Sumqayıtda 34 il əvvəl məskunlaşdıqları mənzildən çıxmayan məcburi köçkün ailəsi ilə evin qanuni sahibi arasında gərginlik yaşanır.
“AzPolitika” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Cəbrayıl rayonundan olan məcburi köçkün Nərminə Cəfərova 34 il əvvəl ailəsi ilə birlikdə vətəndaş Taleh Mirişova məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, 12-ci binanın 6-cı mənzilində məskunlaşıb.
Evin sahibi Taleh Mirişov dəfələrlə ailəyə mənzili könüllü boşaltmaq üçün müraciət edib. Hətta onlara başqa ünvanda yaşamaq təklifi də irəli sürülüb. Lakin ailə bu təklifi rədd edərək evdən çıxmayacağını bildirib.
Taleh Mirişov deyib ki, qətnamə olmasına baxmayaraq, onları evdən çıxara bilmir: “2024-cü ilin fevralında onlara ev təklif olunub, indi də təklif olunur, amma hələ də köçməyiblər. İmtina yazıblar. Guya uşağı institutda oxuyur, amma mayda bitirib. Ondan sonra bir neçə dəfə gəlmişik, xoşluqla da çıxmırlar”.
Keçmiş məcburi köçkün ailəsi mövqeyini övladlarının ali məktəbdə təhsil alması ilə əsaslandıraraq, universiteti bitirənə qədər mənzildə qalacaqlarını vurğulayıb.
Nərminə Cəfərova isə deyir ki, ona ev təklif olunmayıb: “Bir dənə sorğu keçirilib ki, “rayona qayıtmaq istəyirsiniz?” soruşublar. Mən də demişəm ki, köç nə vaxt getdi, göndərin məni, gedirəm, başına dönüm. Mənə ev təklif olunmayıb. Mənim uşağım oxusun, qurtarsın”.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən araşdırma aparıldığı bildirilib.
Daha ətraflı videomaterialda:


Şərhlər