Qlobal təchizat zəncirlərinin qırıldığı, ənənəvi tranzit marşrutlarının təhlükə altına düşdüyü və Avrasiya coğrafiyasında güclər balansının yenidən formalaşdığı bir vaxtda Azərbaycan və Özbəkistan münasibətləri sırf ikitərəfli diplomatik əlaqələr çərçivəsini çoxdan aşıb. Prezident İlham Əliyevin Özbəkistana baş tutan dövlət səfəri regional siyasətin trayektoriyasını dəyişən, Xəzərin hər iki sahilini vahid geosiyasi və iqtisadi məkana çevirən strateji bir hadisə kimi tarixə düşür.

Bu səfərin mahiyyətini, imzalanan müqavilələrin ikitərəfli əlaqələrə verəcəyi gələcək töhfəni və dünyaya ünvanlanan mesajları düzgün qiymətləndirmək üçün mövcud iqtisadi-diplomatik bazaya və perspektivlərə nəzər salaq.

Dövlətlərin “əbədi dostluğu” necə olur?

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış "Əbədi Dostluq haqqında" və "Müttəfiqlik haqqında" Müqavilə iki ölkənin diplomatik tarixində sadəcə növbəti çərçivə sənədi deyil. Beynəlxalq hüquq və politoloji baxımdan bu müqavilə tərəflərin münasibətlərini strateji tərəfdaşlıq mərhələsindən hərbi-siyasi və iqtisadi müttəfiqliyin ali səviyyəsinə qaldıran konseptual akt kimi qiymətləndirilməlidir. Beynəlxalq diplomatik leksikonda sənədin "Müttəfiqlik" və "Əbədi Dostluq" başlığı altında imzalanması etimadın ən yüksək həddə çatdığını nümayiş etdirir. Strateji tərəfdaşlıq adətən müəyyən sahələr üzrə dərindən əməkdaşlığı nəzərdə tutursa, müttəfiqlik xarici siyasət, təhlükəsizlik və suverenlik məsələlərində birgə hərəkət etmək öhdəliyi yaradır.

Müqavilənin işləkliyini təmin edən əsas mexanizm dövlət başçıları səviyyəsində Ali Dövlətlərarası Şuranın yaradılmasıdır. Bu, qərarların xarici işlər nazirlikləri və ya hökumətlərarası komissiyaların uzun bürokratik süzgəcindən keçmədən, birbaşa dövlət rəhbərləri səviyyəsində operativ qəbuluna və icrasına zəmanət verir.

Bu sənədlə Bakı və Daşkənd bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə zərər vuracaq heç bir bloka, koalisiyaya və ya blokadaya qoşulmamaq öhdəliyi götürür. Avrasiyada geoloji qırılmaların kəskinləşdiyi bir dövrdə bu bənd regional təhlükəsizliyin xarici müdaxilələrdən qorunması üçün bir növ "geopolitik çətir" rolu oynayır. Tərəflər BMT, TDT və İƏT kimi beynəlxalq platformalarda vahid mövqedən çıxış edəcəklərini bəyan edirlər.

Müqavilə Özbəkistanın Azərbaycanın nəqliyyat-tranzit infrastrukturu (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu) vasitəsilə dünya bazarlarına çıxışını hüquqi baxımdan möhkəmləndirir. Eyni zamanda, birgə müəssisələrin qurulmasını, kapitalın azad hərəkətini və sənaye parklarının inteqrasiyasını təşviq edərək bəyan edilən 1 milyard dollarlıq ticarət həcminə çatmaq üçün zəmin yaradır.

Bu müqavilə ilə Xəzər dənizi iki regionu ayıran sərhəd deyil, obrazlı desək, onları birləşdirən daxili gölə çevrilir. Bakı və Daşkənd iki regionun taleyini bir-birinə bağlayır.

Digər tərəfdən, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsindən sonra bu, Türk dünyasında analoji mahiyyət daşıyan ikinci ən böyük hüquqi sənəddir və TDT daxilində ikitərəfli müttəfiqliklərin təşkilatın ümumi sütununu formalaşdırdığını göstərir. Bu müqavilə Azərbaycan və Özbəkistan xarici siyasətində özünü sığortalama və imkanları birləşdirmə strategiyasının zirvəsidir. Sənədin real tarixi dəyəri isə onun praktiki icra mexanizmlərinin - Ali Dövlətlərarası Şuranın qərarlarının və birgə logistik-iqtisadi layihələrin nə dərəcədə çevik həyata keçiriləcəyindən asılı olacaq.

Digər sahələr üzrə imzalanan sənədlər və real vəziyyət

Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşündə əsas siyasi-iqtisadi çərçivə ilə yanaşı, sosial, hüquq-mühafizə, turizm, mədəniyyət və regional idarəetmə sahələrini əhatə edən bir sıra mühüm hökumətlərarası sazişlər və protokollar imzalanıb. Bu sənədlərin real müstəviyə keçməsi üçün də əvvəlcə mövcud dinamikanı dəyərləndirmək vacibdir:

Sosial təminat və əmək miqrasiyası

İki ölkə arasında əmək miqrasiyası və qarşılıqlı mütəxəssis mübadiləsi son illərdə artan xətt üzrə inkişaf edir. Tikinti, kənd təsərrüfatı, neft-qaz və tekstil sektorunda hər iki ölkənin mütəxəssisləri fəal çalışır. Lakin indiyədək bir ölkədə qazanılan əmək stajının digərində pensiya təyin olunarkən nəzərə alınmasında hüquqi boşluqlar var idi. İmzalanan Hökumətlərarası Sazişlə rəsmi çalışan şəxslərin iş stajı və ödədikləri sosial sığorta haqları qarşılıqlı tanınacaq. Bu, leqal əmək miqrasiyasını həvəsləndirəcək və birgə müəssisələrdə kadr mübadiləsini xeyli asanlaşdıracaq.

Gömrük və təhlükəsizlik, kinologiya sahəsində əməkdaşlıq

Mərkəzi Asiya və Cənubi Qafqaz transmilli narkotik daşımaları (xüsusilə Əfqanıstan xətti üzrə) və kontrabanda risklərinin kəsişdiyi coğrafiyada yerləşir. Orta Dəhlizin genişlənməsi yükdaşımaların həcmini artırır ki, bu da gömrük nəzarətinin sürətli və effektiv olmasını tələb edir. Gömrük orqanlarının kinologiya fəaliyyəti üzrə imzalanan Protokol gömrük-keçid məntəqələrində qanunsuz dövriyyəyə karşı mübarizəni gücləndirəcək. Nəticədə Orta Dəhlizin təhlükəsizliyi artacaq, leqal yüklərin yoxlanış vaxtı isə azalacaq.

Turizm və hava əlaqələri

Hazırda Bakı ilə Daşkənd, Səmərqənd və Urgenç şəhərləri arasında birbaşa aviareyslər var və vizasız rejim tətbiq olunur. Lakin turizm axını hələ ki fərdi xarakter daşıyır və potensialın yarı hissəsinə belə çatmayıb. İmzalanan Fəaliyyət Planı "Böyük İpək Yolu" brendi altında birgə marşrutların yaradılmasını, turizm operatorları arasında birbaşa əlaqələri və info-turları nəzərdə tutur. Azərbaycanlı turistlər üçün Səmərqənd, Buxara və Xivə, özbək turistlər üçün isə Bakı, Şuşa, Gəncə və Qəbələ istiqamətləri daha cəlbedici olacaq.

Regionlararası əlaqələr və şəhərlərin qardaşlaşması

Əvvəllər əlaqələr əsasən mərkəzi hökumətlər səviyyəsində cəmləndiyi üçün regionların birbaşa inteqrasiyası zəif idi. Gəncə, Mingəçevir və Sumqayıt kimi sənaye mərkəzlərimizin Özbəkistanın Nəməngan, Fərqanə və ya Əndican kimi sənaye regionları ilə birbaşa əlaqələri kifayət qədər deyildi. Şəhərlərin qardaşlaşması və tərəfdaşlıq sazişləri regional biznes subyektlərinə vasitəcisiz müqavilələr bağlamaq imkanı verəcək. Xüsusilə toxuculuq, kənd təsərrüfatı texnikası və meyvə-tərəvəz emalı sahəsində regional klasterlərin yaradılması sürətlənəcək.

Bu sənədlər göstərir ki, Bakı və Daşkənd strateji alyansı yalnız böyük siyasət və energetika üzərində qurmur. Sosial müdafiə, gömrük təhlükəsizliyi, turizm və regional kooperasiya sahələrindəki razılaşmalar bu müttəfiqliyin bilavasitə sıravi vətəndaşların və biznes subyektlərinin gündəlik həyatında hiss olunmasını təmin edən əsas mexanizmlərdir.

Tarixi irs, qardaşlıq ruhu və mədəni diplomatiya

Səfərin ən yaddaqalan və rəmzi məna daşıyan məqamlarından biri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə birgə Şərq sivilizasiyasının qədim beşiyi olan Buxara şəhərinə ziyarəti oldu.

Buxara təkcə tarixi memarlıq abidəsi ("Ark" qalası, İsmayıl Samani türbəsi) deyil, həm də Böyük İpək Yolunun mənəvi mərkəzi, Türk-İslam mədəniyyətinin ortaq irsidir. Dövlət başçılarının Buxaraya birgə səfəri iki ölkə arasında qurulan müttəfiqliyin yalnız iqtisadi maraqlara və ya siyasi konyukturaya deyil, əsrlərlə sınaqdan keçmiş dərin sivilizasiya, din, dil və mənəvi köklərə söykəndiyini nümayiş etdirdi.

Özbəkistan tərəfinin Azərbaycan liderini Daşkəndlə yanaşı məhz Buxarada belə samimi və yüksək ehtiramla qarşılaması, tərəflərin bir-birinə bəslədiyi daxili etimadın və səmimi qardaşlıq münasibətlərinin vizual göstəricisidir. Bu diplomatik jest mədəni diplomatiyanın imkanlarından istifadə edərək strateji ittifaqa daha dərin, xalqların qəlbinə nüfuz edən mənəvi güc qazandırır.


Səfərin nəticələri beynəlxalq birliyə və qlobal güc mərkəzlərinə aydın bir mesaj verdi. Bakı və Daşkənd kənar güclərin diktəsi ilə deyil, öz milli maraqlarına uyğun olaraq müstəqil güc mərkəzi yaradırlar. Türk Dövlətləri Təşkilatı (TDT) isə artıq bəyanatlar platforması deyil, konkret iqtisadi layihələr, birgə investisiyalar və vahid logistik dəhlizlər üzərində bərqərar olan geostrateji reallıqdır.

Nəticə kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri - Daşkənddəki tarixi diplomatik-hüquqi razılaşmalardan Buxaradakı mənəvi-mədəni birliyə qədər, Bakı və Daşkənd arasında siyasi iradənin ən ali nöqtədə olduğunu nümayiş etdirdi. Bu müttəfiqliyin real iqtisadi dividendlərə çevrilməsi isə bəyan edilən 1 milyard dollarlıq ticarət hədəfinin nə dərəcədə tez reallaşacağından və Orta Dəhlizdəki logistik tariflərin rəqabətədavamlılığından birbaşa asılı olacaq.

E.Rüstəmli

“AzPolitika.info”