Sakit okeanın ekvatorial hissəsində sürətlə güclənən “El Nino” hadisəsi ilə bağlı beynəlxalq səviyyədə narahatlıq artır. Hazırkı proqnozlar bu iqlim hadisəsinin 2026-cı ilin sonlarında son onilliklərin ən güclü nümunələrindən birinə çevrilə biləcəyini göstərir. Daha təhlükəli ssenari isə onun təsirinin qlobal istiləşmə fonunda özünü göstərməsidir.

Belə bir vəziyyətdə 2027-ci il qlobal temperatur rekordlarının yenilənməsi ilə yadda qala bilər.

"AzPolitika" xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) iyul proqnozuna əsasən, “El Nino” 2026-cı ilin sonuna doğru daha da güclənəcək. Oktyabr-dekabr aylarında hadisənin “çox güclü” kateqoriyasına çatması ehtimalı 81 faiz qiymətləndirilir. NOAA eyni zamanda “El Nino”nun 2027-ci ilin yazının əvvəlinə qədər davam etməsi ehtimalını 97 faiz göstərir.

Bu, sıradan hava hadisəsi deyil. Çünki “El Niño” yalnız Sakit okeanın temperaturunu dəyişmir, okean-atmosfer sistemindəki tarazlığı pozaraq dünyanın müxtəlif regionlarında yağıntı, temperatur, quraqlıq və fırtına rejimlərinə təsir göstərir.

Nə üçün 2027-ci ilə xüsusi diqqət yönəlir?

“El Nino”nun ən mühüm xüsusiyyətlərindən biri onun qlobal temperatur üzərindəki təsirinin dərhal deyil, müəyyən gecikmə ilə özünü göstərməsidir.

Sakit okeanda okean səthinin isinməsi atmosferə əlavə istilik ötürür. Bu proses artıq yüksək olan qlobal temperatur fonuna əlavə təsir göstərdikdə, növbəti il daha isti ola bilər.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) may ayında açıqladığı proqnozlara görə, 2026-2030-cu illərdə illik qlobal orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 1,3-1,9°C yüksək olması gözlənilir. Təşkilat həmin dövrdə ən azı bir ilin 2024-cü ildə qeydə alınmış temperatur rekordunu keçməsi ehtimalını 86 faiz qiymətləndirir.

WMO-nun məlumatında xüsusilə diqqətçəkən məqam isə 2027 və 2028-ci illərdə Sakit okeanın mərkəzi hissəsində “El Nino” şəraitinin güclənməsi ehtimalıdır. Təşkilatın aparıcı mütəxəssislərindən Leon Hermansonun bildirdiyi kimi, 2026-cı ilin sonunda gözlənilən “El Niño” 2027-ci ilin yeni rekord isti il olması ehtimalını artırır.


Bəzi alimlərin hesablamaları isə daha yüksək rəqəmlər göstərir. İqlim alimi Zeke Hausfather və digər tədqiqatçıların təqdim etdiyi ssenarilərdə “El Nino”nun qlobal istiləşmə ilə üst-üstə düşməsi nəticəsində 2027-ci ildə temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 1,7°C-ə qədər yüksələ biləcəyi bildirilir.

Burada bir mühüm məqamı da qeyd etmək lazımdır: 1,5°C həddinin bir il ərzində keçilməsi Paris Sazişində nəzərdə tutulan uzunmüddətli 1,5°C məqsədinin avtomatik olaraq “uğursuz olması” demək deyil. WMO bildirir ki, Paris Sazişindəki bu hədd uzunmüddətli, adətən çoxillik orta göstərici əsasında qiymətləndirilir.

“Super El Nino” haralara zərbə vura bilər?

“El Nino”nun təsiri bütün dünyada eyni olmur. Bir regionda quraqlıq yaranarkən, digər regionda normadan artıq yağıntı və daşqın baş verə bilər.

WMO-nun son qiymətləndirmələrinə əsasən, 2026-cı ilin ikinci yarısında “El Nino”nun güclənməsi dünyanın bir çox hissəsində normadan yüksək temperatur ehtimalını artıracaq. Yağıntı rejimində də ciddi dəyişikliklər gözlənilir: bəzi ərazilərdə quraqlıq riski yüksələcək, digər ərazilərdə isə intensiv yağıntılar və daşqınlar ehtimalı artacaq.

Xüsusilə Amazon hövzəsi narahatlıq doğuran regionlardan biridir. Güclü “El Nino”nun burada quraqlığı daha da dərinləşdirməsi, çaylarda su səviyyəsinin aşağı düşməsi və meşə yanğınları riskinin artması mümkündür. Amazonun qlobal iqlim sistemindəki rolu nəzərə alınarsa, bunun nəticələri yalnız Cənubi Amerika ilə məhdudlaşmaya bilər.

Ərzaq bazarlari üçün yeni şok - Qlobal taxil bazari risk altinda

İqlim hadisəsinin ən ciddi iqtisadi nəticələrindən biri kənd təsərrüfatında özünü göstərə bilər.

Quraqlıq, anomal istilər və normadan artıq yağıntılar məhsuldarlığı aşağı salarsa, taxıl, düyü, şəkər, qəhvə, kakao və digər kənd təsərrüfatı məhsullarının dünya bazarlarında qiyməti arta bilər.

“Goldman Sachs” analitiklərinin hesablamalarına görə, “Super El Nino” ssenarisinin reallaşması qlobal ərzaq əmtəələrinin qiymətlərini 15,8 faizə qədər yüksəldə bilər. Analitiklər təsirin yalnız 2026-2027-ci illərlə məhdudlaşmaya biləcəyini, məhsul dövrləri və logistika səbəbindən qiymət təzyiqinin 2028-ci ilə qədər uzana biləcəyini bildirirlər.

Bu, xüsusilə ərzaq idxalından daha çox asılı olan ölkələr üçün ciddi məsələdir. Çünki dünya bazarında qiymət artımı yalnız istehsalçı ölkələrdə deyil, idxalçı ölkələrin daxili bazarlarında da inflyasiya təzyiqini gücləndirə bilər.

“El NiNo”nun ənənəvi təsir istiqamətlərindən biri də Cənubi Asiyanın musson sistemidir.

Musson yağışlarının zəifləməsi Hindistanda düyü, buğda və şəkər qamışı kimi məhsulların istehsalına mənfi təsir göstərə bilər. Hindistanın dünya ərzaq bazarındakı çəkisi nəzərə alınanda, burada məhsul itkisi beynəlxalq qiymətlərə də təsir göstərə bilər.

Bununla yanaşı, hazırkı risk yalnız hava hadisəsi ilə bağlı deyil. Ərzaq sistemləri enerji, gübrə, logistika və geosiyasi problemlərin yaratdığı əlavə təzyiqlərlə də üz-üzədir. WFP də qeyd edir ki, yüksək enerji və gübrə xərcləri artıq kənd təsərrüfatı istehsalçılarına təsir göstərir.

Beləliklə, güclü “El Niño” mövcud problemlərin üzərinə əlavə şok gətirə bilər.

49 milyon insan üçün ərzaq təhlükəsizliyi riski

Məsələnin ən ağır tərəfi isə ərzaq qiymətlərindən daha çox, milyonlarla insanın ərzağa çıxış imkanları ilə bağlıdır.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) son təhlilinə görə, 2026-2027-ci illərdəki “El Niño” 45 ölkədə ən azı 49 milyon əlavə insanın kəskin ərzaq təhlükəsizliyi problemi ilə üzləşməsinə səbəb ola bilər. WFP-nin qiymətləndirməsinə əsasən, bu ölkələrdə kəskin ərzaq çatışmazlığı yaşayan insanların sayı 2027-ci ilin sonuna qədər təxminən 225 milyondan 274 milyona yüksələ bilər.

Bu səbəbdən beynəlxalq humanitar təşkilatlar artıq hadisənin nəticələrini gözləmədən qabaqlayıcı tədbirlərə başlayıblar. WFP bir sıra ölkələrdə erkən müdaxilə mexanizmlərini işə salıb və bildirir ki, əvvəlki “El Niho” təcrübəsi qabaqlayıcı tədbirlərə yatırılan hər 1 dolların sonradan yaranacaq itki və xərclərin 3-7 dollarının qarşısını ala biləcəyini göstərir.

İqlim hadisəsindən iqtisadi şoka doğru

Problemin digər istiqaməti okean ekosistemləridir.

Dəniz suyunun temperaturunun yüksəlməsi mərcan riflərinin ağarması riskini artırır. NOAA-nın məlumatına görə, okeanların istiləşməsi artıq mərcan ekosistemləri üçün əsas təhlükələrdən birinə çevrilib və yüksək temperatur kütləvi mərcan ağarması hallarını daha tez-tez baş verən prosesə çevirir.

Əslində, “El Nino”nun təhlükəsi onun bir-birindən fərqli problemləri eyni vaxtda hərəkətə gətirmək imkanındadır.

Quraqlıq → məhsuldarlığın azalması → ərzaq təklifinin zəifləməsi → qiymətlərin yüksəlməsi → inflyasiya → aztəminatlı əhali qruplarına təzyiq → ərzaq təhlükəsizliyinin pisləşməsi.


Bunun əks istiqamətində isə güclü yağışlar və daşqınlar kənd təsərrüfatı sahələrinə, yollar, körpülər, limanlar və digər infrastruktura zərər vura bilər.

Beləliklə, məsələ artıq yalnız meteoroloqların və klimatoloqların müzakirə etdiyi problem deyil. “El Niño” 2026-2027-ci illərdə qlobal iqtisadiyyat, ərzaq təhlükəsizliyi, logistika və inflyasiya üçün də ciddi risk faktoruna çevrilə bilər.

Bir məsələ isə artıq kifayət qədər aydındır: Sakit okeanda başlayan “El Niño” yalnız okeanın problemi deyil.

Onun təsirləri kənd təsərrüfatından ərzaq qiymətlərinə, qlobal inflyasiyadan humanitar böhranlara, meşə ekosistemlərindən dəniz canlılarına qədər geniş bir sahəyə yayıla bilər.

Əgər proqnozlaşdırılan güclü “El Nino” ssenarisi reallaşarsa, 2026-cı ilin sonu və 2027-ci il dünya iqtisadiyyatının iqlim riskləri ilə üzləşdiyi ən mühüm dövrlərdən birinə çevrilə bilər.

Və bu dəfə söhbət yalnız “daha isti hava”dan getmir — ərzaq, su, qiymətlər və milyonlarla insanın yaşayış imkanlarından gedir.

Qlobal təsirlər baxımından Azərbaycan da prosesdən kənarda qala bilməz.

Dünya ərzaq bazarında taxıl, şəkər, qəhvə, kakao və digər məhsulların bahalaşması idxal xərclərinə və daxili qiymətlərə təsir göstərə bilər. Eyni zamanda, enerji, gübrə və logistika xərclərində artım kənd təsərrüfatı məhsullarının maya dəyərinə əlavə təzyiq yarada bilər.

Buna görə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində daha təsirli addımlar atılmasına ehtiyac var. Sonra gec olar....

Elman İsmayıllı 

"AzPolitika.info"