Məlum olduğu kimi, ABŞ Senatı böyük səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan və “cəhənnəm sanksiyaları” kimi tanınan qanun layihəsini təsdiqləyib və onun sentyabr ayında qəbul olunacağı gözlənilir. Bu kontekstdə Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək sabit və ardıcıl siyasət yürütməyən Ağ Evin bundan sonrakı addımları böyük maraq doğurur.

Əslində, bu müharibə yeni dünya nizamının formalaşması, ABŞ-Çin rəqabəti, Avropanın təhlükəsizlik sistemi və Rusiyanın gələcək geosiyasi statusu ilə birbaşa bağlıdır. Elə bu səbəbdən də Rusiya-Ukrayna müharibəsinə qlobal prizmadan yanaşılması daha düzgün olardı.

Dünyada yeni geostrateji nizamın formalaşması uğrunda mübarizə 2001-ci il 11 sentyabr hadisələrindən sonra intensivləşdi. Son 25 il ərzində isə bu mübarizənin səngimədiyini, əksinə, müxtəlif regionlarda yeni gərginlik ocaqlarının meydana gəldiyini görürük. Ona görə də ABŞ-nin strategiyası bütün digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Vaşinqtonun uzunmüddətli məqsədlərinin nədən ibarət olmasının “şifrəsi” hələ açılmayıb. ABŞ-nin siyasi xəttinin qeyri-sabitliyini Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə, İranla münasibətlərdə və İsrail məsələsində aydın sezmək olur. Vaşinqtonun bəzi hallarda münaqişələri dərhal həll etməkdən daha çox öz geosiyasi maraqlarına uyğun şəkildə idarə etməyə çalışdığı görünür.

Bu baxımdan deyə bilərik ki, Ukraynanın qarşısında son dərəcə ağır dönəm durur. Əksər şərhçilərin də qeyd etdiyi kimi, Ukrayna qlobal geostrateji mücadilənin xarakterini düzgün dəyərləndirməli, avantüraya yol vermədən Qərbin dəstəyinə arxalanmaqla yanaşı, öz hərbi-sənaye imkanlarını mümkün qədər sürətlə inkişaf etdirməlidir. Çünki Rusiya-Ukrayna müharibəsi artıq qısa müddətli hərbi qarşıdurmadan uzunmüddətli geosiyasi mübarizəyə çevrilib. Bu o deməkdir ki, Ukrayna qarşıdakı dövr üçün strategiyasını yalnız ABŞ və Avropanın verəcəyi qərarlar üzərində qurmamalıdır.

Əlbəttə, Avropa Ukraynanın əsas siyasi və hərbi tərəfdaşlarından biri, bəzən hətta birincisidir. Lakin Avropanın texnoloji və elmi potensialı ilə Ukraynaya göstərdiyi hərbi dəstəyin sürəti arasında uyğunsuzluğun olduğunu da nəzərdən qaçırmaq olmaz.

Məlumdur ki, istənilən müharibədə qüvvələr nisbəti həlledici olmasa da, ən mühüm amil sayılır. Hazırkı vəziyyətdə insan resursları, maliyyə imkanları, iqtisadi potensial və silah ehtiyatları baxımından Ukrayna Rusiyadan geridədir. Hazırlıq səviyyəsi, hərbi strategiya, komandanlığın qərarları, texnoloji üstünlük və zaman faktoru da ümumi nəticəyə ciddi təsir göstərir. Bu komponentlərin bir çoxunda Rusiya Ukraynadan qətiyyən irəlidə deyil. Rusiya müharibənin başlanğıcında asan və sürətli qələbəyə ümid edirdi. Bu hesablamaların özünü doğrultmaması Moskvanı strateji planını dəyişməyə məcbur etdi və nəticədə müharibə uzandı.

Ukrayna hərbi komandanlığı indiyədək müəyyən taktiki səhvlərə yol versə də, bu müharibə ona böyük təcrübə də qazandırıb. Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun döyüş bacarığını, taktiki çeviklik qabiliyyətini, kritik anlarda hansı qərar verə biləcəyini yaxşı öyrənib. Prezident Volodimir Zelenskinin çıxışlarından da görünür ki , o, Moskvanın mümkün addımlarını əvvəlcədən proqnozlaşdırmağa və buna uyğun tədbirlər həyata keçirməyə çalışır.

Ukrayna müxtəlif modifikasiyalı dronların istehsalında ciddi irəliləyiş əldə edib və bu sahədə Rusiyanı bir sıra istiqamətlərdə üstələyir. Ancaq ballistik və qanadlı raketlər məsələsində mənzərə tamamilə fərqlidir. Ukraynanın əsas problemləri Rusiyanın ballistik və qanadlı raketləridir. Mühribə başlayandan indiyə kimi bu ağır problem həll edilməyib. Mövcud hava hücumundan müdafiə sistemlərinin buraxılış imkanları olsa da, raket çatışmazlığı onların səmərəliliyini aşağı salır.

ABŞ-nin “Patriot” sistemləri üçün raketlərin baha olması ilə yanaşı, onların İranla müharibədə istifadə edilməsi nəticəsində sayının xeyli azalması Ukraynanın hava hücumundan müdafiə imkanlarına təsir göstərir. Donald Tramp “Patriot”-ların azlığını əsas gətirərək Kiyevə bu raketləri vermir.

Ukraynanın qarşısında duran əsas vəzifələrdən biri öz hava məkanını qorumaq üçün daha effektiv raketdən müdafiə imkanları yaratmaqdır. Eyni zamanda, ölkənin uzaqmənzilli raket istehsalını artırması da strateji əhəmiyyət daşıyır. Ukraynanın “Fire Point” şirkəti və bir sıra Avropa şirkətlərinin “Freya” adlı anti-ballistik müdafiə sistemi üzərində işlədikləri bildirilir. Bu layihənin nə vaxt tam ərsəyə gətiriləcəyi hələ məlum deyil.

Ukrayna uzun müddətdir “Sapsan” balistik raketinin hazırlanması üzərində də işləyir və bu istiqamətdə sınaqlar həyata keçirib. Ukraynanın uzaqmənzilli raket imkanlarını genişləndirməsi müharibənin gedişinə təsir edə biləcək mühüm amillərdən biri ola bilər. Beynəlxalq ekspertlərin fikrincə, Ukraynanın bu raketləri təxminən 600-700 kiloqramlıq döyüş başlığı daşıyacaq. Bununla yanaşı, “Flaminqo” qanadlı raketinin istifadəsi də diqqət çəkir. “Flaminqo” raketlərindən az istifadə olunması ya onların kütləvi istehsalında yaranmış çatışmazlıqla bağlıdır, ya da Ukrayna bu raketlərin ehtiyatını toplayaraq hansısa mühüm məqamı gözləyir.

Əgər Kiyev müharibənin gedişinə təsir göstərəcək həlledici həmlələr həyata keçirməsə, Rusiyanın müharibəni uzatmaq potensialı tükənməyəcək. Bu baxımdan əsas məsələ yalnız zərbələrin sayı deyil, onların strateji gücündədir. Krımda enerji və yanacaq infrastrukturuna zərbələr Rusiyaya müəyyən iqtisadi zərər vura bilər, amma bu cür zərbələrin Vladimir Putinin strateji qərar mexanizminə həlledici təsir göstərəcəyi inandırıcı görünmür. Rusiyaya indiyədək vurulan zərbələr, şübhəsiz ki, iqtisadi və logistika baxımından müəyyən nəticələr yaradıb, lakin bunlar Kremlin ən zəif yeri deyil.

Bəzi siyasi icmalçılar əyalətlərdəki obyektlərlə yanaşı, əsas hədəf kimi paytaxt Moskvanın seçilməsinin daha vacib olduğunu vurğulayırlar. Onların fikrincə, Moskvanın raket və dron hücumlarına məruz qalması Rusiya cəmiyyətinə, siyasi elitasına və idarəetmə sisteminə daha güclü psixoloji təsir göstərər. Digər tərəfdən, bu, Kiyevə edilən raket hücumlarının cavabsız qalmayacağının əyani sübutu ola bilər.

Şübhəsiz ki, müharibənin növbəti mərhələsində yalnız dron hücumlarına və epizodik raket zərbələrinə güvənməklə strateji dönüş yaratmaq mümkün olmayacaq. Moskvaya endiriləcək zərbələr yalnız o zaman real strateji əhəmiyyət kəsb edə bilər ki, Ukraynanın bunun üçün kifayət qədər raket imkanları və hava hücumundan müdafiə sistemi olsun. Həqiqətən də paytaxt Moskva, ilk növbədə psixoloji baxımdan Rusiyanın ən zəif nöqtəsidir. Kiyev həmin zəif nöqtəni yaxşı görür, lakin indiki məqamda istədiyini etmək gücündə deyil. Yəqin ki, Ukrayna rəhbərliyi həlledici həmləni yalnız əlverişli məqamda etməyi düşünr. 

Ümumilikdə bütün bunlar ondan xəbər verir ki, Ukraynanın qarşısında dayanan başlıca vəzifə müharibənin strateji gedişatını dəyişə biləcək zərbə imkanları yaratmaqdır. Məhz bu imkanlar müharibənin sonunu yaxınlaşdıra və Rusiyanı sülhə məcbur edə bilər.

Vaqif Nəsibov

“AzPolitika.info”