Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.
Bununla bağlı Agentlik sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nigar Cəbrayılova sədrin müşaviri vəzifəsinə təyin edilib.
Bəs yeni müşavir kimdir?
"AzPolitika"nın əldə etdiyi məlumata görə, Nigar Cəbrayılova bakalavr təhsilini Türkiyənin Sabancı Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bitirib. Bakalavr təhsili dövründə Birləşmiş Krallıqda mübadilə proqramı çərçivəsində siyasət və beynəlxalq əlaqələr üzrə təhsilini davam etdirib.
Nigar Cəbrayılova 2021-2022-ci illər ərzində Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda təcrübə proqramında iştirak edib. Daha sonra Sabançı Universitetində Akademik yazı üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Xanım müşavir Azərbaycandakı karyerasına isə 2022-ci ilin sentyabrında Dövlət Turizm Agentliyində başlayıb. Belə ki, o, 2023-cü ilin avqustunadək Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi kimi çalışıb. Nigar Cəbrayılova son təyinatına qədərki 3 il müddət ərzində DTA-da sədrin icraçı köməkçisi vəzifəsini tutub.
Məlumata görə, yeni müşavir vəzifəyə bir ay əvvəl təyin olunub.


Şərhlər