Menu

III DÜNYA MÜHARİBƏSİNƏ GENİŞ HAZIRLIQ – Böyük silahlanma yarışı nədən xəbər verir?

15.09.2026, 13:12
III DÜNYA MÜHARİBƏSİNƏ GENİŞ HAZIRLIQ – Böyük silahlanma yarışı nədən xəbər verir?

ABŞ Asiya-Sakit okean regionunda hərbi nəzarəti itirir

Onilliklər ərzində Asiya-Sakit okean regionunda sabitliyin əsas təminatçısı hesab edilən ABŞ-nin təhlükəsizlik arxitekturası köklü böhranla üz-üzədir. Çinin qarşısıalınmaz hərbi ekspansiyası, Rusiyanın regionda artan manevrləri və Vaşinqtonun geostrateji prioritetlərinin kəskin dəyişməsi bölgədəki güc balansını tamamilə alt-üst edir. Donald Tramp administrasiyasının əsas hərbi və maddi resursları İrana qarşı Yaxın Şərq cəbhəsinə yönəltməsi Pekin, Moskva və Pxenyan ittifaqı üçün Yaxın Şərqdən Uzaq Şərqə qədər böyük bir strateji vakuum yaradıb. Bu şəraitdə Vaşinqtonun Asiyadakı ənənəvi müttəfiqləri ABŞ-nin "nüvə və hərbi çətiri"nin etibarlılığına şübhə etməyə başlayaraq müstəqil silahlanma və yeni koalisiyalar qurma yolunu seçirlər.

“Foreign Affairs” nəşrinin təhlilinə görə, Asiya-Sakit okean regionu ABŞ-nin mərkəzdə durduğu köhnə "mərkəz və mil" adlanan ikitərəfli ittifaqlar sistemindən sürətlə uzaqlaşır. Bölgə ölkələri artıq sağ qalmağın yeganə yolunu Vaşinqtonun passiv diplomatiyasında deyil, öz daxili müdafiə güclərində və çoxtərəfli regional koalisiyalarda görürlər.

Çinin qarşısıalınmaz hərbi ekspansiyası: Nüvə və dəniz üstünlüyü

Pekin yaranmış strateji "imkan pəncərəsi"ndən maksimum istifadə edərək regionda hərbi üstünlüyünü möhkəmləndirir. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) və Konqresin Tədqiqat Xidmətinin son hesabatları Çinin artıq dünyada ən böyük hərbi dəniz donanmasına sahib olduğunu təsdiqləyir. Belə ki, Çin Xalq Azadlıq Ordusunun (XAO) dəniz qüvvələri 370-dən çox döyüş gəmisi və sualtı qayıqla ABŞ-nin 290 vahidlik hazır donanmasını geridə qoyub. Proqnozlara görə, 2030-cu ilə qədər Çin donanmasındakı gəmilərin sayı 435-ə çatacaq.

Yeni "Futszyan" aviaqayığının istismara verilməsindən dərhal sonra Dalyan tərsanələrində dördüncü aviaqayığın (Tip 004) tikintisinə başlanılıb. Analitiklər bunun Çinin ilk atom mühərrikli aviaqayığı olacağını bildirirlər. "Tszin" (Tip 094) stels-sualtı qayıqlarının "JL-3" ballistik raketləri ilə təchiz edilməsi Pekinə Cənubi Çin dənizindən birbaşa ABŞ materikinə cavab nüvə zərbəsi endirmək imkanı yaradıb.

“Bulletin of the Atomic Scientists” hesabatına görə, Çin 600-dən çox yerləşdirilmiş nüvə döyüş başlığı həddini keçib və 2030-cu ilə qədər 1000-lik baryeri aşmağı hədəfləyir. Bu nəhəng hərbi maşın artıq Tayvan boğazında, Vyetnam və Filippin sahillərində açıq təzyiq alətinə çevrilib.

ABŞ-nin sursat böhranı və logistika iflası

İranla müharibənin dərinləşməsi ABŞ Ordusunun resurslarını sürətlə tükəndirir. İki cəbhədə eyni vaxtda müharibə aparmaq imkanından məhrum olan Vaşinqton kritik hərbi dəniz qüvvələrini Sakit okeandan çıxarmağa məcbur olub. Belə ki, Yaponiyada daimi bazalaşan yeganə ABŞ aviaqayığı "George Washington" İrandakı gərginlik səbəbindən Yaxın Şərqə köçürülüb. Nəticədə Sakit okeanın qərb hissəsi faktiki olaraq ABŞ aviaqrupundan məhrum qalıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ekspertləri Tom Karako və Mark Kansian qeyd edirlər ki, İrana qarşı "Epik Qəzəb" əməliyyatı ABŞ-nin "Tomahawk" qanadlı raketlərini, eləcə də "Patriot" və "THAAD" zenit-raket kompleksi ehtiyatlarını kəskin şəkildə azaldıb.

Prezident Donald Trampın bu böhranı "xırda məsələ" adlandırmasına baxmayaraq, Seul, Tokio və Manila ABŞ-nin Çinin daha böyük raket arsenalına qarşı müqavimət göstərə biləcəyinə böyük şübhə ilə yanaşırlar.

"Moskva - Pekin - Pxenyan" oxu: Üçüncü cəbhənin açılması

Vaşinqtonun Yaxın Şərqə kilidlənməsindən istifadə edən Rusiya və Şimali Koreya Çinlə koordinasiyalı şəkildə Asiyada yeni gərginlik ocaqları yaradır. Rusiya Hərbi Hava Qüvvələrinin Tu-95MS və Çinin H-6K bombardmançı təyyarələri Yapon və Şərqi Çin dənizləri üzərində daimi birgə uçuşlar keçirərək Seul və Tokionu həyəcan vəziyyətində saxlayır. Hərbi gəmi eskadraları isə Alyaska və Aleut adalarına qədər irəliləyərək ABŞ sərhədlərini nümayişkaranə şəkildə hədəf alır.

Moskva ilə Pxenyan arasında imzalanmış "Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi" çərçivəsində Şimali Koreyanın raket texnologiyaları ilə təmin edilməsi Cənubi Koreya və Yaponiya üçün birbaşa ekzistensial təhdid yaradır. Bu faktor həmin ölkələrin Tayvana və ya Filippinə kömək etmək imkanlarını faktiki olaraq bloklayır.

Bölgə dövlətlərinin cavab addımları

ABŞ-nin "nüvə çətiri"nin zəifləməsi region ölkələrini öz təhlükəsizliklərini təmin etmək üçün radikal addımlar atmağa sövq edib:

Cənubi Koreya öz nüvə silahını yaratmaq müzakirələri rəsmi planlaşdırma müstəvisinə keçib. Mütəxəssislər Cənubi Koreyanın bir neçə ay ərzində nüvə bombası istehsal etmək potensialına malik olduğunu bildirirlər. Paralel olaraq ölkə F-35, KF-21 qırıcıları və "King Sejong the Great" esminetsləri ilə öz ordusunu təchiz edir.

Yaponiya isə pasifizmdən imtina edir. Müdafiə büdcəsini ÜDM-in 2%-nə (300 milyard dollar) çatdıran Tokio dünyada 3-cü ən böyük hərbi büdcəyə sahib olub. Yaponiya Çin və Şimali Koreyadakı hərbi bazaları vurmaq imkanına malik "Type-12" raketlərini yeniləyir. Eyni zamanda ABŞ-yə arxalanmadan Avstraliya, Böyük Britaniya və Filippinlə hərbi sahədə qarşılıqlı giriş müqavilələri (RAA) imzalayır.

Filippin isə 35 milyard dollarlıq "Horizon 3" proqramı çərçivəsində Hindistandan "BrahMos" gəmiəleyhinə raket kompleksləri alaraq Tayvanın qarşısındakı Luson adasında yerləşdirib və Yaponiya qoşunlarının öz ərazisində yerləşməsinə razılıq verib.

Vyetnam ənənəvi "Dörd yox" sülh prinsipini saxlasa da, Vyetnam Rusiyadan olan 80%-lik silah asılılığını azaltmaq üçün İsraildən "Heron" PUA-ları, Hindistandan "BrahMos" raketləri və Cənubi Koreyadan "K9 Thunder" haubitsaları alır. Spratli arxipelaqındakı süni adalar sürətlə hərbi qalalar şəklini alır. İndoneziya da Fransadan "Rafale" qırıcıları alır, Malayziya isə Cənubi Koreyanın FA-50 təyyarələri ilə Çin gəmilərinin qanunsuz daxil olduğu saravak sahillərində müdafiəni gücləndirir.

Qlobal risklər və müharibə təhlükəsi

Asiya-Sakit okean regionunun mərkəzsizləşdirilmiş şəkildə sürətlə hərbiləşməsi qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Soyuq müharibə dövründən fərqli olaraq, hazırda Asiyada insidentlərin qarşısını alacaq heç bir çoxtərəfli nəzarət mexanizmi yoxdur.

Cənubi Koreya və Yaponiyanın nüvə silahı əldə etməsi Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləni (NPT) tamamilə çökdürə bilər. Ən böyük risk isə Pekinin Vaşinqtonun Yaxın Şərqdə batdığını düşünərək Tayvanı güc yolu ilə ələ keçirmək və ya Filippini blokadaya almaq üçün hərbi əməliyyatlara başlamasıdır. Bu ssenari qlobal ticarəti iflic edəcək və dünya iqtisadiyyatını çökdürəcək III Dünya Müharibəsinə gətirib çıxara bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol