2024-cü il seçkisi öncəsi Donald Trampın ABŞ Prezidenti seçiləcəyindən ən çox ehtiyat edənlər sırasında Avropa ölkələri ilk yerlərdə dururdular. Sonrakı illərdə baş verənlər göstərir ki, bu narahatlıq heç də əsassız deyildi…
Məhz Trampın apardığı siyasət – Avropa ölkələrinə qarşı az qala “ticarət müharibəsi”nin elan edilməsi, Avropa liderlərinin hər imkan düşdükdə ictimai mühitdə nümayişkaranə şəkildə aşağılanması, NATO-nun kollektiv təhlükəsizliyi təmin edən məlum müddəalarının sual altına alınması və s. göstərdi ki, xüsusilə İkinci Dünya Müharibəsindən sonra başlayan və onillərlə davam edən ABŞ-Avropa "izdivacı” sona yaxınlaşır. Artıq faktiki olaraq olduqca ağrılı və qarşılıqlı ittihamlarla dolu “boşanma” prosesi müşahidə olunmaqdadır.
Bunu Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarından da aydın görmək olar. Merts İkinci Dünya Müharibəsindən sonra inkişaf edən ABŞ və Avropa arasında "qeyd-şərtsiz transatlantik dostluq" dövrünün bitdiyini elan edib. O bunu dünən Berlində partiyasının üzvlərilə görüşdə deyib.
"Qeyd-şərtsiz transatlantik dostluq dövrü, ehtimal ki, yaxın gələcək üçün bitib", - Merts bildirib.

O qeyd edib ki, ABŞ-nin transatlantik ittifaqa qarşı siyasi baxışlarında və münasibətlərində Avropanın əvvəllər gözləmədiyi bir dəyişiklik yaşanır.
Bu açıqlama, xüsusulə də Donald Trampın Avropanı yeni tariflərlə hədələməsi fonunda diqqət cəlb edir. Belə ki, Tramp Kanadanın Avropa Birliyinin assosiativ üzvü olmaq təklifinə cavab olaraq, bu cür əməkdaşlığın baş tutacağı təqdirdə, ABŞ-nin Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq edəcəyini bildirib. Sanki Kanada ABŞ-yə düşmən olan bir birliklə əməkdaşlığa hazırlaşır…
Tramp həmçinin müəyyən sahələrdə Avropa ilə ticarətin kəsilməsilə hədələyib. Daha sonra Amerika Prezidenti bildirib ki, ABŞ onunla 200 milyard dollarlıq (Avropanın ABŞ-yə satdığı ilə ABŞ-nin Avropaya satdığı arasındakı fərq-red.) ticarət kəsiri olan Avropa ölkələrini "öz üzərində daşıyır".
"Bizə sadəcə "Bilirsiniz nə var? Artıq sizinlə ticarət etmirik" demək qalır", - deyə Tramp bildirib.

ABŞ-nin indiki prezidenti daha əvvəl də Avropaya qarşı təhdidlər səsləndirib. O, Avropa mallarına 50%-lik tarif tətbiq edəcəyinə söz vermiş, Avropa Birliyinin ABŞ silah bazarına çıxışını məhdudlaşdıracağı və Amerikanın Avropadakı hərbi mövcudluğunu azaldacağı ilə hədələmişdi.
Yeri gəlmişkən, Trampin timsalındakı müasir ABŞ-nin Avropada kimlərə stavka etdiyi onun Almaniyadakı ultrasağçı qüvvələrə verdiyi dəstəkdən də aydın görünür. Tarix sanki tərsinə dövr edir. İkinci Dünya Müharibəsi dövründə Avropanın Hitler faşizmindən xilas edilməsində misilsiz rol oynayan ABŞ, bu gün bir sıra addımlarına görə Hitlerin irsinin davamçıları kimi qəbul edilən qüvvələri – ultrasağçı AfD-ni seçkidəki qələbə münasibətilə təbrik edir.

Söhbət, Almaniyada Hitlerin nasist rejimini birmənalı şəkildə pisləməkdən imtina edən bir partiyadan gedir. Bu partiyanın həmsədri Alis Vaydel son müsahibələrində qeyd edib ki, partiyası hakimiyyətə gəldikdən sonra Almaniyanı avrozonadan çıxaracaq, sərhədləri bağlayacaq və 1,3 milyon suriyalının qovulması da daxil olmaqla, deportasiyaları artıracaq. Vaydel "Made in Germany"-nin uğurunun sirrinin Rusiyadan ucuz enerji alınması olduğunu iddia edib və bu enerjini geri qaytaracağına da söz verib…
Qeyd edək ki, ABŞ Prezidentinin ultrasağçıları təbrikindən sonra Kansler Fridrix Merts Trampla öncədən planlaşdırılmış telefon danışığını ləğv etmişdi. Bunun özü də ABŞ-Avropa münasibətlərinin hansı səviyyədə olmasının daha bir göstəricisidir…
Xatırladaq ki, İkinci Dünya Müharibəsindən sonra Almaniya başda olmaqla, Avropanın bərpasında ABŞ-nin misilsiz rolu olub. Sonradan Qərbi Avropanın təhlükəsizlik çətiri rolunu oynamaqda davam edən ABŞ “Qoca qitə” ilə əlaqələrini daim inkişaf etdirib. Lakin Tramp gələndən sonra hər şey köklü surətdə dəyişib.
Hələ Trampın vitse-prezidenti Cey Di Vensin 14 fevral 2025-ci ildə Münhen Təhlükəsizlik Konfransında Avropanı açıq şəkildə aşağılayan və transatlantik münasibətlərdə dərin parçalanma dalğası yaradan çıxışından sonra Avropada çoxları şoka düşmüşdü. Bunu ABŞ-Avropa münasibətlərində tarixi dönüş nöqtəsi adlınadırmağa başlamışdılar.

Lakin əslində, hələ Almaniyanın əvvəlki kansleri Angela Merkel Trampın birinci prezidentliyi dövründə - 2017-ci ildə ABŞ ilə “İkinci Dünya Müharibəsindən sonra yaranan güclü münasibətlərin müəyyən dərəcədə itirildiyini" söyləmişdi. Həmin dövrdən sonra Trampın ikinci prezidentliyində ABŞ-nin Avropaya qarşı siyasətindəki mənfi istiqamətdə dəyişikliklər daha intensiv xarakter aldı və bu tendensiya davam etməkdədir.
Bir çox müşahidəçilər bu baş verənləri təbii proses kimi qəbul edir və İkinci Dünya Müharibəsindən sonrakı, eləcə də Soyuq Müharibə dövründəki ABŞ-Avropa münasibətlərinin bir daha geri qayıtmayacağını bildirirlər. Onların fikrincə, “boşanma” qaçılmazdır. Bəlkə də belədir. Çünki artıq nə ABŞ həmin ABŞ, nə də Avropa həmin Avropadır…
Cəlal Məmmədli
“AzPolitika.info”


Şərhlər