“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan mətbuatında nümayiş etdirilən qərəzli və qəbuledilməz reaksiyalara dair bəyanat yayıb.
Bəyanatda bildirilir ki, 11-12 sentyabr 2026-cı il tarixlərində diplomatik korpusun Azərbaycanın suveren ərazilərinə həyata keçirdiyi səfər heç bir halda müzakirə mövzusuna çevrilməməlidir. Xüsusilə də səfərdə iştirak edən səfirlərin və dövlətlərin hədəfə alınması narahatlıq doğurur və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı ilə ziddiyyət təşkil edir.
Vətəndaş cəmiyyəti nümayəndələri vurğulayıblar ki, hər iki ölkə postkonфlikt dövründədir və əsas məqsəd onilliklərlə davam edən qarşıdurmanın yaralarını sarımaqdır:
Hər iki ölkənin hökumətlərinin dəstəyi ilə vətəndaş cəmiyyəti təmsilçiləri dialoqun genişlənməsi və etimad quruculuğu istiqamətində addımlar atır.
Azərbaycan ərazisindəki mədəni irs xalqa məxsusdur və dövlət tərəfindən qorunur. Bu mövzular birtərəfli ittihamlarla deyil, qarşılıqlılıq və açıq dialoq prinsipi əsasında müzakirə edilməlidir. Bu məqsədlə artıq peşəkar müzakirə platforması yaradılıb.
Sülh prosesinin müəyyən revanşist qüvvələrin təzyiqi altında qalması gələcək irəliləyişləri riskə ata bilər.
Bəyanat müəllifləri Ermənistan cəmiyyətini təmkinli olmağa və bölgədə sülhün qərarlaşmasına maneə törətməyə çalışan bədniyyətli qüvvələrin təxribatlarına uymamağa çağırıblar.
Müraciəti “Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan qrupunun üzvləri — Fərhad Məmmədov, Kəmalə Məmmədova, Rusif Hüseynov, Dilarə Əfəndiyeva və Ramil İskəndərli imzalayıblar.
"AzPolitika.info"


Şərhlər