Əliməmməd Nuriyev,
Konstitusiya Araşdırmalar Fondunun prezidenti
Hərbi xidmət adi əmək münasibəti deyil. Bu yolu seçən insan əvvəlcədən bilir ki, onun həyatı xüsusi rejim, ciddi intizam, müəyyən hüquqi məhdudiyyətlər, yüksək məsuliyyət, bəzən isə həyat üçün birbaşa risklə bağlı olacaq. Dövlət də bunun müqabilində həmin insanın və ailəsinin sosial müdafiəsini öz üzərinə götürür.
Əslində, burada yazılmamış bir razılaşma var: sən dövlətin təhlükəsizliyi naminə müəyyən hüquq və rahatlıqlarından keçirsən, dövlət də xidmət dövründə və xidmətdən sonra səni müdafiəsiz qoymur.
Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsi uzun illərdir dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qərarlarda hərbi qulluqçuların pul təminatının artırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ardıcıl xətt kimi görünür.
Hələ Prezidentin 28 dekabr 2011-ci il tarixli fərmanda hərbi sahəyə ayrılan vəsaitlərin artırılması ilə yanaşı, hərbi qulluqçuların əməkhaqlarının davamlı artırılması, imtiyaz və güzəştlərin genişləndirilməsi, onların ailələrinin sosial müdafiəsinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi qeyd edilirdi. Həmin fərmanla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması istiqamətində mühüm sosial mexanizm yaradıldı.
Prezident İlham Əliyev sonrakı illərdə də hərbi qulluqçuların sosial müdafiəsinin ordu quruculuğunun mühüm tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb. 2018-ci ildə hərbçilərə mənzillərin təqdim olunması zamanı dövlət başçısı bu istiqamətə münasibətini çox aydın ifadə etmişdi: “Ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi... xüsusi yer tutur.”
Bütün bunlar hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsinin dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.
Məhz bu ardıcıl dövlət siyasətinin davamı olaraq, hərbi qulluqçuların sosial təminatı sahəsində mövcud hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi imkanlarına baxmaq faydalı olardı. Müxtəlif hərbi qurumlarda xidmət edən hərbi qulluqçular üçün tətbiq olunan pul və sosial təminat mexanizmlərinin hansı meyarlara əsaslandığının müqayisəli hüquqi təhlili bu baxımdan maraq doğurur.
Məsələyə yanaşmanın əsas prinsipi mövcud sosial təminatların qorunması və hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi olmalıdır. Azərbaycan Ordusunda formalaşmış və özünü doğrultmuş sosial təminat mexanizmləri də bu baxımdan digər hərbi qurumlar üçün faydalı təcrübə kimi nəzərdən keçirilə bilər.
Məqsəd fərqləri mexaniki şəkildə aradan qaldırmaq deyil. Əsas məsələ hərbi qulluqçu statusundan irəli gələn baza təminatları ilə xidmətin xüsusiyyətlərindən doğan əlavə təminatlar arasında daha aydın hüquqi meyarların formalaşdırılmasıdır.
Konstitusion yanaşma: Silahlı Qüvvələrin vahidliyi
Bu məsələyə hüquqi yanaşmanın mühüm başlanğıc nöqtələrindən biri Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsidir.
26 sentyabr 2016-cı il referendumunda həmin maddənin I hissəsinə mühüm dəyişiklik edildi. Konstitusiyanın hazırkı mətninə görə: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”
Beləliklə, Konstitusiya Azərbaycan Ordusu ilə yanaşı başqa silahlı birləşmələrin də Silahlı Qüvvələrin tərkib hissəsi olduğunu açıq şəkildə müəyyənləşdirir. Bu konstitusion yanaşma sosial təminat məsələsinə də müəyyən hüquqi rakurs verir. Silahlı Qüvvələr vahid konstitusion anlayış daxilində Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdirsə, həmin sistemdə hərbi xidmət keçən şəxslərin baza sosial təminatındakı fərqlərin hansı obyektiv meyarlara əsaslandığı da aydın olmalıdır.
Təbii ki, konstitusion vahidlik bütün qurumların eyni funksiyanı daşıması və ya bütün hərbi qulluqçuların eyni maaş alması demək deyil. Azərbaycan Ordusunun, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların və digər silahlı birləşmələrin funksional xüsusiyyətləri var.
Müxtəlif tabelik isə vahid Silahlı Qüvvələr anlayışını aradan qaldırmır. Ona görə fərqləndirmənin əsas meyarı yalnız qurum mənsubiyyəti deyil, xidmətin xarakteri, riski, ağırlığı, məsuliyyəti və digər obyektiv amillər olmalıdır.
Maaşdan pensiyaya qədər
Mövcud sosial təminat mexanizmlərinə müqayisəli baxış göstərir ki, məsələ yalnız pensiya təminatı ilə məhdudlaşmır. Aylıq pul təminatı, müxtəlif əlavələr, pensiyanın hesablanması və mənzil təminatı birlikdə qiymətləndirildikdə daha dolğun mənzərə yaranır.
Pul təminatı: fərqin real miqyası nə qədərdir?
Müxtəlif hərbi qurumlarda eyni və ya müqayisə edilə bilən rütbə və vəzifələr üzrə pul təminatında fərqlərin olması barədə məlumatlar mövcuddur.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının pul təminatının, məsələn, Dövlət Sərhəd Xidmətində müqayisə edilə bilən kateqoriyalarda xidmət edən hərbi qulluqçuların təminatından bəzi hallarda əhəmiyyətli dərəcədə yüksək olduğu, fərqin orta hesabla 30 faizə qədər çatdığı barədə də məlumatlar səsləndirilir.
Burada rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır.
30 faiz göstəricisini açıq rəsmi maaş cədvəlləri əsasında bütün rütbə və vəzifələr üzrə təsdiqlənmiş ümumi rəqəm kimi təqdim etmək mümkün deyil. Müxtəlif hərbi qurumların konkret vəzifələr üzrə maaş cədvəllərinin tam şəkildə açıq informasiya dövriyyəsində olmaması da dəqiq müqayisəni çətinləşdirir.
Bu səbəbdən əsas məsələ konkret bir faiz üzərində dayanmaqdan daha çox müqayisə edilə bilən məlumatların mövcudluğudur.
Eyni rütbə, eyni xidmət stajı, müqayisə edilə bilən vəzifə, vəzifə və rütbə maaşı, daimi əlavələr, risk və xüsusi xidmət ödənişləri yanaşı qoyulduqda real mənzərəni daha dəqiq görmək mümkündür.
Azərbaycan Respublikasının Prezidentin müxtəlif illərdə imzaladığı sərəncamlar göstərir ki, hərbi qulluqçuların pul təminatının artırılması ayrı-ayrı qurumlar üzrə ardıcıl həyata keçirilib. 2025-ci ildə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi və hərbi xidmət nəzərdə tutulan bir sıra digər dövlət orqanlarında hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması barədə qərarlar qəbul edildi.
Bu isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial müdafiəsinin ardıcıl gücləndirilməsinə yönəlmiş siyasətinin davamıdır.
Eyni faizlə artım isə başlanğıc maaş məbləğləri fərqli olduqda həmin fərqləri avtomatik aradan qaldırmır. Buna görə gələcəkdə müqayisəli yanaşma yalnız artım faizlərini deyil, ümumi pul təminatının strukturunu da əhatə edə bilər.
Əlavələr: az görünən, amma mühüm məsələ
Pul təminatının digər tərəfi müxtəlif əlavələrdir. Müdafiə Nazirliyi sistemində müəyyən rəhbər vəzifələr üzrə aylıq pul təminatına yüzlərlə, bəzi məlumatlara görə 500 manatdan 3000 manat və daha artıq məbləğlərdə əlavələrin tətbiq edilməsi barədə məlumatlar var.
Bu rəqəmləri açıq rəsmi sənədlərlə bütün vəzifələr üzrə təsdiqləmədən ümumi tarif kimi təqdim etmək düzgün olmaz.
Burada daha vacib olan məbləğin özündən çox sistemin necə qurulmasıdır. Eyni və ya analoji əlavələr digər hərbi qurumlarda varmı? Bu əlavələr hansı meyarlara əsasən müəyyən edilir? Onların hansı hissəsi gələcək pensiyanın hesablanmasına daxil edilir?
Çünki hərbi qulluqçunun faktiki aldığı aylıq məbləğlə gələcək pensiyasının hesablanmasına daxil edilən təminat xərcliyi həmişə eyni olmur.
Qanunvericilik təminat xərcliyinə vəzifə maaşını, hərbi rütbəyə görə maaşı, xidmət illərinə görə əlavəni və müəyyən digər ödənişləri daxil edir. Lakin bütün faktiki ödənişlərin avtomatik olaraq pensiyanın hesablanmasına daxil edilməsi nəzərdə tutulmur.
Bu gün oxşar faktiki gəlir əldə edən iki hərbi qulluqçunun aldıqları ödənişlərin strukturu fərqlidirsə, gələcək pensiya təminatlarında da fərq yarana bilər.
Deməli, “bu gün nə qədər alır?” sualının yanında başqa bir sual da dayanır: Hansı təminat xərcliyindən pensiyaya çıxacaq?
Pensiyada fərq rəqəmlərlə daha aydın görünür
Pul təminatında tam müqayisə aparmaq açıq məlumatların məhdudluğu səbəbindən çətindirsə, pensiyanın hesablanması mexanizmində fərqlər qanunvericilikdən daha aydın görünür.
25 il hərbi xidmət üzrə pensiyanın hesablanmasında baza göstəricisi müvafiq təminat xərcliyinin 65 faizidir.
Fərq sonrakı xidmət illərində meydana çıxır.
Müdafiə Nazirliyi sistemində müvafiq kateqoriya üzrə 25 ildən artıq xidmətin hər əlavə ili üçün 3 faiz, digər müvafiq hərbi qulluqçular üzrə isə ümumi qaydada 2 faiz hesablanır.
Rəqəmlərlə mənzərə belədir:
Müdafiə Nazirliyi / Azərbaycan Ordusu
25 il xidmət – 65 faiz.
25 ildən artıq hər əlavə il – 3 faiz.
30 il xidmət – 80 faiz.
35 il xidmət – 95 faiz.
Dövlət Sərhəd Xidməti
25 il xidmət – 65 faiz.
25 ildən artıq hər əlavə il – 2 faiz.
30 il xidmət – 75 faiz.
35 il xidmət – 85 faiz.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
25 il xidmət – 65 faiz.
25 ildən artıq hər əlavə il – 2 faiz.
30 il xidmət – 75 faiz.
35 il xidmət – 85 faiz.
Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları
25 il xidmət – 65 faiz.
25 ildən artıq hər əlavə il – 2 faiz.
30 il xidmət – 75 faiz.
35 il xidmət – 85 faiz.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayı
Burada dəqiqləşdirmə vacibdir: Penitensiar xidmətdə çalışan hər kəs hərbi qulluqçu deyil. Müqayisədə söhbət məhz Mühafizə alayında hərbi xidmət keçən şəxslərdən gedir.
25 il xidmət – 65 faiz.
25 ildən artıq hər əlavə il – 2 faiz.
30 il xidmət – 75 faiz.
35 il xidmət – 85 faiz.
Bir faiz ilk baxışda böyük görünməyə bilər. Uzun xidmət müddətində isə fərq artır.
Məsələn, 30 il xidmətdə 3 faizlik model 80, 2 faizlik model 75 faiz nəticə verir. 35 ildə göstəricilər müvafiq olaraq 95 və 85 faiz olur.
Pensiyanın hesablanmasına əsas götürülən təminat xərcliyini şərti olaraq 3000 manat qəbul etsək, 30 illik xidmət üzrə sadə hesablama belədir:
3 faizlik model – 2400 manat.
2 faizlik model – 2250 manat.
Fərq ayda 150 manatdır.
35 illik xidmətdə isə eyni şərti təminat xərcliyi üzrə göstəricilər 2850 və 2550 manat olur. Fərq artıq 300 manatdır.
Bunlar konkret şəxslərin pensiya məbləğləri deyil. Hesablama yalnız iki fərqli faiz mexanizminin uzun xidmət müddətində hansı nəticəni yaratdığını göstərmək üçündür. Konkret pensiyanın məbləğinə qanunvericiliyin digər normaları da təsir edir.
Məsələyə hüquqi baxımdan yanaşdıqda maraqlı sual meydana çıxır: eyni dövlətə hərbi xidmətin 26-cı, 27-ci və ya 30-cu ilinin bir hərbi qulluqçu üçün 3, digəri üçün 2 faizlə qiymətləndirilməsi hansı obyektiv meyarlarla əsaslandırılır?
Əgər fərqin arxasında xidmətin ağırlığı, döyüş riski, xüsusi məsuliyyət və ya başqa obyektiv amillər dayanırsa, bu fərqləndirmə öz hüquqi izahını tapa bilər.
Konstitusiyanın Silahlı Qüvvələri Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət vahid sistem kimi müəyyən etdiyi şəraitdə bu meyarların daha aydın olması qanunvericiliyin tətbiqi baxımından da faydalı olardı.
Daxili Qoşunların yeri
Bu müqayisədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının vəziyyəti ayrıca diqqət tələb edir.
Daxili Qoşunlar hüquq-mühafizə sisteminin tərkibində olsa da, burada söhbət adi polis xidmətindən getmir. Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçirilir, hərbi qulluqçular hərbi rütbə daşıyır, hərbi intizama tabedir və qanunvericiliklə müəyyən edilmiş hallarda xüsusi, o cümlədən yüksək riskli tapşırıqlar yerinə yetirirlər.
Dövlət başçısının Daxili Qoşunların hərbi qulluqçularının maaşlarının artırılması barədə müxtəlif illərdə qəbul etdiyi qərarlar da onların sosial müdafiəsinin dövlət siyasətində ayrıca nəzərə alındığını göstərir.
Pensiya təminatına gəldikdə isə 25 ildən artıq xidmətin hər əlavə ili üçün Daxili Qoşunlarda 2 faizlik, Müdafiə Nazirliyinin müvafiq kateqoriyasında isə 3 faizlik mexanizm tətbiq olunur. Nəticədə 30 illik xidmətdə 5, 35 illik xidmətdə 10 faiz bəndi fərq yaranır.
Daxili Qoşunlarda 20, 25 və ya 30 il həqiqi hərbi xidmət keçirmiş, xüsusi rejimə və hərbi intizama tabe olmuş hərbi qulluqçunun baza sosial təminatının müəyyən edilməsində hansı meyarların əsas götürülməsi buna görə ayrıca hüquqi qiymətləndirməyə layiqdir.
Xüsusi risk, xüsusi əməliyyat, ağır xidmət şəraiti və əlavə məsuliyyət daha yüksək təminatla qiymətləndirilə bilər və qiymətləndirilməlidir.
Məsələ baza təminatı ilə xidmətin xüsusiyyətlərindən irəli gələn əlavə təminat arasında hüquqi sərhədin mümkün qədər aydın müəyyən edilməsidir.
Mənzil təminatı və Prezidentin sosial qayğı siyasəti
Hərbi qulluqçuların mənzil təminatı Prezidentin bu sahəyə xüsusi diqqətini ən aydın göstərən istiqamətlərdən biridir.
28 dekabr 2011-ci il tarixli fərmanın öz adı da bunu ifadə edir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə”.
Fərmanda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən olunub. Sonrakı illərdə bu mexanizmin tətbiqi çoxsaylı hərbi qulluqçu ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. Prezidentin hərbçilərə mənzillərin təqdim olunması mərasimlərində iştirakı da bu məsələyə verilən xüsusi əhəmiyyəti göstərir.
Burada maraqlı hüquqi məsələ meydana çıxır.
2011-ci il fərmanında “Silahlı Qüvvələrin hərbi qulluqçuları” ifadəsi işlədilib. 2016-cı il referendumundan sonra isə Konstitusiyanın 9-cu maddəsində Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu təsbit edilib.
Bu normaların qarşılıqlı əlaqəsi və “Silahlı Qüvvələrin hərbi qulluqçuları” anlayışının sosial təminat qanunvericiliyində tətbiq dairəsi hüquqi baxımdan daha aydın müəyyənləşdirilə bilər.
Məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətləri çərçivəsində onun icraatına çıxarıldığı halda, veriləcək hüquqi mövqe həm həmin anlayışın konstitusion-hüquqi məzmununun dəqiqləşdirilməsi, həm də qanunvericiliyin vahid tətbiqi baxımından mühüm əhəmiyyət daşıya bilər.Burada məqsəd hansısa kateqoriyanın avtomatik olaraq konkret mənzil proqramının subyekti olduğunu əvvəlcədən iddia etmək deyil. Hüquqi sual daha genişdir: Konstitusiyada Silahlı Qüvvələr anlayışının Azərbaycan Ordusunu və başqa silahlı birləşmələri əhatə edən məzmunda müəyyən edilməsindən sonra uzunmüddətli qüsursuz hərbi xidmətə əsaslanan sosial təminat mexanizmlərinin tətbiqində hansı vahid baza prinsiplərindən çıxış edilməlidir?
Bu isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial müdafiəsinin ardıcıl gücləndirilməsinə yönəlmiş siyasətinin məntiqi davamı olmaqla, həmin siyasətin hüquqi mexanizmlərinin yeni şəraitə uyğun daha da təkmilləşdirilməsinə xidmət edə bilər.
Vahidlik eynilik demək deyil
Konstitusion vahidlikdən bütün hərbi strukturlarda eyni maaş və eyni əlavə ödəniş sisteminin tətbiq olunmalı olduğu nəticəsi çıxmır. Belə yanaşma ədalətli də olmazdı.
Döyüş mövqeyində xidmət edənlə qərargahda çalışan şəxsin xidmət şəraiti eyni deyil. Yüksək riskli sərhəd sahəsi, xüsusi əməliyyat, ağır iqlim şəraiti, məxfi tapşırıq, xüsusi hazırlıq tələb edən fəaliyyət və başqa xidmət şərtləri əlavə təminatla qiymətləndirilməlidir.
Fərqlərin mövcudluğu özlüyündə problem deyil. Əsas məsələ həmin fərqlərin hansı meyarlara söykənməsidir.
Məncə, burada sadə bir prinsipdən çıxış etmək mümkündür:
Baza təminatında hərbi qulluqçu statusu, əlavə təminatda isə xidmətin real ağırlığı, riski və məsuliyyəti əsas götürülsün.
Belə yanaşma hamıya eyni təminat verilməsi demək deyil. Əksinə, fərqləndirmənin daha obyektiv meyarlarla aparılması deməkdir.
Bu isə Prezidentin, Ali Baş Komandanın hərbi qulluqçulara sosial qayğı siyasətinin daha bir istiqamətdə inkişaf etdirilməsi, artıq mövcud olan yüksək sosial təminat standartlarının bütövlükdə hərbi xidmət sisteminə təsirinin gücləndirilməsi kimi qiymətləndirilə bilər.
Sosial təminat həm də kadr siyasətidir
Məsələnin başqa bir tərəfi də var. İki gənc eyni və ya yaxın hərbi hazırlıq keçir, sonra müxtəlif hərbi qurumlarda xidmətə başlayır. On, iyirmi, iyirmi beş il keçdikdən sonra onların müqayisə etdiyi artıq yalnız aylıq maaş deyil. Əlavələr, mənzil perspektivi, uzunmüddətli xidmətin qiymətləndirilməsi və gələcək pensiya da bu müqayisəyə daxil olur.
Sosial təminat sistemində əhəmiyyətli fərqlər mövcuddursa, onların əsaslandırılması kadr siyasəti baxımından da əhəmiyyətlidir.
Peşəkar zabit bir ilə yetişmir. Onun təhsilinə, hazırlığına, təcrübəsinə və ixtisaslaşmasına dövlət illərlə resurs sərf edir. Təcrübəli hərbi qulluqçunun sistemdə saxlanılması buna görə yalnız sosial siyasət məsələsi deyil.
Hərbi qulluqçunun sosial müdafiəsinə ayrılan vəsait son nəticədə ölkənin təhlükəsizliyinə qoyulan vəsaitdir.
Vahid sosial auditdən vahid prinsiplərə
Növbəti mərhələdə hərbi xidmət nəzərdə tutulan dövlət qurumları üzrə müqayisəli hüquqi və maliyyə qiymətləndirilməsinin aparılması faydalı ola bilər.
Burada Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, Ədliyyə Nazirliyinin hərbi qulluqçuları, eləcə də qanunvericiliklə həqiqi hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında tətbiq edilən sosial təminat modellərinə vahid metodologiya ilə baxmaq mümkündür.
Belə qiymətləndirmə yalnız “kim nə qədər maaş alır?” sualı üzərində qurulmamalıdır.
Vəzifə və rütbə maaşları, daimi və müvəqqəti əlavələr, risk və xüsusi xidmət ödənişləri, pensiya təminatı, mənzil, sığorta, xidmət stajının güzəştli hesablanması və xidmətdən sonrakı təminatlar birlikdə nəzərdən keçirilməlidir.
Bu zaman fərqlərin səbəbləri də görünər.
Bir sıra fərqlərin tam obyektiv və zəruri olduğu təsdiqlənə bilər. Bəzi mexanizmlərin vaxtilə mövcud olmuş səbəbləri dəyişmiş ola bilər. Azərbaycan Ordusunda uğurla tətbiq edilən ayrı-ayrı sosial təminat mexanizmlərinin başqa hərbi qurumlarda tətbiqinin mümkün olub-olmaması da bu qiymətləndirmənin predmetinə çevrilə bilər.
Belə yanaşmanın fəlsəfəsi kifayət qədər aydındır:
Mövcud sosial təminatlar qorunur. Prezidentin hərbi qulluqçulara sosial qayğı siyasəti davam etdirilir və inkişaf etdirilir. Xidmətin obyektiv xüsusiyyətlərindən irəli gələn fərqlər saxlanılır, hüquqi əsaslandırmaya ehtiyacı olan fərqlər isə yenidən qiymətləndirilir.
44 günlük Vətən müharibəsi və sonrakı proseslər bir daha göstərdi ki, ölkənin müdafiəsi və təhlükəsizliyi böyük və vahid sistemin fəaliyyətidir. Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin və digər strukturların hərbi qulluqçuları da döyüşdülər, şəhid oldular, yaralandılar və qəhrəmanlıq göstərdilər.
Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və hərbi qulluqçulara Prezident səviyyəsində göstərilən xüsusi diqqət artıq Azərbaycan dövlətinin sosial siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Konstitusiya Silahlı Qüvvələri Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət vahid sistem kimi müəyyən edir. Prezidentin siyasəti isə bu sistemin əsas dayağı olan insana — hərbi qulluqçuya və onun ailəsinə dövlət qayğısını ardıcıl şəkildə gücləndirir.
İndi bu iki xəttin - konstitusion vahidliyin və sosial qayğı siyasətinin - hüquqi mexanizmlərdə daha sıx uzlaşdırılması imkanlarına baxmaq olar.
Bu, mövcud siyasətin dəyişdirilməsi deyil. Əksinə, Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı hərbi qulluqçuya və onun ailəsinə dövlət qayğısı siyasətinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi kimi qiymətləndirilə bilər.
Çünki hərbi qulluqçu hansı mundiri geyinməsindən və hansı qurumun tabeliyində xidmət etməsindən asılı olmayaraq, nəticədə Azərbaycan dövlətinə xidmət edir.
Onun üçün isə ən mühüm təminatlardan biri bu inamdır:
Xidmətim qiymətləndirilir, riskim nəzərə alınır və dövlət mənim arxamdadır.
Möhtərəm Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi qulluqçulara sosial qayğı siyasətinin mahiyyətində də məhz bu prinsip dayanır.
“AzPolitika.info”

Şərhlər