublikasının yaradılmasını görmədi...
"Domino nəzəriyyəsi" yalnız kommunizmlə bağlı olmamışdır. Bu gün “domino effekti” anlayışı daha geniş siyasi, iqtisadi, bank, maliyyə və sosial sahələrdə istifadə olunur. Bir ölkədə başlayan maliyyə böhranı başqa ölkələrə də yayılır. Coğrafiyası genişlənən bank və kredit böhranı, şirkətlərin iflası, işsizlik, sosial narazılıq və siyasi böhran bu anlayışın törəməsi sayılır.
Süni intellektin eskalasiyası böyüdükcə daha nələrin, ağlasığmaz halların şahidi olacağımıza inanın! Bu mənada “birinci hadisədən sonra nə baş verə biləcək?” sualının cavabını öncədən bilmək çətin deyil.
Cinayətkarlığın öyrənilməsində də bu modeldən istifadə olunub. Ailə nəzarətinin zəifləməsi, uşağın məktəbdən yayınması, davranışa sosial çevrənin təsiri, narkotik və ya digər riskli davranış və xırda hüquq pozuntuları daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Bu, əlbəttə, hər bir cəmiyyət üçün qaçılmaz ssenari deyil. Amma risklərin bir-birinə dəstəyi analitik model kimi xeyrimizə işləmir. Domino nəzəriyyəsinin ən mühüm siyasi nəticəsi böyük böhranların qarşısını bəzən sonuncu mərhələdə deyil, ilk domino daşının qarşısında almağın mümkünlüyüdür. Yəni problem böyüdükdən sonra onun nəticələri ilə mübarizə aparmaq çətin, doğuran səbəb və şəraiti öncədən müəyyən etmək isə daha təəssüf doğuran təəssürat yaradır.
Müasir yanaşmada "domino effekti" ehtimala söykənir, taleyin ağ lövhədə, ağ mürəkkəblə əxz edilən qədəri deyil. Dövlətlərin və cəmiyyətlərin çevik reaksiyası, institusional güc və düzgün idarəetmə sistemi həmin zənciri dayandıra bilər. Beynəlxalq münasibətlərin keçmiş və müasir tarixində bəzi mövcud nəzəriyyələr həmişə müəyyən bir dövrün siyasi hadisələri kimi dövlətlərin daxili və xarici siyasətinə də təsir edir. "Domino nəzəriyyəsi" belə konsepsiyalardan biri kimi siyasi təəssürat bəxş edir.
Soyuq müharibə dövrlərində kommunizmin dünyada yayılması təhlükəsinə sədd çəkmək üçün istifadə olunan bu nəzəriyyənin mahiyyəti bir geosiyasi məkanda baş verən hadisənin digər dövlətlərə də təsir göstərə, yeni siyasi, iqtisadi və təhlükəsizlik reaksiyaları doğura biləcəyindən ibarət idi. Bu mənada, Cənubi Qafqaz XXI əsrin "domino məntiqi"nin xüsusilə həssas olduğu regionlardan biridir, - desəm səhv etmərəm. Çünki burada böyük dövlətlərin maraqları, enerji və nəqliyyat xətləri, regional təhlükəsizlik, milli suverenlik və yeni geosiyasi reallıqlar bir-biri ilə üzvi şəkildə əlaqəlidir. Cənubi Qafqazı bir-birindən təcrid olunmuş dövlətlər coğrafiyası kimi təsəvvür etmək mümkün deyil. Azərbaycan, Ermənistan və Gürcüstanda baş verən mühüm siyasi dəyişikliklər regionda vəziyyəti dəyişə, sabitliyi poza bilər. Eyni zamanda, regionun taleyinə Rusiya, Türkiyə, İran, ABŞ və Avropa dövlətlərinin maraqları da təsir göstərir.
Bu gün Azərbaycan Xəzər hövzəsi ilə Avropa arasında enerji və nəqliyyat əlaqələrinin mühüm elementlərindən biri kimi tanınır. Ölkənin Türkiyə ilə strateji tərəfdaşlığı, Avropa ilə enerji əməkdaşlığı, Mərkəzi Asiya ilə nəqliyyat əlaqələri və regionda yaratdığı yeni kommunikasiya imkanları onun geosiyasi çəkisini artırır. Bu səbəbdən Azərbaycanda sabitlik Azərbaycanın daxili məsələsi kimi qiymətləndirilə bilməz. Ölkə daxilində hökm sürən sabitlik - regional nəqliyyatın təhlükəsizliyi, enerji marşrutlarının davamlılığı, iqtisadi əlaqələrin qorunması və daha geniş regional sabitliyin təmin olunması ilə xarici və daxili siyasətin uğuru, düşünülmüş diplomatiyanın nəticəsidir.
Məhz buna görə, Azərbaycanın təhlükəsizliyi regional təhlükəsizliyin mühüm sütunlarından biri sayılır. Azərbaycan və Türkiyə arasındakı münasibətlər Cənubi Qafqazın geosiyasi arxitekturasında xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlər yalnız ikitərəfli siyasi əlaqələrdən ibarət deyil. Enerji, müdafiə, nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq daha geniş regional nəticələrə dayaq olur. Bu mənada, Azərbaycan–Türkiyə əməkdaşlığı regionda domino prosesinin qarşısını ala biləcək sabit amil kimi qiymətləndirilir. Güclü strateji tərəfdaşlıq təhlükəsizlik risklərini azaltmağa, iqtisadi əlaqələri dərinləşdirməyə, nəqliyyat imkanlarını genişləndirməyə, enerji təhlükəsizliyini möhkəmləndirməyə, regional əməkdaşlıq üçün əlavə imkanlar yaratmağa dəstək verir. Deməli, "domino nəzəriyyəsi"nin mənfi ssenarisinə qarşı yalnız müdafiə mexanizmləri deyil, birgə əməkdaşlıq mexanizmləri də önəm verir.
Azərbaycan və Ermənistan münasibətlərində son illərdə sərgilənən yeni siyasi reallıq "domino nəzəriyyəsi"nin reallaşması səbəblərini tarixin arxivinə atır. Regionda davamlı sülh və qarşılıqlı etimad formalaşdıqca region üçün arzuolunmaz hadisələrə sədd çəkir. İki ölkənin xalqları arasında davamlı sülh, əminlik, sərhədlərin təhlükəsizliyi, nəqliyyat əlaqələrinin genişlənməsi, iqtisadi əməkdaşlıq faktoru, regional inteqrasiya kimi domino effektinin müsbət yöndə inkişafına təsir edəcəyinə inanıram.
Əksinə, əgər yeni qarşıdurma - gərginlik, sərhəd təhlükəsizliyi problemi, nəqliyyat riskləri, iqtisadi qeyri-müəyyənlik halları və xarici qüvvələrin fəal müdaxiləsi nəzarətdən çıxarsa, domino zəncirinin həlqələri arta bilər. Yəni, regionda sülh yalnız müharibəyə “yox” demək deyil, həm də müsbət "domino prosesi"nin başlanğıcı təəssüratını yaratmaqla ümumi marağa töhfə verəcəyinin reallaşmasıdır.
Rusiya faktoru da Cənubi Qafqazın tarixi və geosiyasi reallığında mühüm yer tutur. Azərbaycan üçün əsas məsələ müxtəlif güc mərkəzləri arasında münasibətləri milli maraqlar əsasında balanslaşdırmaq və dövlət suverenliyini qorumaq, xarici siyasət sahəsində əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.
Əgər dövlət bir xarici güc mərkəzindən asılı vəziyyətə düşərsə, onun strateji manevr imkanları da yaxın gələcəkdə məhdudlaşa bilər. Azərbaycanın cənub qonşusu İran da regional geosiyasi proseslərin mühüm iştirakçısıdır. Azərbaycan–İran münasibətlərində qarşılıqlı maraqların mövcudluğu ilə yanaşı, təhlükəsizlik və regional rəqabətlə bağlı həssas məsələlər də mövcuddur. Burada əsas strateji prinsiplərdən ən mühümü hər iki xalq üçün əhəmiyyət kəsb edən qarşıdurmanın zəncirvari inkişafına imkan verməməkdir.
Kiçik bir siyasi anlaşılmazlıq siyasi vəziyyəti dəyişə, iqtisadi münasibətləri zəiflədə, sərhədin təhlükəsizliyi məsələlərində və regionda diplomatik gərginliyi artıra bilər. Bu mənada, rasional diplomatiyanın əsas məqsədi ilk “domino daşının” hərəkətə keçməsinin qarşısını almaqdır.
ABŞ və Avropa dövlətlərinin Cənubi Qafqaza marağı regional sabitlik və geosiyasi rəqabət kontekstində artmaqda davam edir. Azərbaycan üçün burada mühüm prinsip çoxvektorlu əməkdaşlıq imkanlarını qorumaqdır.
Nəqliyyat dəhlizləri üçün yaşıl işıq dövlətlərin geosiyasi əhəmiyyətini dəyişir, nəqliyyat, ticarət, investisiya, iqtisadi qarşılıqlı asılılıq və siyasi əməkdaşlıq yaradır. Bu, domino effektinin müsbət modelidir. Belə bir yanaşmada iqtisadi qarşılıqlı asılılıq münaqişə riskini azaltmağa xidmət edir. Çünki əməkdaşlıqdan iqtisadi fayda əldə edən tərəflərin qarşıdurmanın qiymətini daha yüksək hesab etməsi qeyri-mümkündür.
Azərbaycanın enerji layihələri bu baxımdan yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də regional və Avropa enerji təhlükəsizliyinə zəmanət verən element kimi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Azərbaycanın əsas strateji üstünlüyü sabitlikdir və sabitlik ölkəmizin xarici təhlükəsizliyinin ilkin şərtidir.
Güclü dövlət institutları, hüququn və qanunun aliliyi, sosial həmrəylik, iqtisadi dayanıqlıq və vətəndaş-dövlət münasibətlərində etimad nə qədər yüksək olacaqsa, xarici təsirlərin ölkə daxilində zəncirvari böhran yaratmaq imkanları da bir o qədər məhdudlaşacaq. Milli təhlükəsizliyin regionda nəzarətdə saxlanılması, həm də hüquqi sabitliyin, iqtisadi dayanıqlığın, sosial həmrəyliyin, informasiya təhlükəsizliyinin və güclü dövlət institutlarının olması ilə sıx bağlıdır.
Əgər XX əsrdə "domino nəzəriyyəsi" əsasən ideoloji qarşıdurma və kommunizmin yayılması kontekstində istifadə edilirdisə, XXI əsrdə onun məzmunu xeyli dərəcədə genişlənib. Artıq "domino effekti" özünü cılız məqsədli müharibələrdə, iqtisadi böhranlarda, enerji təhlükəsizliyində, miqrasiya proseslərində, terrorizmdə və transmilli mütəşəkkil cinayətkarlıqda, informasiya müharibəsində, kibertəhlükəsizlikdə və siyasi qeyri-sabitlikdə göstərir.
Bu səbəbdən müasir dövlət üçün əsas məsələ yalnız böhrana qarşı sipər çəkmək deyil, böhranın ilk mərhələsini, onu doğuran səbəb və şəraiti öncədən görmək, qarşısını almaqdır. Əgər regionda və yaxud dünya dövlətləri arasında sülh və əməkdaşlıq, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və regional sabitlik olarsa, beynəlxalq coğrafiyada insan amilinə hörmət də olacaq.
Azərbaycan qarşısında duran strateji vəzifə də məhz budur. Öz milli təhlükəsizliyini qorumaqla, regionda sabitliyin, qarşılıqlı əməkdaşlığın, habelə iqtisadi bağlılığın əsas dayaqlarından birinə çevrilir.
Geosiyasətdə ən güclü dövlət yalnız domino daşlarını yıxmaq imkanına malik olan dövlət yox, əsl strateji güc nümayiş etdirib domino daşlarının yıxılmasına imkan verməyən, əksinə, onları sabitlik və əməkdaşlıq zəncirinə çevirə bilən dövlətdir.
Eyzenhauer zamanında bu metaforanı Cənub-Şərqi Asiyaya tətbiq edərək mətbuat konfransında bəyan etdi ki, əgər Hind-Çin (Vyetnam) kommunistlərin əlinə keçərsə, Birma, Tayland və bölgədəki digər dövlətlər də "domino effekti" ilə eyni addım atacaqlar. Bu nəzəriyyə ABŞ hakimiyyəti tərəfindən Asiyada, xüsusən də Vyetnam müharibəsi zamanı hərbi müdaxilə və kommunizmin qarşısının alınması üçün əsas geosiyasi əsaslandırma kimi istifadə edilmişdi.
Sonda: ABŞ Vyetnam müharibəsinə müdaxilə etmək qərarını “domino effekti”ni nəzərə alaraq qəbul etdi və Cənub-Şərqi Asiyada hərbi əməliyyatları dayandırdıqdan sonra, 1975-ci ildə kommunistlər demək olar ki, eyni vaxtda Cənubi Vyetnam, Kamboca və Laosda hakimiyyətə gəldilər. 1980-ci illərdə Reyqan administrasiyası isə Latın Amerikası ölkələrindəki əməliyyatlarında eyni nəzəriyyədən istifadə etmişdi. Həmin dövrlərdə Reyqan administrasiyasının Mərkəzi Amerika siyasəti “Domino nəzəriyyəsi”nin yeni, soyuq müharibə şəraitinə uyğunlaşdırılmış forması idi. Rəsmi strategiyanın adı “Reyqan doktrinası” adlandırılmışdı. Yəni, bir ölkədə marksist-kommunist qüvvələr hakimiyyətə gəlsə, qonşu ölkələrdə də inqilabi hərəkatları ruhlandıra və nəticədə regionun siyasi balansı dəyişə bilər. 1983-cü ildə Reyqan Konqres qarşısında Nikaraquanın qonşularına “subversiya və zorakılıq ixrac etməsi” təhlükəsindən danışmışdı. Nikaraqua sadəcə bir ölkənin problemi sayılmırdı. 1986-cı ildə Reyqan bunu belə təsvir edirdi: Nikaraquanın Sovet və Kuba təsiri altında regionda dominant qüvvəyə çevrilməsi Panama kanalına və Karib dənizinə təhlükə yarada bilər...


Şərhlər