Menu

"Kifayət qədər deyil" - Nazir müavini sualı da, cavabı da özü verdi

18.09.2026, 14:09
"Kifayət qədər deyil" - Nazir müavini sualı da, cavabı da özü verdi

Azərbaycanda xırdabuynuzlu heyvanların bəslənilməsinə xidmət edə biləcək örüş və otlaqlar kifayət qədər deyil.

"AzPolitika" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

O xatırladıb ki, örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq: 

"Ümumiyyətlə, bizim subsidiya hesablamaları müəyyən məntiqə dayanır. Orada müəyyənləşdirilən hədlər heç də heyvan alıb baş sayını artırmağa xidmət etmir. Çünki konkret həmin məqsəd üçün nəzərdə tutulmayıb. İribuynuzlu heyvanlarla bağlı daha çox intensiv, xırdabuynuzluda isə ənənəvi təsərrüfatlaşmanın davam etdirilməsini və ya yarı-intensiv təsərrüfatları dəstəkləyirik. Burada böyük əhəmiyyət daşıyan məsələ yem bazasıdır. Yem bazasına dair ya xırdabuynuzlu təsərrüfatlara dəstək göstərilə - yem bazasını əldə etməkdə problem yaşamasınlar - ya da təbii yem bazasının vəziyyəti yaxşılaşdırıla bilər".

İ.Qədimova qeyd edib ki, nazirlik Azərbaycanda görüş və otlaqların vəziyyətini təhlil edib: 

"Ölkədə 2 milyon hektardan çox örüş və otlaqlar var. Bəs xırdabuynuzlu heyvanların bəslənməsinə xidmət edə biləcək örüşümüz nə qədərdir? Bu, kifayət edirmi? Bu, kifayət qədər deyil. Son illərdəki iqlim dəyişiklikləri də göstərir ki, biomüxtəliflik orada azalır.

Burada məqsəd həmin subsidiya ilə istifadə edilən örüş və otlaqların yem bazasının yaxşılaşdırılmasıdır. Sovet dövründə bu istiqamətdə yaxşılaşdırma tədbirləri həyata keçirilirdi. İndi azərbaycanlı fermer istifadə etdiyi, icarəyə götürdüyü örüş və otlağın yem bazasının yaxşılaşdırılması üçün bu subsidiyadan istifadə edə biləcək. Yaxşılaşdırma tədbirləri müəyyən toxumların alınaraq səpilməsini, o cümlədən əlavə tədbirləri ehtiva edəcək. Bununla ərazilərin biomüxtəlifliyi pozulmadan yem bazası yaranacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol