“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas ötən gün “Şəfa”ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra verdiyi açıqlamalarla diqqət çəkib.
“AzPolitika” qafqazinfo-ya istinadla xəbər verir ki, litvalı mütxəssis Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqları oyuna görə komandasını tənqid edənlərə cavab verib:
“Bu gün "Şəfa" ilə oynamışıq. “Mançester Yunayted”lə oyun haqda danışmışıq. Bilirsiz dünyada ən asan iş nədir? Hansısa komandanı tənqid etmək asan işdir. Hər kəs istədiyi kimi danışa bilər. İşimizi mükəmməl şəkildə görməyə çalışırıq. Azarkeşlər tənqid etməlidir. Bunu anlayırıq. Amma bunların heç biri bizə təsir etmir. Gördüyünüz kimi oyunumuza köklənmişik. Çox ağır səfərdən sonra burada qələbə qazanmışıq".
Dambrauskas “Mançester Yunayted”lə oyunda tənqidlərə tuş gələn futbolçusu Rəhman Daşdəmirovla bağlı da açıqlama verib. Meydanda oynayan yeganə azərbaycanlı futbolçunun müzakirəyə çıxarılmasını başa düşmədiyini də sözlərinə əlavə edib:
“Rəhmanı tənqid edənləri başa düşmürəm. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı futbolçular oynamır? Azərbaycanlı oyunçu Çempionlar Liqasında “Sabah”ı təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkədəki ən yaxşı üç futbolçudan biridir. Tənqidlər olacaq. Belə tənqidləri qəbul etmirəm. Rəhman və ya başqa futbolçularım nə ediblər? 33 oyun məğlub olmayan komanda çempion olub, kuboku qazanıb. Azərbaycanı Çempionlar Liqasında təmsil edirik. Nəyə görə oyunçularım tənqid olunmalıdır? Məsləhət görərdim ki, öz futbolçularımıza dəstək olaq. Onlar “Sabah” və Azərbaycan üçün böyük iş görüblər”.
Litvalı məşqçinin azərbaycanlı futbolçunu bu cür müdafiə etməsi təqdirəlayiq haldır. Meydanda daha çox yerli oyunçunu görməyi düşünmək əvəzinə millimizin üzvlərini tənqid edənlərə də Valdasın cavabı kifayət qədər tutarlıdır.
Görünən odur ki, Dambrauskas Azərbaycan futboluna təkcə oynatdığı baxımlı oyunla deyil, həm də fikirlərini də xeyir verəcək.


Şərhlər