Şuşada məcburi köçkünlərin məskunlaşdırılması üçün inşa edilən yaşayış binalarındakı mənzillər günlük kirayə verilir.
“AzPolitika” xəbər verir ki, bu barədə yerli satış səhifələrində elanlar paylaşılıb. Elanlarda mənzillərin sahəsi, otaq sayı və günlük kirayə qiymətləri də göstərilib.
Belə ki, platformada yerləşdirilən elanlardan birində 83 kvadratmetr sahəsi olan 2 otaqlı mənzilin günlük 120 manata kirayə verildiyi qeyd olunur. Digər elanda 83 kvadratmetr, 3 otaqlı mənzil üçün günlük kirayə haqqı 150 manat göstərilib. Həmçinin 110 kvadratmetr sahəsi olan 2 otaqlı mənzil günlük 110 manata təklif olunur. Eyni sahəyə və otaq sayına malik başqa bir mənzil üçün də günlük qiymət 110 manatdır.
Elanlar arasında 80 kvadratmetr, 3 otaqlı mənzil də var. Bu mənzilin günlük kirayə qiyməti 150 manat göstərilib. Digər bir elanda isə 100 kvadratmetr, 3 otaqlı mənzil üçün günlük 150 manat tələb olunur.
Bundan başqa, 100 kvadratmetr sahəsi olan 3 otaqlı mənzil, eləcə də 100 kvadratmetrlik, 2 otaqlı başqa bir mənzil isə günlük 100 manata kirayəyə verilir.
Bəs məcburi köçkünlərə verilən mənzillərin kirayəyə verilməsi qanunidirmi?
Şuşada yeni yaşayış massivlərindəki mənzillər məhz keçmiş məcburi köçkünlərin yerləşdirilməsi üçün dövlət tərəfindən tikilərək onlara təqdim olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya görə, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə etməlidirlər. Ən vacibi isə odur ki, məcburi köçkünlərin onların istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək və kirayəyə vermək hüququ yoxdur. Həmin şəxslər bu yaşayış sahələrini girov qoymaqla və digər vasitələrlə özgəninkiləşdirə, eləcə də başqasını həmin evə köçürə bilməzlər. Qaydada həmçinin qeyd olunur ki, məcburi köçkünlər onlara müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

Məlumat üçün bilirək ki, Şuşanın bərpasından sonra şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə həyata keçirilir. 2024-cü il mayın 10-dan etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb. Şəhərdə məcburi köçkünlərin məskunlaşdırılması üçün yeni yaşayış kompleksləri inşa edilib. Şuşanın Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib.
Qeyd edək ki, elanlarda göstərilən mənzillərin siyahısı belədir:
- 2 otaqlı – 83 kv.m – günlük 120 manat;
- 3 otaqlı – 83 kv.m – günlük 150 manat;
- 2 otaqlı – 110 kv.m – günlük 110 manat;
- 2 otaqlı – 110 kv.m – günlük 110 manat;
- 3 otaqlı – 80 kv.m – günlük 150 manat;
- 3 otaqlı – 100 kv.m – günlük 150 manat;
- 3 otaqlı – 100 kv.m – günlük 100 manat;
- 2 otaqlı – 100 kv.m – günlük 100 manat.
“AzPolitika.info”

Şərhlər