Ölkə üzrə şagird və məktəb sayı azaldığı halda, paytaxtda yarım milyondan çox şagirdin cəmləşməsi regional disbalansın və daxili miqrasiyanın dəhşətli miqyasını ortaya qoyur.
Yeni tədris ilinin başlaması ilə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) açıqladığı göstəricilər Azərbaycanın sosial-demoqrafik mənzərəsindəki ciddi disbalansı növbəti dəfə gündəmə gətirib.
Məlumata görə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu il 504 413 şagirdin təhsil alacağı gözlənilir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2025/2026-cı tədris ilində ölkə üzrə ümumi şagird sayı 1 milyon 648 min nəfərdir.
Rəqəmlər göstərir ki, Azərbaycandakı hər 3 şagirddən biri yalnız Bakı şəhərinin məktəblərində oxuyur. Paytaxtdakı özəl təhsil müəssisələrini, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyaları, eləcə də faktiki olaraq Bakı ilə bitişik olan Abşeron və Sumqayıt məktəblərini hesablamaya daxil etsək, ölkə şagirdlərinin təxminən 38-40 faizinin Abşeron yarımadasında cəmləşdiyini demək olar.
Kəndlərdə məktəblər niyə bağlanır?
Ölkə üzrə ümumi statistikaya nəzər saldıqda daha bir təhlükəli tendensiya diqqəti çəkir: Ötən tədris ili ilə müqayisədə Azərbaycanda fəaliyyət göstərən məktəblərin sayı 4324-dən 4160-a düşüb. Yəni cəmi bir il ərzində 164 məktəb bağlanıb və ya digər müəssisələrə birləşdirilib. Ölkə üzrə şagird sayı isə 23 min nəfər azalıb.

Məktəblərin bağlanmasının əsas səbəbi rayonlarda, xüsusən dağlıq və sərhədyanı kəndlərdə şagird kontingentinin kəskin azalmasıdır. Bir çox kənd məktəblərində bütöv bir sinifdə cəmi 2-3 şagirdin qalması, hətta bəzi siniflərin ümumiyyətlə komplektləşdirilə bilməməsi Elm və Təhsil Nazirliyini həmin məktəbləri optimallaşdırmağa məcbur edir.
Bu isə kəndlərin boşalması prosesinin artıq son mərhələyə çatdığını göstərir. Gənclər və ailələr işsizlik, sosial infrastrukturun zəifliyi və qazanc yerlərinin olmaması səbəbindən kəndləri tərk edərək paytaxta axışırlar.
Təhsil ekspertlərinin qiymətləndirmələrinə görə, kəndlərdən Bakıya axın təkcə iqtisadi amillərlə deyil, həm də regionlarda təhsilin keyfiyyətinə olan inamsızlıqla birbaşa bağlıdır. Rayonlardakı bir çox məktəblərdə ixtisaslı kadr çatışmazlığı, pedaqoji heyətin cavanlaşmaması və repeditorluq infrastrukturunun mərkəzləşməsi valideynləri övladlarının gələcəyi üçün paytaxta köçməyə təhrik edən əsas amillərdən biridir.
Ekspertlər vurğulayırlar ki, daxili miqrasiyanın yarada biləcəyi ən böyük təhlükə "təhsildə imkan bərabərsizliyinin" daha da dərinləşməsidir. Regionlarda qalan azsaylı şagirdlər psixoloji və sosial cəhətdən təcrid olunmuş mühitdə oxumağa məcbur olurlar. Bir çox kənd məktəblərində rəqabət mühitinin sıfıra enməsi, fənn kabinetlərinin və müasir laboratoriyaların işlək olmaması ali məktəblərə qəbul göstəricilərində regionlarla Bakı arasındakı uçurumu ilbəil genişləndirir.

Eyni zamanda, ekspertlər diqqəti başqa bir təzadlı məqama çəkirlər: Dövlət hər il regionlarda yüzlərlə müasir, yüksək standartlara cavab verən məktəb binaları tikib istifadəyə verir, lakin həmin binalarda oxuyacaq şagird tapılmır. Bakıda isə əksinə, bina infrastrukturu fiziki olaraq tükənir. Nəticədə, dövlət resurslarının paylanmasında ciddi disbalans yarana bilər - regionlarda infrastruktur boş qalır, paytaxtda isə həddindən artıq yüklənmə səbəbindən tez sıradan çıxır.
Bakı məktəblərində "infrastruktur kollapsı"
Kəndlərdən və rayon mərkəzlərindən baş verən nəzarətsiz daxili miqrasiya Bakının təhsil sistemini çətin vəziyyətinə salıb.

Bakının mərkəzi və xüsusilə yeni salınan yaşayış massivlərində (Xırdalan, Masazır, Yeni Yasamal, Bülbülə, Zabrat və s.) yerləşən məktəblərdə bir sinifdə 40-45 şagirdin oxuması artıq adi hala çevrilib. Təhsil mütəxəssislərinin fikrincə, 30-dan çox şagirdin olduğu sinifdə müəllimin fərdi yanaşma tətbiq etməsi və 45 dəqiqəlik dərs ərzində hər bir şagirdin mənimsəmə dərəcəsini qiymətləndirməsi pedaqoji baxımdan imkansızlaşır.
İki və üçnövbəli sistem: Şagird axınının qarşısını ala bilməyən bir çox paytaxt məktəbi 2-ci, hətta 3-cü növbəli tədris rejimünə keçməyə məcbur olur. Bu isə şagirdlərin günün ikinci yarısında dərsə gəlməsinə, diqqət dağınıqlığına və dərsdənkənar dərnək/idman fəaliyyətlərindən kənarda qalmasına gətirib çıxarır.
BŞTİ-nin məlumatına görə, yarım milyondan çox şagirdə cəmi 29 715 müəllim xidmət edir. Bu, hər müəllimə düşən şagird nisbətinin regionlarla müqayisədə dəfələrlə yüksək olduğunu göstərir və pedaqoqların peşəkar tükənməsinə (burnout) şərait yaradır.
I siniflə IX-XI siniflər arasındakı fərq nə deyir?
BŞTİ-nin açıqladığı digər bir diqqətçəkən məqam siniflər üzrə şagird bölünməsidir:
I sinif: 39 999 şagird
IX sinif: 49 167 şagird
XI sinif: 39 479 şagird
Birinci sinfə qədəm qoyanların sayının (təxminən 40 min) 9-cu sinifdə oxuyanlardan (təxminən 49 min) az olması iki vacib faktorla izah olunur:
-Ölkədə doğuş səviyyəsinin ilbəil aşağı düşməsi artıq 1-ci sinfə qəbul olunanların sayında özünü göstərir. Ekspertlərin fikrincə, bu göstərici yaxın 5-10 ildə ümumiyyətlə ölkə üzrə şagird kontingentinin daha kəskin azalacağını xəbər verir.
-IX sinifdəki yüksək rəqəm isə icbari 9 illik təhsilin son pilləsi olduğu üçün maksimum kontingenti əks etdirir. XI sinifdə rəqəmin 39 minə düşməsi isə 10 minə yaxın şagirdin 9-cu sinifdən sonra kolleclərə və ya peşə məktəblərinə üz tutduğunu təsdiqləyir.

Çıxış yolu nədir?
Bakı məktəblərinin həddindən artıq yüklənməsi və regionlarda məktəblərin boşalması təkcə təhsil məsələsi deyil, birbaşa milli təhlükəsizlik və sosial-iqtisadi tarazlıq problemidir.
Ekspertlər bildiri ki, regionlardan Bakıya axının qarşısını almaq üçün:
-Regionlarda iqtisadi fəallıq artırılmalı, kənd təsərrüfatı və sənaye sahələrində gənclər üçün cəlbedici iş yerləri yaradılmalıdır;
-Bölqələrdəki təhsilin keyfiyyəti yüksəldilməli, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında yüksək bal toplayan gənc kadrların kənd məktəblərinə cəlb olunması üçün stimullaşdırıcı sosial paketlər (mənzil təminatı, daha yüksək əməkhaqqı əmsalı) genişləndirilməlidir;
-Bakı və Abşeronda yeni məktəb tikintisi sürətləndirilməli, regional universitetlərin və kolleclərin cəlbediciliyi artırılmalıdır.
Əks halda, yaxın illərdə Bakı məktəbləri şagird qəbul etmək imkanlarını tamamilə itirəcək, regionlardakı yüzlərlə müasir məktəb binası isə boş qalaraq qapanacaq.
E.Rüstəmli
"AzPolitika.info"


Şərhlər