Baş Prokurorluğun 3 rusiyalı jurnalist barədə qərarı Kremlin təbliğatçılarını özündən çıxarıb

Azərbaycan Baş Prokurorluğunun Rusiya vətəndaşları – "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində məlum qərarı Rusiya mediasında, xüsusilə də təbliğat kanallarında böyük ajiotaja səbəb olub.

“AzPolitika” xəbər verir ki, Kremlin əsas, aparıcı təbliğatçılarından olan Vladimir Solovyov son efirində bu məsləyə münasibət bildirib. Baş Prokurorluğun bu haqlı qərarından hiddətini gizlədə bilməyən Solovyov həmişəki ampluasında, isterik şəkildə çıxış edib: "İndi Azərbaycan üç vətəndaşımızı axtarışa verib. Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Bəs Azərbaycan Xarici İşlər nazirinin Ukraynaya səfərinə necəsə cavab verdikmi? Yox. Özünüzə sual verin: Azərbaycan və bir sıra digər ölkələr niyə bu cür davranırlar? Onlar əmindirlər ki, biz (Ukrayna ilə) müharibəni uduzacağıq. Onlar tərəf seçiblər. Onlar qalib hesab etdiklərinin tərəfindədirlər. Onlar bunu heç gizlətmirlər də. Onlar öz dövlət maraqlarından çıxış edirlər... Lakin onlar əmindirlər ki, biz məğlub olacağıq. Çünki onlar əmindirlər ki, biz heç vaxt cavab verməyəcəyik: nə Qərbə, nə də onlara".

Sonda Solovyov özü barədə danışıb və özü-özündən xoflanan Kreml təbliğatçısı iddia edib ki, guya Azərbaycan onun kimilərlə də “hesablaşmaq” fikrindədir: “Məlum məsələdir ki, mənim kimilərlə onlar asanlıqla hesablaşacaqlar. Onların burada misilsiz sayda təsir agentləri var”.

Göründüyü kimi, açıq isterika və paranoya vəziyyətində olan Solovyov Azərbaycana qarşı hiddətini gizlədə bilmir və bunun ilk növbədə Azərbaycanın müstəqil xarici siyasətindən qaynaqlandığını etiraf edir. Özünün də dediyi kimi, ona Azərbaycan XİN başçısının Ukraynaya səfəri, ümumiyyətlə, ölkəmizin öz dövlət maraqlarından çıxış etməsi bərk təsir edib və Rusiya mütləq buna görə rəsmi Bakıya hansısa formada cavab verməlidir. Sanki Azərbaycan bu cür səfərlərə qərar verəndə, yaxud öz milli maraqlarından çıxış edəndə Rusiya və ya digər dövlətlə razılaşmalı, hesablaşmalı, onlardan icazə almalı idi. Yəni, köhnə imperiya azarı heç cür bu və bunun kimilərin canından çıxmır...

Yeri gəlmişkən, Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan Baş Prokurorluğunun məlum qərarını şərh edərkən qısaca bildirib ki, həmin 3 şəxsin mövqeyi Rusiya dövlətinin mövqeyini əks etdirmir. Xanım Zaxarovanın nəzərinə çatdırırıq ki, Vladimir Solovyov bu təxribatçı, birbaşa Azərbaycana qarşı çağırışların yer aldığı şərhini “Rossiya 1” dövlət kanalının canlı efirində verib...

Cəlal Məmmədli

“AzPolitika.info”