Dövlət kənd təsərrüfatına yalnız iqtisadiyyatın mühüm sahəsi kimi deyil, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların inkişafı, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji bir sektor kimi yanaşır.
"AzPolitika" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" məhz bu strateji yanaşmanın növbəti mərhələsidir:
"Dövlət Proqramı" qarşımıza insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, elmin və innovasiyaların gücləndirilməsi kimi mühüm vəzifələr qoyur. Lakin gəlin bir şeyi unutmayaq: heç bir Dövlət Proqramı öz-özünə uğur qazanmır. Onu uğura çevirən insanlardır. Onu uğura çevirən alimdir, mühəndisdir, sahibkardır və ilk növbədə - gənclərdir. Məhz buna görə qarşıdakı dövrdə üzərimizə düşən vəzifələr daha böyükdür. Biz daha səmərəli işləməli, müasir yanaşmaları tətbiq etməli, elmi və texnoloji imkanlardan daha geniş istifadə etməliyik. Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı, çevik düşünən və yeniliklərə açıq kadrlara böyük ehtiyac var".
Nazir bildirib ki, bu gün kənd təsərrüfatı artıq yalnız torpaq becərmək və məhsul istehsal etmək deyil:
"Müasir aqrar sektor - texnologiya, süni intellekt, rəqəmsal idarəetmə, aqrobiznes, biotexnologiya, müasir suvarma sistemləri, innovasiya və elmi tədqiqat deməkdir. Ona görə sizdən gözləntilərimiz böyükdür. Sabah bu sektorun aqronomları, mühəndisləri, baytarları, iqtisadçıları, sahibkarları, alimləri və idarəçiləri məhz sizin aranızdan çıxacaq. Bəlkə də bu gün bu burada olan tələbələrdən bəziləri sabah Qarabağda böyük aqropark yaradacaq, elmi tədqiqat aparacaq, bir başqası isə Azərbaycanın aqrar məhsulunu dünya bazarlarına çıxaracaq",- deyə o qeyd edib.


Şərhlər