Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov postsovet məkanında baş verən geosiyasi proseslər, xüsusilə də Türk dünyasının güclənən inteqrasiya dalğası və yeni yaranmaqda olan sivilizasiya mərkəzi barədə maraqlı şərhlə çıxış edib.
Sabiq nazir qeyd edib ki, SSRİ-nin süqutu dövründə baş verən tarixi hadisələr və bu gün müşahidə olunan geosiyasi mənzərə postsovet məkanında tamamilə fərqli tendensiyaların formalaşdığını göstərir.
O, xatırladıb ki, Beloveş sazişində Rusiya, Ukrayna və Belarus prezidentlərinin SSRİ-ni əvəz etmək üçün təşəbbüs göstərdikləri "slavyan dövlətləri ittifaqı" layihəsi elə başlanğıcdan ciddi etirazlarla qarşılaşmışdı: “Prezident Nursultan Nazarbayevin qəti etirazı və səyləri nəticəsində başlatılan Almatı prosesi və MDB-nin yaradılması bu dar çərçivəli təşəbbüsün qarşısını aldı. Gələcək hadisələr də göstərdi ki, slavyan ittifaqı ideyası reallaşmadı, sonrakı Rusiya-Ukrayna müharibəsi isə bu layihəni birdəfəlik mümkünsüz etdi. Baltikyanı respublikalar isə SSRİ-nin tərkibində olmağın qeyri-qanuni olduğunu əsaslandıraraq gözlənildiyi kimi Avroatlantik məkanın bir hissəsinə çevrildilər”.
Tofiq Zülfüqarov vurğulayıb ki, slavyan layihəsinin uğursuzluğa düçar olduğu bir vaxtda, türk dövlətlərinin birliyi prosesi tamamilə əks trayektoriya ilə inkişaf edir. Əvvəllər daha çox humanitar çərçivədə başlanan bu inteqrasiya son illərdə Azərbaycanın fəal və lider rolu sayəsində tamamilə müstəqil, özünü təmin edən və Avrasiya xəritəsində strateji mövqe tutan geosiyasi-sivilizasiya obyektinə çevrilir.
“Təşkilatçılıq baxımından Türk Dövlətləri Təşkilatı (TDT) geniş iqtisadi, kommunikasiya və tranzit layihələrini həyata keçirməklə yanaşı, ümumi ideologiyanın təməl elementlərini də fəal şəkildə işləyib hazırlayır. Məhz bu səbəbdən xarici siyasət təcrübəmizdə yeni olan “tarixi birlik və ittifaq” anlayışı gözlərimiz önündə formalaşan TDT ideologiyasının mühüm komponentinə çevrilir”, – deyə diplomat bildirib.
Sabiq nazir əlavə edib ki, Türk dünyasının nümayiş etdirdiyi bu uğurlu və təbii inteqrasiya modeli Putin rejiminin slavyan dövlətlərini öz ətrafında birləşdirmək istiqamətindəki neoimperialist cəhdlərinin və səhvlərinin yaratdığı acı kontrastla üz-üzə durur.
Rasim
"AzPolitika.info"

Şərhlər