Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub.
"Report"un yerli bürosunun xəbərinə görə, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və SOCAR-ın təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Türkiyənin rəsmi şəxsləri və siyasətçiləri, diplomatlar, ictimai xadimlər, alimlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olmuş hərbiçilərimizin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov ordumuzun əldə etdiyi qələbədən danışıb. O deyib ki, Azərbaycanın Ali Baş komandanının qətiyyəti, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı və xalqımızın iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını vurğulayan səfir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını qeyd edib, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsini sarsılmaz əməkdaşlığa nümunə çəkib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı 44 günlük müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərin regionda uzunmüddətli sülh və sabitlik üçün imkanlar yaratdığını bildirib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) əslən azərbaycanlı deputatları, o cümlədən Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Şamil Ayrım və qrupun üzvü Cantürk Alagöz də iştirak edib.
Sonra Azərbaycanın Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbir xalq artisti Azər Zeynalovun və "Zəngəzur" rəqs qrupunun iştirakı ilə konsert proqramı ilə başa çatıb.


Şərhlər