Menu

“DYADYA PETYA”LAR AZƏRBAYCANDAN NƏ İSTƏYİRLƏR? - Kreml təbliğatının həyasızlığı bütün sərhədləri aşır

18.08.2026, 20:43
“DYADYA PETYA”LAR AZƏRBAYCANDAN NƏ İSTƏYİRLƏR? - Kreml təbliğatının həyasızlığı bütün sərhədləri aşır

"Dyadya Petya, tı durak"? Sovet filmlərinin birində bir uşağın onunla kobud, sarsaq zarafat edən kişiyə verdiyi bu sual uzun illər dillərdə əzbər oldu və bu gün də aktualdır. Bu gün həmin sarsaq “dyadya petyalar” Kremlin təbliğatını aparan Rusiya dövlət televiziyalarını, təbliğat kanallarını, sosial media səhifələrini zəbt ediblər.

Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsi başda olmaqla, keçmiş SSRİ respublikalarına qarşı yürüdülən işğal, ayrıseçkilik, imperiyaçılıq siyasətini və törətməkdə olduğu ağır hərbi cinayətləri müdafiə etmək üçün ağlasığmaz saxta arqumentlərlə, ittiham və təhdidlərlə çıxış edirlər. Xüsusilə də Ukrayna mövzusunda öz müstəqil, beynəlxalq hüquqa uyğun, cəsarətli mövqeyi olan Azərbaycan kimi qonşu ölkələr və onların liderləri bu “bıdlo-təbliğatçılar”ın, “siyasi texnoloqlar”ın gözünün birinci düşmənidir…

Xəbər verildiyi kimi, Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlərin görməsi barədə məlumat yayıb.

Bu başa bəla “ekspertlər” Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər. Onların barəsində cinayət işi başlayıb və həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənar olduqları nəzərə alınaraq, barələrində axtarış elan olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qısa desək, bu adamlar 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər. Üstəlik, Ukraynanın suveren hüquqlarını, ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan başçısını hədəf alan iddialar səsləndiriblər.


Bu sınıq-salxaq “üç muşketyor”dan biri olan “siyasi texnoloq” Semyon Uralov iddia edib ki, 1991-ci ilə qədər doğulmuş postsovet ölkələrinin vətəndaşları, o cümlədən bu ölkələrin rəhbərləri, Ukraynanı müdafiə etdikləri üçün hazırkı Rusiya qanunları ilə mühakimə edilərək, məsuliyyətə cəlb oluna bilərlər. 

“Durak” ki, “durak”… Onun bu absurd, sarsaq iddiasını studiyadakı ağıllı görkəm almış digər parabeyinlər də boş başlarını yelləyərək məmnuniyyətlə təsdiqləyiblər. Bunların olmayan məntiqi ilə sən demə, Rusiyanın özünün rəsmən müstəqilliyini tanıdığı qonşu ölkələrin vətəndaşları, üstəlik hətta dövlət başçıları, Rusiyanın özünün dağıtdığı SSRİ-də doğulduqları üçün Rusiya qanunlarına tabe olmalıdırlar və Ukraynanın suveren hüquqlarına hörmət etdikləri üçün məsuliyyətə cəlb edilməlidirlər. Düşünmək olar ki, Kreml təbliğatının yuvarlandığı absurd primitivliyin bundan o yanası yoxdur. Amma var…

Əslində, Azərbaycan Baş Prokurorluğu axmaqlığın, boşboğazlığın dibini vuran bu şərəf və qeyrət yoxsulu “petyaları” axtarışa verib adlarını hallandırmaqla, onları xeyli şərəfləndirmiş olub. Bu gün Rusiyanın daxili və mühacir mediası, eləcə də bütün postsovet məkanındakı media orqanları bu xəbərə yer verib və Rusiyanın özündə belə heç kimə lazım olmayan, böyük əksəriyyətin tanımadığı bu sarsaqları bir növ reklam ediblər. Ancaq Azərbaycan tərəfinin, xüsusilə də bu diskussiyada Rusiya nəqliyyat nazirinin müşaviri statusundakı rəsmi şəxsin – Çadayevin də iştirakını nəzərə alaraq onlara qarşı sırf hüquqi alətlərdən istifadə etməsi və bu təxribatı cavabsız qoymaması təbiidir. Belələrinə vaxtında layiq olduqları yeri göstərib, nəfəsliyini kəsmək lazımdır.

İndi bu “dyadya petyalar”a ən azından istirahət üçün sevə-sevə çox getdikləri Türkiyənin qapıları bağlandı. Azərbaycan onları İnterpol xətti üzrə axtarışa verdikdən sonra onlar elə digər ölkələrə də səfər etməzdən əvvəl yaxşı-yaxşı düşünməli olacaqlar…


Ümumiyyətlə, son illərdə baş verənlər göstərdi ki, bizim rus cəmiyyəti, mədəniyyəti, elitası, ziyalısı və s. barədə təsəvvürümüz həddindən artıq şişirdilib. Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi fonunda bu cəmiyyətin, onun həm alt, həm də üst təbəqələrinin insanlıqdan, əxlaqdan, mədəniyyətdən uzaq davranışı, şovinizmi, aqressivliyi, primitivliyi, eyni zaman da hakimiyyətin hər cür cinayətlərinə haqq qazandıran müti susqunluğu və məddahlığı böyük təəccüb, təəssüf və heyrət doğurur. Müharibə sanki bu dövlətin, cəmiyyətin bütün eybəcərliklərini daha açıq şəkildə ortaya qoydu, üstəlik, yuxarıda adı çəkilən təbliğat tulaları kimilər də onun çirkin simasını daha da simasızlaşdırdı, idbarlaşdırdı…

“Cəhənnəmə gedən özünə yoldaş axtarar” deyirlər. Hazırkı Rusiyanın yönü qətiyyən cənnətə tərəf deyil və bu yolun uçuruma doğru getdiyini elə rusların da çoxu anlamağa başlayıblar. Ukraynada bataqlığa saplanaraq, çabalamaqda olan Rusiyanın qonşu ölkələri öz cinayətlərinə ortaq etmək cəhdləri, onlardan Ukarynaya qarşı işğalçılıq, imperiyaçılıq siyasətini dəstəkləmələrini tələb etməsi absurd və mənasızdır.

Absurd olan həm də odur ki öz ordusu, dövləti, rəhbərliyi xirtdəyə qədər cinayətə bulaşmış, prezidenti Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən ağır cinayətlərdə mühakimə edilərək axtarışa verilən bu “izqoy” ölkənin təbliğatçıları, sadəcə Ukraynanın beynəlxalq qanunlarla tanınan suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət etdikləri üçün qonşu ölkələri, onların rəhbərlərini təhdid edirlər. Bu, həyasızlığın, başıpozuqluğun dibinin vurulması və cəzasızlıqdan şişərək bütün əndazələri aşan qudurğanlığın göstəricisidir. 

Nə qədər paradoksal görünsə də, bu həm də çarəsizliyin, əlacsızlığın etirafı və aciz iniltisidir. Çünki bu “petyalar”ın və onların himayədarlarının Azərbaycan kimi öz ayaqları üstə möhkəm dura bilən iradəli ölkəyə, onun rəhbərinə kənardan hürməkdən başqa əllərindən heç nə gəlmir və gəlməyəcək də!

Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər

Kolxoz Ehmede 2026-08-20 11:43:05

Son 70 ilde de son 200 ilde olduğu kimi Celladımıza "Seni seveceyem Sen sevmesen de " prinsipi ile hereket etmeye "mecbur olmuşuq".İndi ise dövr zaman başqadur .Azerbaycan indi öz taleyini öz hell etmek üzerinde dayanmadan çalışır.

Kolxoz Əhməd, Eliyə 2026-08-18 22:27:34

Hələ 1987ci SSRİ dövründən azərbaycanlılara və Azərbaycana qarşı kütləvi-etnik və ərazi işğalı cinayətlərini dəf, ya iddi mühakimə etməmiş Kreml, 1991ci ildə SSRİ buraxılandan sonra belə 2020ci ilədək yüksək ehtiram və etiqadla Böyük Qardaş MDB üzvünün kimi ərazisinin hərbi əsarətdən azadlığına nail ola bilməmişiksə, hazırda hansişa Pyotra və ya digər Dyadyaya atmacaların nə faydası?

Eli 2026-08-18 13:36:04

Bizde bı tip adamlar haqqında göEl bir El meseli var:"Zatı kökü yoxdur.".Mence bu meseli bir millet hetta dövlet haqqında da demek olar.Axı bu rusların esli kökü yoxdur.Esli kökü olmayandan da ne alçaq insanlğa zidd hereket desen gözle......Bunlar ne ingilis,ne alman ne de fransız deyiller bunlar heç çinli de deyiller ankanaq olmur ....

Eli 2026-08-18 12:48:26

Bax burda rusların öz dahi tanınmış Ziyalılarının yazıçı,şair,bestekar,alimlerinin ve rehmetlik Cövher Dudayevin bu millet haqqında dediyi fikiler yada düşür ve bunu dünyaya yaymaq çox gözel olardı.Qoy dünya bilsin ki beşeriyyete,,insanlığa düşmendi bunlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol