Menu

Paşinyanın “hərbi baza gizlənpaçı” davam edir... - Qaluzinin açıqlaması nədən xəbər verir?

15.09.2026, 13:18
Paşinyanın “hərbi baza gizlənpaçı” davam edir... - Qaluzinin açıqlaması nədən xəbər verir?

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Ermənistandakı Rusiya hərbi bazasının taleyilə bağlı gözlənilməz bəyanat vermişdi. O demişdi ki, əgər Ermənistan artıq ona ehtiyac duymadığını hesab edərsə, Rusiya öz hərbi bazasını bu ölkədən çıxarmağa hazırdır. O daha sonra Moskvanın heç kimə heç nəyi zorla qəbul etdirmək niyyətində olmadığını bildirmişdi…

İlk baxışdan bu, Avropaya inteqrasiya yolunu seçdiyini bildirən indiki Ermənistan hakimiyyəti üçün “göydəndüşmə fürsət” kimi qiymətləndirilə bilərdi. Belə ki, Ermənistan Putinin təklifi ilə razılaşacağı təqdirdə, bununla da Rusiyanın Qafqazdakı forpostu statusundan çıxa bilərdi.

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan müstəqil qərar vermək, ortaya konkret iradə qoymaqdansa, məsuliyyəti Kremlin üstünə atmağa üstünlük verdi və bununla da ikili oyun oynamağa çalışdığını bir daha nümayiş etdirdi.

Paşinyan Putinin təklifinə cavab olaraq bəyan etdi ki, əgər Moskva bazasını çıxarmaq qərarına gələrsə, Ermənistan hakimiyyəti buna müdaxilə etməyəcək. Yox, əgər Rusiya bazanı saxlamaq niyyətindədirsə, Ermənistan bu məsələ ilə bağlı dialoqa hazırdır. 

Bununla da bir daha məlum oldu ki, Ermənistan üzdə müstəqillik görüntüsü yaratsa da, Rusiyanın ətəyindən əl çəkmək niyyətində deyil və Moskvanın regiondakı forpostu statusundan tamamilə məmnundur. Ermənistan hökumətinin hərbi baza, yaxud Rusiyanın regiondakı bu və ya digər formada varlığına guya qarşı çıxan “siyasəti” isə gizlənpaç oyunundan başqa bir şey deyil…

Nəhayət, Hərbi baza ətrafındakı vəziyyətə bu gün Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin aydınlıq gətirib. 

Onun sözlərinə görə, Moskva Ermənistandakı Rusiya hərbi bazasına alternativ görmür. "İzvestiya"ya verdiyi müsahibədə o deyib: "Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir sorğu almamışıq. Moskva hələ də onu respublikanın və bütün Cənubi Qafqazın təhlükəsizlik sisteminin vacib bir hissəsi hesab edir”.

Onun sözlərinə görə, Rusiya hərbi mövcudluğu məsələsi Ermənistanın ictimai-siyasi məkanında fəal şəkildə müzakirə olunur. Qaluzin bir növ ironiya ilə Fransanın regionda mümkün hərbi mövcudluğu perspektivinə də toxunub və bunun mümkünsüzlüyünə işarə edib: “Düzünü desəm, məsələn, Fransa əsgərlərini bu rolda təsəvvür etmək çətindir. Ən azından Fransanın Ermənistandan coğrafi uzaqlığı səbəbindən”.

Qaluzinin sözlərinə görə, Moskva müdafiə və təhlükəsizlik sahələrində, xüsusən də Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin "inventarizasiyası" çərçivəsində İrəvanla gələcək əməkdaşlığa açıqdır. Yəni, tərəflər arasında bu mövzuda bir növ fikir birliyi var.

Bütün bunlar o deməkdir ki, nə Rusiyanın öz hərbi bazasını Ermənistandan çıxarmaq fikri, nə də “qərbpərəst” Ermənistan hökumətinin belə bir istəyi var…

Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102-ci Hərbi Bazasının iki qarnizonu var – Gümrüdə və İrəvanda. Azərbaycanda isə Rusiyanın hərbi mövcudluğu yoxdur. Rusiya qoşunları ölkəmizi hələ 1993-ci ildə tərk edib. Bundan sonra qalan Qəbələ RLS-dəki hərbi baza isə 2012-ci ildə çıxarılıb. Nəhayət, 44 günlük müharibədən sonra Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları 2024-cü ilin iyununda ərazilərimizi tərk edib.

Cəlal Məmmədli

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol