Menu

QANUN VƏ VİCDAN YOLUNDA

17.08.2026, 12:40
QANUN VƏ VİCDAN YOLUNDA

Ələmdar Məmmədov,

təqaüddə olan baş ədliyyə müşaviri

(Hüseyn Hüseynovun 85 illik yubileyi münasibətilə...)

Azərbaycan prokurorluq orqanlarında 38 il şərəf və ləyaqətlə xidmət etmiş, prinsipiallığı, peşəkarlığı və insanlara münasibətdə səmimiyyəti ilə seçilən Hüseyn Hüseynov 85 illik ömür yolunun müdriklik çağındadır. Onun keçdiyi həyat və əmək yolu yalnız ayrı-ayrı vəzifələrdən ibarət deyil, bu yol Azərbaycan hüquq-mühafizə sisteminin müxtəlif mərhələlərinə şahidlik edən, çətin və mürəkkəb dövrlərdə qanunun aliliyini və ədalət prinsipini qorumağa çalışan bir insanın mənəvi salnaməsidir. Kənd məktəbindən başlayaraq prokurorluğun ən məsul vəzifələrinə qədər uzanan bu ömür yolunda Hüseyn müəllimin peşəkar fəaliyyəti ilə yanaşı, sadəliyi, müdrikliyi, vətəndaş mövqeyi və insanlara sədaqəti də xüsusi yer tutur.

Yazımın əvvəlində çox hörmətli Hüseyn müəllimin keçdiyi zəngin və mənalı həyat yoluna qısa nəzər salmaq istəyirəm: Hüseyn Hüseynov 18 avqust 1941-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Hələ doqquz yaşında ikən atası İlyas Hüseynov dünyasını dəyişib. Taleyin bu ağır sınağı onu erkən yaşlarından atasız böyüməyə məcbur edib. Lakin həyatın ilk böyük itkisi onun gələcəkdə qazanacağı uğurlarının qarşısını kəsə bilməyib. Əksinə, bəlkə də bu məhrumiyyət sonralar onun xarakterindəki möhkəmliyin, dözümün və məsuliyyət hissinin formalaşmasına öz təsirini göstərib.

1958-ci ildə Balyand kənd orta məktəbini yaxşı və əla qiymətlərlə başa vuran Hüseyn Hüseynov həmin illərdə hüquqşünas olacağını heç ağlına gətirməsə də, taleyin onun üçün başqa bir yolu varmış. Cənab Haqq öz sözünü deyib və iki il sonra – 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub. Beləliklə, kənd məktəbindən başlayan təhsil yolu onu gələcəkdə Azərbaycan prokurorluq orqanlarında uzun və şərəfli bir xidmətə aparıb.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra həmin il sentyabrın 20-də prokurorluq orqanlarında qulluğa qəbul edilərək Lənkəran rayon prokurorluğuna stajyor təyin olunub. “Prokurorluq haqqında qanun”un tələbinə əsasən stajyorluq müddəti bir il müəyyənləşdirilsə də, onun çalışqanlığı, hüquqi biliyi və peşəkarlığı nəzərə alınaraq cəmi dörd aydan sonra müstəsna hal kimi sərbəst işə keçirilib. 31 yanvar 1966-cı ildən Naxçıvan MSSR Culfa rayon prokurorluğunda müstəntiq vəzifəsinə təyin edilməsi onun peşəkar fəaliyyətində yeni mərhələnin başlanğıcı olub.

Bundan sonra H.Hüseynovun əmək yolu müxtəlif rayonlardan keçib. 8 dekabr 1969-cu ildən Naxçıvan MSSR Ordubad rayon prokurorluğunda, 13 mart 1973-cü ildən Xaçmaz rayon prokurorluğunda, 5 iyun 1975-ci ildən isə Füzuli rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışıb. Müstəntiq kimi mürəkkəb cinayət işlərinin istintaqında nümayiş etdirdiyi bilik, bacarıq və prinsipiallıq diqqətdən yayınmayıb. Nəhayət, Respublika prokuroru Abbas Zamanovun 20 sentyabr 1976-cı il tarixli əmri ilə Qax rayon prokuroru vəzifəsinə təyin edilib.

Ərazi və əhali sayına görə böyük olmayan, lakin çoxmillətli və özünəməxsus xüsusiyyətləri ilə seçilən Qax rayonunda Hüseyn müəllimin prokuror kimi fəaliyyəti tezliklə öz nəticəsini verib. İnsanlarla xoş rəftarı, hər kəsə qarşı diqqətli və həssas münasibəti, eyni zamanda prokuror kimi prinsipial mövqeyi onu rayon ictimaiyyətinin hörmət etdiyi rəhbərlərdən birinə çevirib.

Konstitusiya müddətinin başa çatması ilə əlaqədar Qax rayon prokuroru vəzifəsindən azad edilərək 1981-ci ilin sentyabrında daha iri həcmli Bərdə rayon prokuroru vəzifəsinə yüksəlib. Respublika prokuroru İlyas İsmayılovun 5 noyabr 1986-cı il tarixli əmri ilə ikinci müddətə də Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Bərdə Hüseyn müəllimin həyatında xüsusi yer tutan rayonlardan biri olub. Burada o, yalnız prokuror kimi deyil, mürəkkəb ictimai-siyasi şəraitdə məsuliyyətli qərarlar qəbul etməyi bacaran, qanunun və ədalətin keşiyində dayanan bir hüquqşünas kimi özünü təsdiq edib.

1990-cı illərdən etibarən Hüseyn müəllimin peşəkar fəaliyyəti artıq Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə bağlanıb. 13 avqust 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun Məhkəmələrdə cinayət işlərinə baxılması üzərində nəzarət şöbəsində prokuror, 1 yanvar 1993-cü ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Məhkəmə aktlarının qanuniliyi üzərində nəzarət idarəsinin Cinayət-məhkəmə şöbəsində prokuror, 1 dekabr 1993-cü ildən Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsində prokuror vəzifələrində çalışıb. 4 sentyabr 2000-ci ildən isə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində prokuror kimi fəaliyyət göstərib.

20 dekabr 2001-ci ildə qulluqda olmanın son yaş həddinə çatdığı üçün prokurorluq orqanlarından xaric edilsə də, onun zəngin təcrübəsi və peşəkarlığı nəzərə alınaraq, cəmi bir gün sonra – Baş prokurorun əmri ilə (21 dekabr 2001-ci il) əmək müqaviləsi əsasında bir il müddətinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində prokuror vəzifəsinə təyin olunub.

Hüseyn müəllimin peşəkar həyat yoluna nəzər salarkən onun taleyində mühüm iz buraxmış insanlardan söz açmamaq mümkün deyil. Azərbaycan hüquqşünaslığının korifeylərindən biri, 18 il Hüquq fakültəsinin dekanı olmuş unudulmaz müəllimimiz Məmməd Xələfovla müəllim-tələbə münasibətləri də bu baxımdan xüsusi maraq doğurur. Telman Əliyevin qələmə aldığı “Haqqa qovuşan ömür” kitabında bu münasibətlər ətraflı şəkildə təsvir edilib. Məmməd müəllim Hüseyn müəllimi aspiranturada saxlamaq istəyib. Lakin onun istəyini nəzərə alaraq prokurorluq orqanlarına təyinatla göndərməsi, əslində, tələbəsinə olan inam və hörmətinin ifadəsi idi. Müəllim üçün tələbəsinin seçiminə hörmət etmək də böyük pedaqoji mədəniyyət göstəricisidir.

Hüseyn müəllimin tələbəlik illərindən tanıdığı, sonralar Respublika prokuroru olmuş unudulmaz İlyas İsmayılovun da ona xüsusi hörməti və inamı olub. Bəzən peşəkar həyatın ən çətin məqamlarında insanın arxasında dayanan bir söz, bir mövqe onun taleyində böyük rol oynayır. Adını çəkmək istəmədiyim nüfuzlu katiblərdən biri Hüseyn müəllimin iş yerinin dəyişdirilməsini İlyas müəllimdən tələb edərkən, o, buna sərt şəkildə etiraz edib və Hüseyn müəllimi müdafiə edəcəyini bildirib. Bu hadisə bir daha göstərir ki, peşəkarlıq və prinsipiallıq gec-tez öz qiymətini alır.

Hüseyn müəllimlə eyni vaxtda Bərdə rayonunda məhkəmə sədri işləmiş, tanınmış hüquqşünas, uzun illər Ali Məhkəmənin hakimi olmuş Müzəffər Ağazadə də onun haqqında həmişə yüksək fikirlər söyləyib. Söhbətlərində Hüseyn müəllimin ədalətli və prinsipial prokuror olduğunu dəfələrlə vurğulaması onun peşəkar fəaliyyətinə verilən qiymətin daha bir göstəricisidir.

Bərdə rayon prokurorluğunda müstəntiq vəzifəsində işləmiş Kərim Məmmədov isə Hüseyn müəllimin rəhbər kimi insani keyfiyyətlərini xüsusilə xatırlayırdı. İşçilərlə münasibət qurmaq bacarığı, vətəndaşların müraciət və şikayətlərinə həssaslıqla yanaşması, hər bir məsələni diqqətlə araşdırması barədə həmişə ağızdolusu danışardı. Əsl rəhbərin böyüklüyü yalnız tutduğu vəzifə ilə deyil, yanında çalışan insanların yaddaşında necə iz qoyması ilə ölçülür. Bu mənada Hüseyn müəllimin arxada qoyduğu xatirələr onun haqqında çox şey deyir.

Azərbaycan Respublikası Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində işlədiyi illərdə də Hüseyn müəllim öz zəngin təcrübəsini gənc əməkdaşlardan əsirgəməyib. Bildiklərini bölüşməkdən, gənclərə yol göstərməkdən, peşənin incəliklərini öyrətməkdən zövq alıb. Çünki o, yaxşı bilirdi ki, hüquqşünaslıq yalnız qanunları bilmək deyil, həm də ədaləti dərk etmək, insan taleyinə məsuliyyətlə yanaşmaq sənətidir.

Təqaüdə çıxdıqdan sonra da Hüseyn müəllim aktiv həyatından kənara çəkilmədi. Əksinə, ictimai və ədəbi-mədəni proseslərə marağını qoruyub saxladı. Xatirimdədir, İlyas İsmayılovun 80 illik yubileyi münasibətilə mətbuatda dərc etdirdiyi məqalə geniş oxucu marağı doğurmuşdu. Həmin yazı Hüseyn müəllimin yalnız hüquqşünas kimi deyil, həm də sözə, qələmə, insan taleyinə və ömrün mənasına həssas münasibət bəsləyən ziyalı kimi xarakterini ortaya qoyurdu.

Onun həyatına yaxından nəzər saldıqca bir həqiqət aydın görünür: Hüseyn müəllimin keçdiyi yol yalnız peşəkar uğurların deyil, həm də insan münasibətlərinin, müəllim xeyir-duasının, dost etimadının və həmkar hörmətinin yoludur. İllər ötür, vəzifələr, titullar, kabinetlər geridə qalır. Lakin insanın xarakteri, ədaləti və yaxşı əməlləri yaddaşlarda yaşayır.

Məşhur Amerika şairi Henri Lonqfellonun belə bir fikri var: “Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir.” Bu sözlər Hüseyn müəllimin xarakterini səciyyələndirən ən mühüm cizgilərdən birini ifadə edir. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, sakit təbiəti, təmkinli davranışı və sadəliyi ilə seçilən bu insanın daxilində möhkəm xarakter, prinsipial mövqe və Vətənə bağlı böyük bir mənəvi güc dayanır.

Hüseyn müəllimin həyatında elə məqamlar olub ki, həmin hadisələr onun yalnız peşəkarlığını deyil, həm də xarakterini və vətəndaş mövqeyini sınağa çəkib. Belə hadisələrdən biri ötən əsrin 80-ci illərində, onun Bərdə rayon prokuroru vəzifəsində işlədiyi dövrə təsadüf edir.

1983-cü ildə SSRİ-də, pambıq istehsalında mühüm paya malik olan Özbəkistan SSR-də pambıqçılıq sahəsində rəqəmlərin süni şəkildə şişirdilməsi – “pripiska” və bununla bağlı qanunsuzluqların araşdırılması məqsədilə Qdlyan və İvanovun rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılmışdı. Sonradan “Özbək işi” adı ilə tarixə düşən bu istintaq böyük rezonans doğurdu. Respublika rəhbərliyinin yüksək vəzifəli nümayəndələri də daxil olmaqla çoxsaylı məmurlar həbs edildi, minlərlə insan istintaqa cəlb olundu. Hadisələr artıq ayrı-ayrı cinayət işlərinin çərçivəsindən çıxaraq böyük ictimai-siyasi prosesə çevrilmişdi.

Moskvanın istintaq dalğası Azərbaycana da yaxınlaşırdı. Şəmkir rayonunda aparılan araşdırmalar nəticəsində rayon partiya komitəsinin birinci katibi başda olmaqla bir sıra yüksək vəzifəli şəxslər həbs edilmişdi. Növbəti hədəflərdən biri isə pambıq istehsalında ölkə üzrə mühüm yer tutan Bərdə rayonu idi. Həmin illərdə rayonda 100 min tondan artıq pambıq istehsal olunurdu. Bu isə Bərdəni istintaq üçün xüsusi diqqət mərkəzinə gətirirdi. Belə bir mürəkkəb və gərgin şəraitdə məsələ artıq yalnız vəzifə borcunun yerinə yetirilməsindən ibarət deyildi. Qarşıda həm də ciddi bir mənəvi və peşəkar sınaq dayanırdı. Çünki istintaq prosesinin mümkün nəticələri çoxsaylı insanların taleyinə təsir göstərə bilərdi.

Həmin dövrdə Respublika prokuroru vəzifəsində işləyən İlyas İsmayılovun rəhbərliyi ilə Bərdədə görülən qabaqlayıcı tədbirlər və Hüseyn müəllim kimi peşəkar, prinsipial insanların mövqeyi mühüm rol oynadı. Nəticədə Moskva müstəntiqləri Bərdə rayonuna daxil ola bilmədilər. Bununla da daha böyük fəsadların qarşısının alınmasına nail olundu.

Qeyd: Təəsüf hissi ilə bildirirəm ki, cinayət işinin istintaqını aparan müstəntiq və havadarları məsələni böyüdüb İttifaq miqyasına çıxara bilmədiklərindən İlyas İsmayılov və onun yerdəki nümayəndəsi Hüseyin Hüseynovdan narazı qalmışdılar. İş o həddə çatmışdı ki, rayon prokuroru əleyhinə ifşaedici ifadələr almaq istəmişdilər. Lakin bərdəlilər öz prokurorunu qorudu.

Bu hadisə Hüseyn müəllimin peşəkar fəaliyyətində sadəcə bir epizod deyil, onun xarakterini və vətənpərvərlik mövqeyini göstərən mühüm faktlardan biridir. Çünki prokuror üçün mürəkkəb məqamda düzgün mövqe seçmək, məsuliyyəti dərk etmək və insan taleyinə həssaslıqla yanaşmaq, qanunu bilmək qədər vacibdir. Hüseyn müəllimin uzun illər davam edən fəaliyyətində bu keyfiyyətlər həmişə ön planda olub.

Onun 85 illik ömür yoluna nəzər salarkən bir həqiqət aydın görünür: insanın qazandığı ən böyük sərvət tutduğu vəzifələr və aldığı mükafatlar deyil, peşə fəaliyyəti boyunca qoruduğu vicdanı, qazandığı etimad və insanların yaddaşında buraxdığı xoş izdir.

85 illik yubileyi münasibətilə Hüseyn müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və mənəvi rahatlıq arzulayıram. Şərəfli və zəngin ömür yolu, Azərbaycan prokurorluq orqanlarında uzunillik vicdanlı xidməti, prinsipiallığı və insanlara münasibətdə göstərdiyi səmimiyyət onun həyatının ən dəyərli səhifələridir. Arzu edirəm ki, bundan sonrakı illəri də doğmalarının sevgisi, dostlarının hörməti və keçdiyi mənalı yolun xoş xatirələri ilə əhatə olunsun. Allahın bəxş etdiyi ömür payını sağlam, gümrah və könül rahatlığı ilə yaşasın.

Şərhlər

Önər Rəgimov Qərib oğlu 2026-08-24 20:53:09

Təbrik edirəm 75 illik yubileyinizi Hüseyn müəllim.

Rəhimov Qərib Əli 2026-08-24 20:48:36

Yaxından tanıdığım və buna görə qəlbən qürurlandığım Hüseyn müəllim haqqında Azpolitika info da getmiş”Qanun və xidmət yolunda” başlıqlı məqaləni dərin minnətdarlıq və rəğbət duya-duya oxudum.Bir çox qanunların tənbəllik,bir çox vicdanların təpərsizlik göstərdiyi,həyatın şikayətlərlə silələndiyi indiki çağlarda hamıya örnək ola biləcək,varolması təsəlli verən,hər kəsdə yaşamı stimullaşdıran ümüd və istək oyadan bir - insanın qanunu şah bilə-bilə pakvicdanla işləmiş bir ədliyyə polkovnikinin ömür mənzərəsinə müəllifin işıq tutmasını ürəkdən alqışlayıram.Əlamdar müəllüm üçün də Allahın insana verdiyi,önü-özülü can sağlığı olan bütün nemətləri diləyirəm.Allahdan bunuda diləyirəm:Gün o gün olsun ki,qanun və vicdan yolunda yorulmaz,ədalətdən keçməz,haqqı tapdalamaz bir insan olan Hüseyn müəllimin 95 yaşında da sinəmizi qabardıb,onu heç bir söz demədən köksümüzə sıxa bilək!
Hüseyn müəllim,ayrı söz demirəm,axı dilə gətirilməmiş sevgi insanın daxili aləminə işıq saçan bir günəşdir…

Çəmən Əhmədov 2026-08-24 17:38:07

Hörmətli Hüseyn müəllim, Sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! Prokurorluq orqanlarında uzun illər ərzində göstərdiyiniz şərəfli xidmət, peşəkarlığınız və dövlətə sədaqətlə fəaliyyətiniz hər zaman böyük hörmətlə xatırlanır. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğmalarınızın əhatəsində xoş, firavan günlər arzulayıram. 85 yaşınız mübarək!

Çəmən Əhmədov, İstefada olan polis polkovniki

Kamil Hüseynov 2026-08-24 10:32:43

Hüseyn müəllimi yubley münasibətilə ürəkdən təbrik edirəm. Müəllifə isə belə bir dahi şəxsiyyəti işıqlandırdığına görə təşəkkürümü bildirirəm

Fidan Bağırova Anar 2026-08-21 12:55:27

Babam Hüseyn Hüseynov haqqında yazılan 'Qanun və vicdan yolunda' başlıqlı bu dəyərli məqaləyə görə müəllifə dərin minnətdarlığımı bildirirəm. Onun 38 illik şərəfli prokurorluq fəaliyyəti və müdrik ömür yolu ailəmiz üçün həmişə ən böyük qürur mənbəyidir.

Anar.Bagırov. 2026-08-20 22:00:52

Çox hörmərli Hüseyin müəllim sizi səmimi qəlbdən təbrik edir uzun ömür can saglıgı arzu edirəm.Siz nümunəvi bir insansınız.Bir daha sizi tənrik edir xoş firavat günlər arzu edirəm.

Mütüş oğlu Yaşar balyand1595 2026-08-20 21:28:36

Ələmdar müəllimi növbəti uğurlu yazısı münasibətilə təbrik edir, Hüseyn müəllimin isə yubileyi münasibəti ilə təbrik edirəm və möhkəm cansağlığı, uzun ömür arzulayıram

Mütüş oğlu Yaşar hüseyinov Bal 2026-08-20 20:53:15

Ələmdar müəllim, dostum haqqında yazdıǧınız bu dəyərli yazı üçün sizə dərin təşəkkür edirəm Hüseyn müəllim kimi dürüst, prinsipial və illərini bu peşəyə vermiş böyük bir hüquqşünasın keçdiyi o şərəfli ömür yolunu, ağır illərdə göstərdiyi cəsarəti belə qısa bir məqaləyə sığışdırmaq, onun həyatı bütöv bir kitaba mövzudur Hüseyn müəllimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik ebirem

Mübariz Hümbətov 2026-08-20 15:36:07

İlk növbədə həmkəndlim və ən yaxın dostum Hüseyn müəllimin keçdiyi keçməkeşli həyat yolu haqqında ətraflı və dəyərli yazıya görə hörmətli Ələmdar müəllimə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hüseyn müəllimlə dostluğumuz onun respublika prokurorluğunda fəaliyyətini davam etdirmək üçün Bakıya gələndən sonra başlamışdır. Artıq 35 ilə yaxındır ki, bu dostluq davam edir.Qisaca deyə bilərəm ki, Hüseyn müəllim həddən çox sadə, təvazükar, dostluqda çox möhkəm etibarlı bir şəxsiyyətdir.

Doğum gününün 85 yubiley ilini qeyd edən əziz dostum Hüseyn müəllimə sağlam cansağlığı, uzun ömür və xoş günlər arzulayıram.

Ad günün mübarək,əziz dostum!

Anar 2026-08-20 09:24:33

Hüseyn müəllim işinin peşəkarı, ədalətli bə prinsipial prokuror olub, gözəl ailə başçısıdır. Ona uzun ömür arzulayıram

Elşad Ağayev 2026-08-19 22:51:15

Tam dürüst məqalədir. Bəzi bilmədiyim epizodları maraqla oxudum.
Allah ömür və can sağlığı versin.

Hümbətov Mübariz 2026-08-19 19:00:10

İlk növbədə həmkəndlim və ən yaxın dostum Hüseyn müəllimin keçdiyi keçməkeşli həyat yolu haqqında ətraflı və dəyərli yazıya görə hörmətli Ələmdar müəllimə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hüseyn müəllimlə dostluğumuz onun respublika prokurorluğunda fəaliyyətini davam etdirmək üçün Bakıya gələndən sonra başlamışdır. Artıq 35 ilə yaxındır ki, bu dostluq davam edir.Qisaca deyə bilərəm ki, Hüseyn müəllim həddən çox sadə, təvazükar, dostluqda çox möhkəm etibarlı bir şəxsiyyətdir.

Doğum gününün 85 yubiley ilini qeyd edən əziz dostum Hüseyn müəllimə sağlam cansağlığı, uzun ömür və xoş günlər arzulayıram.

Ad günün mübarək,əziz dostum!

Elgün Mehralızadə 2026-08-19 05:04:27

Ələmdar müəllim, babam haqqında yazdıǧınız bu dəyərli yazı üçün sizə dərin təşəkkür edirəm Hüseyn müəllim kimi dürüst, prinsipial və illərini bu peşəyə vermiş böyük bir hüquqşünasın keçdiyi o şərəfli ömür yolunu, ağır illərdə göstərdiyi cəsarəti belə qısa bir məqaləyə sığışdırmaq, əlbəttə ki, mümkünsüzdür — onun həyatı bütöv bir kitaba mövzudur Hüseyn müəllimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və sevdikləri ilə birlikdə uzun, xoşbəxt ömür arzulayıram

Samirə. 2026-08-18 22:23:20

Ələmdar müəllimə təşəkkürümüzü bildiririk.Zəhmətkeşliyi sadəliyi ilə seçilən atam üçün nə qədər xoş sözlər yazsaq yenədə azdı.Həmişə səninlə fəxr etmişik qürür duymuşuq.Allah səni böyüklükdə əskik eləməsin.Ömrünə bərəkət versin .Nəvələrinin sevimli babası.

Nəsimi Hüseynov Mirzalı oğlu 2026-08-18 19:24:54

Əvvəlcə bu gözəl yazıya görə Ələmdar müəllimə ürəkdən təşəkkür edirəm. Allah Sizə də uzun, sağlam və xeyirli ömür versin. Yazdığınız hər bir cümlə mənə çox doğmadır. Çünki söhbət mənim doğma əmimdən gedir.
Biz əmimizi çox istəyirik. Atamızın əmimə olan sevgisini görərək böyümüşük. Ona görə də əmim bizim üçün sadəcə əmi deyil, həyatımızda xüsusi yeri olan böyük bir insandır.
2010–2022-ci illərdə müxtəlif rayonlarda ezamiyyətdə olduğum zaman, xüsusilə əmimin prokuror işlədiyi Qax və Bərdədə, fürsət düşdükcə onun haqqında insanlardan fikir öyrənirdim.
Onu tanıyan insanların dedikləri sözlər məni böyük qürur hissi ilə doldururdu. Eşitdiyim ən yaddaqalan cümlələrdən biri belə idi:
“Bir də elə gözəl insan bu rayona prokuror kimi gələ bilməz.”
Bunu eşidəndə içimdə sadəcə bir fikir vardı:
“Bu insan mənim əmimdir...”
Əziz əmimiz, Sizə ən böyük arzumuz uzun, sağlam və xeyirli ömürdür. Allah Sizi qorusun, hər zaman Sizi sevən insanların əhatəsində olasınız.
Ad gününüz mübarək!

Samir Hüseyn oğlu Hüseynov 2026-08-18 17:33:16

Hörmətli həmkarlar, əziz dostlar və oxucular!
Atam Hüseyn Hüseynov haqqında yazdığı dəyərli məqaləyə görə peşəkar hüquqşünas Ələmdar müəllimə səmimi qəlbdən təşəkkür edirəm. Onun atamın prokurorluq orqanlarındakı fəaliyyətini və nəcib keyfiyyətlərini dəqiq qələmə alması ailəmizi çox duyğulandırdı.
Atam hər zaman bizə deirdi: "Prokurorluqda uzun illər xidmət etmişəm, ləyaqətimi üstün tutub ədalətli qərarlar vermişəm. Əmin olun ki, mənim adımı hər yerdə başınızı dik tutaraq çəkə bilərsiniz."
Respublikamızın müxtəlif rayonlarına səfər edərkən insanların atamı necə böyük hörmətlə, xoş xatirələrlə yad etdiyinin şəxsən şahidi olmuşam. Bu, bizim üçün ən böyük qürur və mükafatdır.
Yubileyi münasibətilə atamı ailəmiz adından təbrik edir, ona möhkəm cansağlığı və hüzur dolu uzun ömür arzulayıram! Ürək sözlərini və təbriklərini bölüşən bütün dostlara, həmkarlara və oxuculara dərin minnətdarlığımı bildirirəm.

Mehdi Səlmzadə 2026-08-18 16:13:44

Hüseyn müəllimi yubileyi münasibətilə təbrik edir, ona xoş arzularımı catdırıram. Əlamdar müllimə və azpolitika,infoya təşəkkürümü bildirirəm.Ğeniş müsahibə verməyə istəniıən vaxt hazıram.

Şamo İbrahimov 2026-08-18 13:14:24

Ələmdar müəllim, bu dəyərli yazınız və Hüseyn müəllimi belə gözəl şəkildə yad etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Onun ömrünə və fəaliyyətinə belə səmimi sözlərlə işıq salmağınız bizim üçün çox xoş və qiymətlidir. Əməyinizə sağlıq, Çox sağ olun!

Hüseynova Səidə Şamo q. 2026-08-18 12:50:20

Bu məqaləni oxuduq qürur duyduq nə yaxşi Millətimizin Vətənimizin Elimizin obamizin belə ağsaqqallari var .Neçə neçə gözəl yubileylər nəsib olsun Muəllifə xususi təşəkkürlər Gözəl ailə başçisi qayğıkeş baba

İlyas Huseynov Huseyn oğlu 2026-08-18 12:06:14

Ələmdar Muəllim bu gözəl və dəyərli yazı üçün Sizə ürəkdən təşəkkür edirəm. Atamın uzun illər ərzində keçdiyi şərəfli fəaliyyət yolunu belə gözəl sözlərlə xatırladıb işıqlandırdığınız üçün çox sağ olun. Əməyi və zəhməti heç vaxt unudulmasın.

Huseynova Təranə Hudeyn qızı 2026-08-18 11:53:18

Ələmdar Muəllimə bu gözəl yazı üçün ürəkdən təşəkkür edirəm. Atamin şərəfli fəaliyyət yolunu və gözəl xatirələrini belə dəyərli sözlərlə yenidən bizəm yadimiza saldıgınız üçün çox sağ olun.

Aytən Hüseynzadə İlyas qızı 2026-08-18 11:28:50

Bu gözəl yazı üçün müəllifə sonsuz təşəkkürümü bildirirəm. Babamın ömrünü həsr etdiyi şərəfli fəaliyyət yolunu, keçdiyi illəri və göstərdiyi xidmətləri belə dəyərli sözlərlə yenidən xatırlatdığınız üçün çox minnətdaram.

Belə bir insanın nəvəsi olmaq mənim üçün böyük qürurdur. Bu yazı babamın bizim üçün nə qədər dəyərli və əziz olduğunu bir daha xatırlatdı. Onun uzun illər ərzində gördüyü işlərin və qazandığı hörmətin bu şəkildə yad edilməsi bizim ailə üçün çox qiymətlidir.

Əməyi keçən hər kəsə təşəkkür edirəm. Babamı tanıyan və onu bu gözəl xatirələrlə yaşadan hər kəsə minnətdaram. ❤️

Xosrov Surxay oğlu Səfərov 2026-08-17 23:47:56

Bu məqalənin müəllifinə təşəkkür edirəm ki Hüseyn müəllim haqqında obyektiv və dürüst məlumatı oxuculara çatdırıb.
Hüsey məllim kimi ziyalılara xalqın ehtiyacı var. ALLAH Məmməd Xələfova və İlyas İsmayılova rəhmət eləsin! Müəllifə və Hüseyn müəllimə uzun ömür cansağlığı arzu edirəm.

Xosrov Surxay oğlu Səfərov 2026-08-17 23:39:46

Müəllifə təşəkkür edirəm!
Hüseyn məllim haqqında çox obyektiv və dürüst məlumat verdyi üçün. Təbii ki bu qıssa yazıda Hüseyn müəllimin necə ağır cinayətləri açdığını,hansı təhlükələrlə qarşılaşdığını oxucuya çatdırmaq çətindir. ALLAH Hüseyn müəllimə cansağlığı , Məmməd Xələfova da İlyas İsmayılova da rəhmət eləsin!

Ramazan SİRACOĞLU 2026-08-17 16:36:36

Respublikamızın görkəmli hüquqşünası Ələmdar müəllimi növbəti uğurlu yazısı münasibətilə təbrik edir, yubilyar Hüseyn Hüseynova isə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol