Büdcəsi məhdud olan insanlarımız yayın isti günlərini arada-sırada dəniz sahillərində, dağların qoynunda keçirməyə çalışırlar. Şükürlər olsun ki, Vətənimiz dağlardan, meşələrdən, yaşıl düzənliklərdən, gur çaylardan və Xəzər dənizindən kasad deyil. Bu zəngin, əvəzsiz sərvətə görə Uca Allaha sonsuz minnətdarıq.

Mən isə bir tərəfi mirvari damlalı Xəzər, digər tərəfi əzəmətli Talış dağları, buz kimi saf sulu Xanbulan gölü və nadir flora-faunası ilə dünyada şöhrət qazanmış Hirkan qoruğu ilə əhatələnmiş bir yurdda yaşasam da, bu ecazkar guşələri yetərincə gəzib-dolaşa bilməmişəm.

Səbəbi isə təbiətə biganəliyim deyil. Yaradanın bəxş etdiyi bu gözəlliklərlə təmas ruhu dincəldir, gözlərə nur verir, insanın fiziki və psixoloji sağlamlığı üçün təbii immunitet yaradır.

Amma insan bir çox hallarda – müasir həyatın qayğıları, tükənməyən düşüncələri, sağlamlıq problemləri səbəbindən – bu cür gözəlliklərdən məhrum olur. Bəzən isə təbiətdən zövq almaqdan daha çox, sadəcə yaşayışını təmin etməyə çalışır.

Elə ötən gün dəniz sahilində rastlaşdığım bir gənclə söhbətimiz mənə bunu bir daha xatırlatdı.

Əslində, çox vaxt evdən çıxmağa səhhətim əl verməsə də, həmin gün anidən verdiyim bir qərar yorğun addımlarla məni dəniz sahilinə apardı. Yazının əsas mövzusu füsunkar təbiət olmasa da, bəhs edəcəyim gəncin qurduğu kiçik ailəvi məkan məhz dəniz mənzərəli sahildə yerləşir.

Lənkəran vağzalının yaxınlığında, Tofiq Aslanov küçəsindən başlayan cığırla sahildəki qumsallığa endim. Kiçik sal daşlarının üzərinə çıxdım. Dalğaların ayağıma toxunuşunu, dənizi, aydın rənglərin birləşdiyi dəniz üfüqünü xeyli seyr etdim. Axı dənizə baxmaq da ibadətdir, buyurub sevimli Peyğəmbərimiz. Allahın əzəmətini yada salan, insan təfəkkürünü artıran, mənəvi ruhu nizama salan bir dua kimi...

Sonra ətrafda qoyulmuş masalardan birində əyləşdim. Bir neçə dəqiqədən sonra 29-30 yaşlarında, xoşüzlü, qarayanız bir oğlan yaxınlaşıb sakit, mehriban səslə soruşdu:

– Çay gətirim?

– Zəhmət olmasa...

Jurnalist ruhudur, nədir, bilmirəm. Getdiyim yerdə gözüm mövzu axtarışında olur. “Bu gözəl mənzərədən, elə çay gətirən bu gəncdən yaxşı reportaj hazırlamaq olar”, – deyə öz-özümə səsli düşündüm.

Gənc oğlan çaynik, tərtəmiz armudu stəkan və qəndqabını səliqə ilə masaya düzdü.

– Təşəkkür edirəm.

– Nuş olsun, – deyib podnosu əlində o yan-bu yana çevirdi, sonra mənə tərəf baxdı.

– Bayaq dediklərinizi eşitdim. Yazmaqdan bəhs edirdiniz. Deyəsən, jurnalistsiz.

Sonra bir anlıq susdu. Mehriban üzünə qəm çökdü, baxışları dəyişdi. Ürəyi doluydu, bunu hiss etmək o qədər də çətin deyildi.

– Hərdən yazmağa çalışıram, – dedim və söhbətimiz məhz bu nöqtədən başladı.

– Məkan sizindir, yoxsa sadəcə burada işləyirsiniz?

– Xeyr, özüm yaratmışam. 2016-cı ildə. Müştərilərə də özüm xidmət edirəm.

– Adınızı bilmək olar?

– Hikmət. Allahın hikməti, – deyə cavab verdi və cümləsini özü tamamladı.

– İşinizdən narazısınız?

– Xeyr... Məmnunam. Ən azı diplomumda yazılan ixtisasım üzrə işdən fərqli olaraq, bu gün əlimdə gəzdirdiyim çay stəkanı ilə daha yaxşı qazanıram.

Hikmətin çay məkanına gələn müştərilər dənizdən əsən sərin mehi içinə çəkib dincələrkən, bəlkə də fərqində deyillər ki, onlara çay dəmləyib süzən bu gənc əslində ali təhsilli, diplomlu bir mütəxəssisdir. İxtisası üzrə verilən az maaşla dolana bilmədiyi üçün həyatını tamamilə başqa sahələrə bağlamalı olub. Sahildəki kiçik çay guşəsi isə onun mövsümi qazanc yeridir.

O, həyatının bu dönüşünü mənə belə nəql etdi:

– Lənkəran Dövlət Universitetinin kimya və biologiya müəllimliyi ixtisasını bitirmişəm. Orta məktəbdə də, universitetdə də əla qiymətlərlə oxumuşam. Amma əlimdəki çay stəkanı ilə diplomum arasındakı böyük fərqə baxın...

Lənkəranda çayçılıq nə qədər populyardırsa, stəkan-stəkan çay içmək də yerli sakinlərin bir o qədər sevimli adətidir. Xüsusilə samovarda dəmlənmiş çayı armudu stəkanda içəndə... Hikmətin təqdim etdiyi pürrəngi çaydan bir qurtum aldım. Dadı da, ətri də bir başqa idi. Onun kimya və biologiya müəllimi olduğunu bildikdən sonra düşündüm: bəlkə də çaya sadəcə adət və zövqlə deyil, həm də bir kimyaçı kimi elmi maraqla yanaşır.

– İllərlə əziyyət çəkib oxumuşam, kirayələrdə qalmışam. Diplomu əlimə alanda, müəllim adını qazananda keçirdiyim sevinc, qürur hissi mənə bütün çətinlikləri unutdurmuşdu. Sinif otağında şagirdlərə dərs deməyin xəyalını qururdum. Lakin bu gün çay satmaqla məşğulam, sabah isə Allah bilir hansı sahədə işləyəcəyəm.

Hikmət danışdıqca hiss edirdim ki, onun sözlərinə qarşı dərin narahatlıq, daxili gərginlik keçirirəm. Doğrudan da, Hikmət kimi neçə kişi pedaqoq aşağı əməkhaqqı səbəbindən təhsil sahəsindən, sevimli peşələrindən uzaqlaşıb. Onlar çalışmaq üçün özəl sektorları, fərdi sahibkarlıq fəaliyyətini daha məqbul hesab edirlər.

Rəsmi statistikaya görə, ölkənin ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı qadın müəllimlərlə müqayisədə xeyli azdır. İbtidai siniflərdə isə kişi müəllimlərin payı cəmi 5-6 faiz təşkil edir.

Təhsil ekspertləri və psixoloqlar bu vəziyyətlə bağlı illərdir narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, kişi pedaqoqların tədris prosesində daha fəal iştirakı, xüsusilə oğlan uşaqlarının xarakterinin, sosial davranışlarının və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərə bilər. Müxtəlif tədqiqatlar da kişi və qadın pedaqoqların tədris və uşaqların tərbiyəsinə yanaşmalarında müəyyən fərqlərin olduğunu göstərir.

Bütün bu mənzərənin fonunda bir daha gənc müəllim Hikmətin taleyinə qayıdaq. Çünki statistik rəqəmlərin arxasında bəzən bir insanın yarımçıq qalan arzuları, ümidləri dayanır. Ümidlərinin, qurduğu xəyalların sanki sındırıldığını, müəllim peşəsindən küsdürüldüyünü dilə gətirən Hikmət kədərli səslə söylədi:

– Bəzən deyirlər ki, valideynlər oğlan uşaqlarını kənarda qalmamaq üçün müəllim peşəsini seçməyə məcbur edirlər. Bəlkə səmimiyyətimə inanmayacaqlar, amma mən təhsil sahəsində karyera qurmaq barədə ciddi düşünürdüm və müəllim olmağı qarşıma məqsəd qoymuşdum.

Hikmət bir neçə il əvvəl Müəllimlərin İşə Qəbulu imtahanında da yüksək nəticə əldə edib. Dediyinə görə, heç bir hazırlıq kursuna getməyib, öz səyi ilə hazırlaşıb.

– İmtahanda qazandığım uğur bilik və bacarığımın nəticəsiydi. Lənkəranda Bəlləbur kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başladım. Məvacib çox az idi, cəmi 200 manat. Əlavə dərs saatı da təyin olunmadı. Məni küsdürdülər, sevdiyim peşəmdən, məktəbdən ayrıldım. Təəssüf ki, mənim kimilər çoxdur. İstər ailə başçısı olan kişilər, istər subay oğlanlar daha yüksək maaş verən sahələrə üstünlük verirlər. Bunu biz yox, günün sosial şərtləri tələb edir. Demirəm ki, başqa sahədə çalışmaqla varlanaram, dəbdəbəli həyat yaşayaram. İndi gördüyüm işin belə bir lüksü də yoxdur. Amma ən azından gələcəkdə quracağım ailəmi normal həyatla təmin edəcəyimi düşünürəm...

Söhbət əsnasında Hikmətin həyatının başqa bir məqamını da öyrəndim. 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq adını döyüşə getmək istəyənlərin siyahısına yazdırıb. Müharibəyə çağırılmadığı üçün isə çox heyifsilənib. O günlərdə Vətəni düşməndən azad etmək arzusu minlərlə Azərbaycan gəncinin qəlbində kök salmış müqəddəs bir duyğu idi. Hikmət də həmin duyğunu özündə daşıyan gənclərdən biri olub.

Sağollaşanda Hikmətdən məkanın fotosunu çəkmək üçün icazə istədim. Etiraz etmədi. Şəkil çəkərkən içəridə çay süfrəsi arxasında əyləşmiş bir neçə gənc oğlan gördüm. Onlardan biri soruşdu:

– Sosial şəbəkədə dəstək olmaq üçün paylaşacaqsınız?

– Xeyr, təəssüf ki, mövzu daha dərindir...

Gənclərlə qısa söhbətimizdən məlum oldu ki, onlar da ali təhsillidirlər, kimya-biologiya müəllimidirlər. Biri Hikmətin qardaşı, digəri isə dostu idi. Hər ikisi az maaşla məktəbdə çalışır.

Onu da öyrəndim ki, müəllimlik Hikmətgilin ailəsində ata peşəsi imiş. Atası Hikmətin doğulub boya-başa çatdığı Lerik rayonunun Tikəband kəndində sayılıb-seçilən kimya-biologiya müəllimidir.

P.S. Telefonu əlimə alıb not dəftərində qeydlər aparanda Hikmət təəccüb içində soruşdu:

– Doğrudan da yazacaqsınız?

Onunla bu yazını paylaşmaq barədə elə oradaca razılaşdıq. Təəssüf ki, o, şəklinin mətndə yer almasını istəmədi.

P.P.S. Bir şeyi isə Hikmətdən soruşmağı unutdum: Görəsən, qurduğu bu kiçik məkanda günəşin doğuşundan, daşları döyəcləyən süd kimi ağ köpüklü ləpələrin ritmindən və hər gün üzünü oxşayan Xəzərin mehindən zövq ala bilirmi...?