Donald Tramp Ağ Evə qayıdanda qarşıdakı siyasi mübarizənin bu qədər sərt olacağını yəqin ki, təsəvvür etmirdi. 2026-cı il noyabrın 3-də keçirilən Konqres seçkiləri onun prezidentliyində yeni mərhələnin başlanğıcını qoydu. Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda nəzarəti ələ keçirdilər. Respublikaçılar qanunverici hakimiyyət üzərindəki üstünlüklərini itirdilər. Bu, Tramp üçün sadəcə seçki məğlubiyyəti deyil, Ağ Evin qarşısında yeni siyasi cəbhənin açılması deməkdir.
İndi Trampı daha ciddi təhlükə gözləyir. Konqres araşdırmaları, administrasiyasına qarşı dinləmələr, siyasi təzyiq və yenidən impiçment təşəbbüsü onun gələcək taleyini həll edə bilər.
Demokratların prezidentin fəaliyyətini araşdırmaq, sənədlər tələb etmək və administrasiyanın qərarlarını nəzarətə götürmək imkanları genişlənəcək. İmpiçment məsələsi də yenidən gündəmə gələ bilər. Üstəlik, Tramp Amerika tarixində iki dəfə impiçmentə məruz qalmış ilk prezidentdir. Üçüncü belə proses ehtimalı onun prezidentliyinin ən ciddi sınaqlarından birinə çevrilə bilər.
Amma impiçment prezidentin avtomatik vəzifədən uzaqlaşdırılması demək deyil. Nümayəndələr Palatası ittiham irəli sürür, Senat isə mühakimə prosesini həyata keçirir. Vəzifədən kənarlaşdırılmaq üçün senatorların üçdəikisinin səsi tələb olunur. Deməli, Demokratların Konqresə nəzarəti ələ keçirməsi Trampın siyasi vəziyyətini çətinləşdirsə də, onun prezidentliyinə avtomatik son qoymur.

Bəs Tramp Amerika tarixində hansı prezidentlərlə bir sırada dayanacaq? Bu ölkənin siyasi yaddaşında kimlər qalıb? Kimlər hakimiyyətdən getməyə məcbur olub, kimlər sui-qəsdlə öldürülüb, kimlər isə dövlətin gələcək istiqamətini dəyişib?
Amerikada prezident olmaq böyük siyasi qələbədir. Ancaq tarixdə qalmaq tamam başqa imtahandır.
ABŞ-ın ilk prezidenti Corc Vaşinqton idi. O, sadəcə müstəqil dövlətin ilk rəhbəri deyildi. Vaşinqton hakimiyyətin bir şəxsin əlində əbədi cəmləşməməsi üçün iki müddətdən sonra könüllü şəkildə vəzifəsini tərk etməklə siyasi ənənə yaratdı.
Tomas Cefferson Amerika siyasi düşüncəsinin formalaşmasında, Abraham Linkoln isə dövlətin parçalanmaqdan xilas edilməsində xüsusi rol oynadı. Linkolnun adı təkcə Vətəndaş müharibəsi ilə deyil, köləliyin ləğvi ilə də bağlıdır. O, ABŞ tarixində dönüş nöqtəsi yaradan prezidentlərdən biri oldu. Lakin bu dönüşün bədəli ağır idi. 1865-ci ildə teatrda sui-qəsd nəticəsində öldürüldü.
Linkoln Amerikada qətlə yetirilən ilk prezident idi. Sonralar Ceyms Qarfild 1881-ci ildə, Uilyam MakKinli 1901-ci ildə, Con Kennedi isə 1963-cü ildə sui-qəsd nəticəsində həyatını itirdi. Beləliklə, ABŞ tarixində dörd prezident qətlə yetirildi. Bu hadisələr göstərdi ki, dünyanın ən güclü dövlətində belə prezidentlik kürsüsü təhlükəsizlik və toxunulmazlıq zəmanəti vermir.
Kennedinin ölümü isə ayrıca tarixi hadisəyə çevrildi. Gənc prezident, yeni nəsil siyasətçi, dəyişiklik vəd edən lider... Onun qətli təkcə Amerikanı deyil, bütün dünyanı sarsıtdı. Kennedinin adı bu gün də Amerika siyasi yaddaşında yarımçıq qalmış ümidlərin və cavabsız sualların simvollarından biridir.
Franklin Delano Ruzvelt isə başqa bir tarixi ölçüdür. Böyük depressiya və İkinci Dünya müharibəsi dövründə ölkəyə rəhbərlik edən Ruzvelt ABŞ tarixində dörd dəfə prezident seçilmiş yeganə şəxsdir. Onun prezidentliyi dövründə dövlətin iqtisadiyyata müdaxiləsi genişləndi, Amerika beynəlxalq siyasətdə aparıcı gücə çevrildi. Ruzveltdən sonra qəbul edilən Konstitusiyanın 22-ci düzəlişi prezidentin iki müddətdən artıq seçilməsinə məhdudiyyət qoydu.

Amerika tarixində prezidentlik institutu da dəyişib. Bəs bu tarixdə hansı partiya daha çox qalib gəlib? ABŞ-da partiya sistemi zamanla dəyişdiyindən bütün prezident seçkilərini bugünkü Demokratlar və Respublikaçılar arasında bölmək düzgün olmaz. Müasir iki partiyalı siyasi rəqabətin əsas mərhələsi kimi 1932–2024-cü illəri götürsək, keçirilən 24 prezident seçkisinin 13-də Demokratlar, 11-də isə Respublikaçılar qalib gəliblər.
Franklin Ruzvelt, Harri Trumen, Con Kennedi, Lindon Conson, Cimmi Karter, Bill Klinton, Barak Obama və Co Bayden Demokratlar Partiyasının, Duayt Eyzenhauer, Riçard Nikson, Ronald Reyqan, Corc Buş, kiçik Corc Buş və Donald Tramp isə Respublikaçıların siyasi tarixində fərqli izlər qoyublar.
Ancaq prezidentlərin tarixdəki yerini partiya mənsubiyyəti ilə ölçmək mümkün deyil. Respublikaçı Abraham Linkolnla Respublikaçı Donald Trampı eyni siyasi ölçüyə sığışdırmaq nə qədər çətindirsə, Demokrat Franklin Ruzveltlə Demokrat Co Baydeni eyni tarixi tərəziyə qoymaq da bir o qədər çətindir.
Amerikada prezidentlik kürsüsünün başqa bir sərt tərəfi də var- bu vəzifə sahibinə böyük səlahiyyət verir, amma onu Konstitusiyadan üstün etmir. Bunu ən aydın şəkildə impiçment tarixində görmək mümkündür. ABŞ tarixində Nümayəndələr Palatası üç prezidenti impiçmentə məruz qoyub - Endryu Conson, Bill Klinton və Donald Tramp. Tramp isə iki dəfə impiçment olunan ilk və indiyədək yeganə Amerika prezidentidir. Birinci dəfə hakimiyyətdən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq, ikinci dəfə isə 6 yanvar 2021-ci il hadisələri fonunda üsyana təhrik ittihamı ilə üzləşdi. Senat hər iki prosesdə onu təqsirli hesab etmədi.
Bill Klinton da 1998-ci ildə impiçment olundu, lakin Senatda bəraət aldı. Endryu Conson isə 1868-ci ildə impiçmentə məruz qaldı və Senatda cəmi bir səs fərqi ilə vəzifəsindən kənarlaşdırılmaqdan xilas oldu.
Riçard Niksonun taleyi isə fərqli oldu. Uotergeyt qalmaqalı nəticəsində impiçment təhlükəsi ilə üzləşən Nikson 1974-cü ildə Konqresin yekun qərarını gözləmədən istefa verdi. Beləliklə, o, ABŞ tarixində vəzifəsindən istefa verən ilk və indiyədək yeganə prezident oldu.
Bu hadisəni xatırlayanda məşhur “Prezidentin adamları” filmini yada salmamaq mümkün deyil. 1976-cı ildə çəkilən ekran əsəri Uotergeyt qalmaqalını araşdıran jurnalistlərin mübarizəsini və hakimiyyətin ən yüksək pilləsində belə hesabatlılığın vacibliyini göstərir. Niksonun istefası bu fikrin Amerika tarixindəki ən ciddi nümunələrindən biridir.

Trampın siyasi fenomenini yalnız onun şəxsi xarakteri ilə izah etmək mümkün deyil. O, 2016-cı ildə siyasətçi ənənəsindən kənar bir fiqur kimi hakimiyyətə gəldi. 2020-ci ildə Co Baydenə uduzdu, lakin dörd il sonra yenidən seçilərək Ağ Evə qayıtdı. Beləliklə, Qrover Klivlenddən sonra qeyri-ardıcıl iki müddətə prezident seçilən ikinci şəxs oldu.
Trampın arxasında qlobalizmdən narazı seçicilər, iqtisadi dəyişikliklərdən narahat olan sosial təbəqələr, Vaşinqtonun ənənəvi siyasi elitasına etimadını itirən insanlar və Respublikaçılar Partiyasının yeni siyasi xətti dayanır.
Tərəfdarları onu köhnə siyasi sistemə meydan oxuyan, Amerikanın maraqlarını önə çəkən lider kimi təqdim edirlər. Tənqidçiləri isə onun siyasi davranışının demokratik institutlara və hakimiyyət bölgüsü prinsipinə təzyiq yaratdığını bildirirlər. Trampın siyasi gücünün sirri də məhz Amerika cəmiyyətindəki bu dərin parçalanmadan qidalanmasıdır.
2026-cı ilin Konqres seçkiləri isə göstərdi ki, Trampın siyasi təsiri nə qədər böyük olsa da, seçici iradəsi dəyişməz deyil. Demokratların uğurunda bahalaşma, yaşayış xərcləri, İranla müharibə və hökumətdə korrupsiya ilə bağlı narahatlıqların mühüm rol oynadığı bildirilir. Respublikaçıların ənənəvi güclü olduğu ştatlarda da Demokratların qələbə qazanması nəticənin miqyasını daha da diqqətçəkən etdi.

İndi Trampın qarşısında daha mürəkkəb siyasi mənzərə var. Demokratlar Konqresdə komitələrə, dinləmələrə və araşdırmalara nəzarət edəcəklər. Prezidentin təyinatları, administrasiyanın fəaliyyəti və siyasi qərarları daha sərt müzakirə predmetinə çevriləcək. İmpiçment təşəbbüsü də bu mübarizənin mümkün istiqamətlərindən biridir. Ancaq Senatda üçdəiki səs çoxluğu əldə edilmədən prezidentin vəzifədən kənarlaşdırılması mümkün deyil.
Məhz burada Amerika siyasi sisteminin özünəməxsusluğu üzə çıxır. Prezident seçicilərin səsi ilə hakimiyyətə gəlir, amma həmin seçicilər iki il sonra onun partiyasını Konqresdən sıxışdırıb çıxara bilirlər. Başqa sözlə, Amerika seçicisi prezidentə etimad göstərməklə yanaşı, ona qarşı siyasi nəzarət mexanizmini də işə sala bilir.
Bəlkə də Amerikanın gücü yalnız prezidentlərinin qüdrətində deyil, onların qarşısına qoyduğu məhdudiyyətlərdədir.
Vaşinqton hakimiyyətdən könüllü getməklə, Linkoln dövlətin birliyini qorumaqla, Ruzvelt böhran dövründə ölkəyə rəhbərlik etməklə, Kennedi isə qısa prezidentliyinə baxmayaraq, siyasi yaddaşda iz qoymaqla tarixə düşdü. Nikson istefası, Klinton impiçmenti, Tramp isə iki impiçmenti və iki qeyri-ardıcıl prezidentlik müddəti ilə yadda qaldı.
Trampın tarixi yeri barədə son hökmü indidən vermək mümkün deyil. Onun ikinci prezidentliyinin nəticələri, Konstitusiya institutları ilə münasibətləri, ölkənin iqtisadi və beynəlxalq mövqeyinə təsiri gələcək qiymətləndirmənin əsasını təşkil edəcək.
Ancaq bir həqiqət artıq görünür - 2026-cı ilin seçkiləri Trampa göstərdi ki, Ağ Evə qayıtmaq xalqın bütün sonrakı qərarlarına sahib olmaq demək deyil. Amerika tarixində prezidentlər çox olub. Bəziləri ölkəni dəyişib, bəziləri ölkənin dəyişməsinə mane ola bilməyib, bəziləri isə hakimiyyət uğrunda mübarizənin qurbanına çevrilib. Trampın qarşısında indi daha böyük sual dayanır. O, Amerika tarixində hansı prezident kimi qalacaq?
Çünki prezident seçilmək seçki qələbəsidir. Tarixə düşmək isə tamam başqa imtahandır…
Azər Rəşidoğlu
AzPolitika.info


Şərhlər