Xaləddin İbrahimli,
professor
Giriş əvəzi: Mahir Mehdini anlamaq istəyirsənsə, baxdığın yeri dəyiş. Baxdığın yeri dəyişəndə heç nə əvvəlki kimi görünmür. Vaqif Bayatlı Odəri anlamaq istəyirsənsə, məsafəni, sərhədləri unut. Söhbət, əlbəttə, fiziki məsafədən, sərhədlərdən getmir.
Bayatlı haqqında danışanda ilk çətinlik onu hansı ədəbi anlayışın içinə yerləşdirmək olacaqdır. Şairi sürrealist adlandırırlar, mistik hesab edirlər, poeziyasında Tanrı, ölüm, göyüzü, mələklər, torpaq, sevgi, eşq və tənhalıq kimi anlayışların xüsusi yer tutduğunu vurğulayırlar. Bunların heç biri yanlış deyil. Ancaq Bayatlını yalnız bu anlayışlardan biri və ya cəmi ilə izah etdikdə onun poetik dünyasının ən mühüm xüsusiyyəti kənarda qalır.
Vaqif Bayatlını Vaqif Bayatlı edən onun dünyada bir-birindən ayrı düşmüş nəsnələri və varlıqları yenidən qovuşdurmaq, qohumlaşdırmaq qabiliyyətidir. Onun şeirində uşaq mələklə, insan torpaqla, ölüm həyatla, sevgi Tanrı ilə eyni poetik mətnin içində qovuşa və orada yaşaya bilir. Gündəlik düşüncənin bir-birindən ayırdığı sahələr onun poeziyasında sərhədsizləşir.
Vaqif bu ayrılıqları nəzəri fikir kimi mübahisələndirmir; sadəcə elə bir dünya yaradır ki, həmin sərhədlər və məsafələr mənasını itirir.
Onun məşhur “uşağına” baxmaq kifayətdir:
“Qonşu toyuna
on hasar o yana
oynayan uşaq...”
Bu uşaq Azərbaycan poeziyasında qəribə bir mənəvi vəziyyəti ifadə edir. Toy onun deyil. Toy onların evində də deyil. Uşaq nə toyun içindədir, nə qapısında, nə də yaxınlığında.
Arada on hasar var. Amma o oynayır. Adi düşüncə məsafəni ölçür: on hasar. Uşaq isə məsafəni hiss etmir, yaşamır. Çünki onun üçün sevincin kimə aid olması önəmli deyil; başqasının sevincini öz sevinci kimi yaşamaq üçün on hasar məsafə, sərhəd və ya maneə deyil.
İnsan böyüdükcə dünyanı bölməyi öyrənir. Mənim evim, sənin evin; mənim sevincim, sənin sevincin; mənim dərdim, sənin dərdin; mənim xalqım, başqa xalq. Bu bölgülər insanın kimliklərə sahiblənməsi, sosial varlıq kimi yaşaması üçün müəyyən mənada zəruridir. Lakin insan bu sərhədləri öyrəndikcə başqa bir qabiliyyətini də itirir: ÖZÜNƏ AİD OLMAYAN SEVİNCƏ SƏBƏBSİZ ŞƏKİLDƏ QOŞULA BİLMƏK QABİLİYYƏTİNİ.
Vaqifin uşağı həmin itkini hələ yaşamayıb. Qonşunun toyunun ona aid olmadığını yəqin ki, bilir. Amma qonşunun sevincinin ona aid olmadığını hələ öyrənməyib. Şeirin fəlsəfi gücü məhz buradadır. Uşaq dünyanı mülkiyyət münasibətlərindən əvvəl hiss edir. Sevincin sərhədi olmadığı üçün hasarın da mənəvi hakimiyyəti yoxdur. Fiziki maneə qalır, mənəvi məsafə isə yox olur.

Şeir bundan sonra daha böyük bir ölçüyə keçir. Torpaqda oynayan uşağın sevincinə “on göyüzü o yana” mələklər qoşulur. Bir tərəfdə hasarların arxasında balaca insan, o biri tərəfdə göylər var. Vaqif bu iki uzaqlıq arasında izahlı körpü qurmur. Onları elə yanaşı gətirir ki, sanki əvvəldən bir-birinə aid imişlər.
Bayatlının poetik yöntəmlərindən biri də budur: o, qeyri-mümkünü əsaslandırmağa çalışmır. Onun poeziyasında qeyri-mümkün olan şey özünü o qədər təbii aparır ki, oxucu bir müddətdən sonra onun qeyri-mümkün olduğunu düşünməyi dayandırır.
Uşaq necə mələklərlə birlikdə oynaya bilər?
Şeir bu suala cavab vermir.
Çünki Vaqifin poetik dünyasında sualın özü artıq əhəmiyyətini itirir. Burada varlıqlar fiziki məsafəyə görə deyil, mənəvi yaxınlığa görə bir-birinə bağlanır. Uşağın məsumluğu ilə mələyin saflığı eyni mənəvi sahəyə aiddir. Fiziki baxımdan aralarında “on göyüzü” ola bilər, mənəvi baxımdan isə heç bir məsafə yoxdur. VAQİF FİZİKANIN DEYİL, RUHUN MƏSAFƏSİNİ ÖLÇÜR.
Uşaq obrazının onun poeziyasında xüsusi yer tutması da təsadüfi deyil. Uşaqlıq burada sadəcə insan ömrünün ilk mərhələsi deyil; dünyanı qavramağın ayrıca formasıdır. İnsan böyüdükcə əşyaların adını, ictimai qaydaları, mümkün və qeyri-mümkün olanı, harada dayanmalı olduğunu, nəyi nədən ayırmalı olduğunu öyrənir. Şüur dünyanı getdikcə daha dəqiq təsnif edir.
Vaqifin poeziyası isə müəyyən mənada bu təsnifatların əksinə işləyir. Şair bildiklərimizi bizdən almır, onların mütləqliyini pozur. Bizi dünyanın hələ tam bölünmədiyi, adların əşyaları bir-birindən qəti şəkildə ayırmadığı, göylə yerin, insanla mələyin, həyatla ölümün bu qədər uzaq olmadığı bir idrak vəziyyətinə qaytarır. UŞAQ DÜNYANI ONA ÖYRƏDİLMİŞ SƏRHƏDLƏRDƏN ƏVVƏL GÖRƏN İNSANDIR. Buna görə onun göyüzü də bizim gündəlik göyüzümüzə bənzəmir. Bizim üçün göy uzaqlıqdır, astronomik və fiziki məkandır. Vaqifdə isə göyüzü bəzən gedilən, bəzən danışılan, bəzən içində yaşanan mənəvi, ruhani məkana çevrilir. Göy yalnız insanın başı üzərində deyil; onun daxili həyatının da bir hissəsidir. Bayatlının poeziyasında hərəkət buna görə iki istiqamətlidir: insan daim yerdən göyə qalxır, göy də daim yerə enir.
Ancaq bu hərəkətdə torpaq göyün qarşısında ucuz və dəyərsiz sahəyə, “aşağıya” çevrilmir. Əksinə, Vaqifin dünyasında torpaq da göy qədər müqəddəsdir, ucadır. Bir çox metafizik düşüncə sistemində yuxarı ilə aşağı arasında dəyər fərqi yaradılır: yuxarı ruhun, aşağı maddənin məkanıdır; yuxarı müqəddəsdir, aşağı fani. Vaqifdə isə bu iyerarxiya pozulur. Göyə doğru yüksəlmək mümkün olduğu kimi, torpağa doğru enmək də müqəddəs hərəkət ola bilər.
“Al məni qoynuna, ana torpaq, yenidən cücərim” düşüncəsi bu poetik sistemin ən aydın ifadələrindən biridir. Burada insan sadəcə ölmür. Torpağa tapşırılan insan toxuma çevrilir.
“Basdırılmaq”la “əkilmək” arasında yalnız söz fərqi yoxdur; iki müxtəlif varlıq anlayışı dayanır. Basdırılan şey üçün torpaq son məkandır. Əkilən şey üçün isə torpaq başlanğıcın şərtidir. Birində torpağa varmaq yoxluğa doğru hərəkətdir, digərində yenidən yaranmağa doğru. Vaqif ölümün semantikasını dəyişir. Ölüm son nöqtə olmaqdan çıxıb çevrilməyə, torpaq da qəbir olmaqdan çıxaraq ana bətninə dönür.
Beləliklə, ana ilə torpaq arasındakı çox qədim metaforik əlaqə Vaqifdə yenidən canlanır: insan bir dəfə ananın bətnindən dünyaya gəlir, sonda ana torpağa qayıdır və poetik təxəyyüldə yenidən cücərmək imkanını qoruyur. Buna görə Vaqifin torpaq anlayışını yalnız Vətən ideyası ilə məhdudlaşdırmaq kifayət deyil. Azərbaycan poeziyasında torpaq çox vaxt siyasi və tarixi məna daşıyır: Vətəndir, ata-baba yurdudur, qorunmalı ərazidir, uğrunda qan tökülən müqəddəs məkandır. Vaqifdə bu mənalar tamamilə yox olmur, amma torpaq siyasi coğrafiyadan çıxaraq insanın varlığına və yenidən qayıdışına yaxınlaşır. Torpaq artıq xəritədə çəkilmiş sərhəd deyil. İnsanın üzərində yaşadığı məkan olmaqla yanaşı, sonunda varacağı və poetik mənada yenidən doğula biləcəyi canlı başlanğıcdır.
Bu zaman Vətən anlayışının özü də dəyişir. Vətən yalnız üstündə yaşadığımız yer deyil; içindən gəldiyimiz, içində yaşadığımız və sonunda içinə dönəcəyimiz varlıqdır. İnsan torpaqdan ayrılmış müstəqil mövcudluq deyil, torpağın müvəqqəti olaraq insan şəklinə düşmüş davamı kimi görünür. Həyatla ölüm arasındakı sərhəd də məhz burada zəifləyir.
Bayatlının poeziyasında ölüm çoxdur. Ancaq bu ölümün rəngi həmişə qara deyil. Ölüm onun şeirində yalnız yoxluğun, itkinin və sonun adı kimi çıxış etmir; bəzən qayıdış, bəzən də varlığın bir vəziyyətdən digərinə keçməsi təəssüratı yaradır. Torpaq yalnız qəbir, göy əlçatmaz uzaqlıq, mələk yalnız dini mətnin varlığı, Tanrı isə sonsuz məsafənin o tayında dayanan varlıq deyil.
Vaqif böyük və metafizik anlayışları insanın danışıq dilindəki ən isti sözlərin yanına gətirir. “Canım”, “gözüm”, “gülüm”... Bu sözlər nəzəri fəlsəfənin deyil, məişət yaxınlığının sözləridir. Ana uşağına belə müraciət edir. İnsan sevdiyinə belə səslənir. Vaqif isə həmin nəvaziş dilini tarixə, ölümə, metafizikaya gətirir.
“O canım aslanlar,
gözüm aslanlar,
dar ağacından asılanlar...”
Bu misralarda onun poetik təfəkkürünün başqa bir mühüm tərəfi görünür: “aslanlar” və “asılanlar”. Səslər bir-birinə yaxındır, talelər bir-birindən çox uzaq. Birinci söz qüvvəni, iradəni, əyilməzliyi çağırır. İkinci fiziki məğlubiyyətin ən ağır mənzərəsini yaradır. Aslan ayaq üstə təsəvvür edilir, asılan insan isə dar ağacında. Vaqif bu iki sözü yalnız səsləndikləri üçün yanaşı gətirmir. Səs oxşarlığının içində tarixin paradoksunu açır: bəzən dar ağacından asılanlar məhz aslanlardır.
Fiziki məğlubiyyət mənəvi məğlubiyyət demək deyil. İnsan öldürülə bilər, amma yenə də məğlub olmaya bilər. Burada qəhrəmanlıq haqqında danışmaq üçün böyük sözlərə ehtiyac qalmır. Bayraq, döyüş, düşmən, qələbə kimi ənənəvi qəhrəmanlıq leksikası yoxdur. Şair “canım”, “gözüm” deyir.
Məhz buna görə Vaqifin tarix və Vətən haqqında şeiri tribunaya çevrilmir. Şair dar ağacından asılmış insanın qarşısında natiq kimi dayanmır, onu ideoloji simvola çevirmir. Əksinə, simvolu yenidən insana qaytarır. “Asılanlar” artıq tarix kitabının uzaq qəhrəmanları deyil. “Canım”dır, “gözüm”dür. Tarixi faciə ictimai yaddaşdan şəxsi ağrının içinə keçir. Vaqif qəhrəmanı heykələ çevirmir. Heykəli yenidən insana çevirir.
Bu dünyanın mənəvi mərkəzlərindən biri Tanrıdır. Ancaq Vaqifin Tanrısı teoloji mübahisənin Tanrısı deyil. Şair onun varlığını sübut etməyə çalışmır, dini hökm vermir, etiqad qaydalarını şeirə çevirmir. Tanrı daha çox insanın özündən böyük olanla təmas ehtiyacının, görünənlə görünməyən arasında əlaqə axtarışının, fanilik içində sonsuzluq hissinin poetik ifadəsinə çevrilir.
Ancaq burada Vaqif poeziyasının müəyyən zəifliyi də görünür. Tanrı kimi semantik yükü son dərəcə böyük olan bir anlayışa çox sıx müraciət edildikdə, həmin anlayış bəzən şeirin içindən təbii şəkildə yaranan metafizik təcrübə olmaqdan çıxıb poetik təsiri əvvəlcədən artırmaq vasitəsinə çevrilə bilir. Şeir öz daxili enerjisi ilə yüksəlmək əvəzinə Tanrı sözünün hazır mənəvi çəkisindən güc almağa çalışanda poetik məcburilik hiss olunur. Bu məqamlarda oxucu mistik halın özünü deyil, həmin mistik halın yaradılması cəhdini hiss edir. Təəssüf ki, bu hal bəzi başqa şairlərdə daha sıx görünür.
Lakin Vaqifin güclü şeirlərində Tanrı söz kimi deyil, münasibət kimi mövcuddur. Uşaqla mələyin, insanla torpağın, həyatla ölümün bir-birinə yaxınlaşması artıq Tanrının ayrıca adının çəkilməsinə ehtiyac qoymur. Metafizika sözlə elan edilmir; dünyanın quruluşunda hiss olunur. Onun mistikası qaranlıq deyil, işıqlıdır. Metafizik duyum insanı dünyadan uzaqlaşdırmır, əksinə, dünyaya daha həssas şəkildə bağlayır. Uşağın təəccübü, gülün açılması, yağışdan sonra yuyulmuş göyüzü, torpağın qoxusu – bunların hamısı görünən dünyanın içində başqa bir dərinliyin mümkünlüyünü hiss etdirir.
Vaqif üçün müqəddəs olan həyatın qarşısında yerləşmir. Həyatın dərinliyində gizlənir. Tanrıya yaxınlaşmaq da dünyadan uzaqlaşmaq anlamına gəlmir. Metafizika göydə qalmır; gündəlik həyatın ən adi nəsnələrinin içinə enir. ONUN FƏLSƏFƏSİ SİSTEM DEYİL, DUYUMDUR. Vaqif Bayatlı dünyanı dəyişdirməyə çağıran şair deyil. O, dünyanın dəyişməsindən əvvəl onu görən şüurun dəyişməsini istəyir.
Məhz burada Mahir Mehdi ilə maraqlı fərq ortaya çıxır. Mahir adi anlayışların əlaqəsini dəyişdirərək yeni poetik məntiq qurur. “Həyat dəyər, üstünü ört” deyəndə bizim tanıdığımız səbəb-nəticə münasibətini yerindən oynadır.
Vaqifdə isə proses bir qədər başqadır. O, yeni məntiq yaratmaqdan çox, məntiqdən əvvəlki vəziyyəti bərpa etməyə çalışır:
Uşaq mələkləri görə bilər.
Torpaq sevgili ola bilər.
Ölən insan cücərə bilər.
Göyüzündə oynamaq mümkündür.
Yetkin şüur bunların mümkün olmadığını bilir. Şair isə dünyanın qaydalarını çox yaxşı bilə-bilə bir anlıq onları unutmağı bacaran insandır. Buradakı “bilməmək” savadsızlıq deyil; dünyanın çoxsaylı imkanlarını bir izaha qapatmamaq qabiliyyətidir. Böyük insan dünyanın qaydalarını öyrənir, şair isə həmin qaydaların mütləq olmadığını xatırlayır. Böyük şair olmaq üçün, əlbəttə, çox şey bilmək lazımdır. BƏZƏN İSƏ BİLDİKLƏRİNİN BİR QİSMİNİ UNUTMAQ LAZIM GƏLİR. Vaqif Bayatlı Odər bu ikinci qabiliyyətin şairidir.
Onun şeirində sözün səsi də bu dünyagörüşündən ayrı deyil. Vaqif şeiri yalnız yazmır, onu səsdə yaşayır. Buna görə məna çox vaxt yalnız sözlərin lüğəvi məzmunundan yaranmır. Təkrar, çağırış, ahəng, səs yaxınlığı, “canım”, “gözüm”, “gülüm” kimi sadə müraciətlər şeirin semantikasına daxil olur. Dil sadəcə hadisəni danışmır; hadisənin fəlsəfəsini öz səs quruluşunda daşıyır.
Bayatlının özünəməxsusluğunu yalnız “gözəl metaforalar yaradır” deməklə izah etmək buna görə azdır. Onun metaforaları şeirə əlavə edilmiş bəzək deyil. Bir-birini tamamlayan vahid dünya modelinin hissələridir. Uşaq, mələk, göyüzü, torpaq, ölüm, Tanrı, gül, eşq – bunların hər biri ayrıca motiv olsa da, eyni poetik kainatın daxilində yaşayır.
Bəlkə buna görə Vaqif Bayatlının şeirlərini oxuyanda ilk hiss etdiyimiz duyğu yadlıqdan çox qəribə bir tanışlıqdır. Ağlımız belə dünyanın olmadığını deyir. İçimizdə daha qədim bir yaddaş isə onun nə vaxtsa mümkün olduğunu pıçıldayır.
Bəlkə uşaqlıqda biz də dünyanı belə görmüşük. Sonra böyümüşük. Əşyaların adını öyrənmişik. Hasarların kimə məxsus olduğunu bilmişik. Sevincin də sahibi olduğunu düşünməyə başlamışıq. Ölümün son olduğunu öyrənmişik. Torpağın sadəcə torpaq olduğunu qəbul etmişik. Göyün uzaqda olduğunu anlamışıq. Mələkləri kitablara yerləşdirmişik. Dünyanı tanıdıqca onu hissələrə ayırmışıq.
Bayatlı poeziyası isə bu öyrəndiklərimizin hamısını inkar etmir. Daha incə bir iş görür: onların dünyanı görməyin yeganə yolu olmadığını xatırladır. O, bizə tamamilə yeni dünya yaratmır. Böyüdükcə itirdiyimiz bir görmə qabiliyyətini geri qaytarmağa çalışır.
Buna görə onun poeziyasının ən doğru simvolu nə ölüm, nə Tanrı, nə torpaq, nə də göyüzüdür. Ən doğru simvol həmin uşaqdır. Qonşunun toyuna on hasar o yana oynayan uşaq.
Çünki həmin uşaq hələ dünyanı “mənim” və “başqasının”, “yer” və “göy”, “mümkün” və “qeyri-mümkün”, “həyat” və “ölüm” kimi qəti sərhədlərə bölməyib.
Vaqif Bayatlı Odərin poeziyası da, əslində, həmin uşağı insanın içində qorumaq cəhdidir. Bəlkə onun bütün şeir macərasının ən dərin mənası budur: BÖYÜMƏK QAÇILMAZDIR, AMMA DÜNYANI YALNIZ BÖYÜKLƏRİN GÖZÜ İLƏ GÖRMƏYƏ MƏCBUR DA DEYİLİK.Məsafəni unutmaq, sərhədləri görməmək istəyirsənsə, bu dünyaya hərdən bir uşaq gözü ilə baxacaqsan.
Hər iki şairə dərin sevgi və sayğılarla!
“AzPolitika.info”


Şərhlər