2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Həmin ildə Azərbaycanda hotel və hotel tipli obyektlərdə ümumilikdə 4 milyon 569,5 min gecələmə qeydə alınıb ki, onun da 2 milyon 614,3 min nəfəri xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər olub.
Maraqlıdır ki, Azərbaycana gələnlərin sayında Rusiya və Türkiyə lider olduğu halda, hotel gecələmələrində birinci yerdə Hindistan vətəndaşlarıdır. 2025-ci ildə bütün hotel gecələmələrinin 13,6 faizi Hindistan vətəndaşlarının payına düşüb. Rusiya vətəndaşlarının payı 10,1 faiz, Türkiyə vətəndaşlarının payı 9,3 faiz olub. Daha sonra Səudiyyə Ərəbistanı – 8,3 faiz, İsrail – 5,6 faiz, Birləşmiş Ərəb Əmirlikləri – 5,1 faiz, Pakistan – 3,9 faiz və Çin – 3,4 faiz gəlir.
Digər tərəfdən, hotel gecələmələrinin 81,1 faizi Bakıda qeydə alınıb. Qusarın payı 6,1 faiz, Naftalanın 4,4 faiz, Qəbələnin 3,2 faiz, Qubanın 2,4 faiz olub. Başqa sözlə, deyə bilərik ki, xarici turistlərin böyük əksəriyyəti üçün Azərbaycan turizmi faktiki olaraq Bakı mərkəzli olub.
Həmin il Bakıda 2 milyon 692 720 hotel gecələməsi qeydə alınıb. Şəhərdə 29 162 çarpayı yeri olub və xarici qonaqların payı 78,7 faiz təşkil edib. Qusarda isə gecələmələrin sayı 257 242 olub. Qəbələdə isə 168 350 gecələmə qeydə alınıb. Xarici qonaqların payı 49,3 faiz, istifadə səviyyəsi 15 faizdir. Şuşada 2025-ci ildə 50 661 hotel gecələməsi qeydə alınıb. Şəhər 1000 nəfərə düşən gecələmə göstəricisində 2 010 ilə üçüncü yerdə olsa da, hotel tutumundan istifadə səviyyəsi cəmi 7 faizdir. Xarici qonaqların payı da 7 faiz olub.
2025-ci ildə Azərbaycandakı hotel və hotel tipli obyektlərin gəlirləri 653 milyon manat olub. Lakin bu, əvvəlki illə müqayisədə 5,9 faiz azdır. Gəlirlərin 61,8 faizi otaqların təqdim olunması, 27,2 faizi ictimai iaşə, 2,9 faizi müalicə və sağlamlıq xidmətləri, 8,1 faizi isə digər xidmətlərdən formalaşıb.
Ötən il mehmanxana gəlirlərinin ən yüksək olduğu 10 bölgə bunlardır:
- Abşeron – 639 milyon manat;
- Bakı – 399 milyon manat;
- Qəbələ – 38,9 milyon manat;
- Quba – 29,8 milyon manat;
- Lənkəran – 15 milyon manat;
- Şabran – 10,5 milyon manat;
- Şamaxı – 10,5 milyon manat;
- Şuşa – 9,8 milyon manat;
- İsmayıllı – 4,6 milyon manat;
- Göygöl – 1,5 milyonmanat.
Maraqlı məqamlardan biri də odur ki, 2025-ci il üzrə rayonların turizm göstəricilərində 1000 nəfər əhaliyə düşən hotel gecələmələrinin sayına görə Naftalan birinci yerdədir. Naftalanda bu göstərici 27 139 gecələmə/1000 sakin olub. İkinci yerdə Qusar – 2 502, üçüncü yerdə Şuşa – 2 010, dördüncü yerdə Şabran – 1 746, beşinci yerdə Qəbələ – 1 536 qərarlaşıb.
Bununla yanaşı, ölkənin bir sıra rayonlarında hotel gecələmələrinin sayı olduqca aşağıdır. Məsələn, Oğuzda 898, Daşkəsəndə 447, Zərdabda 420, Neftçalada 399 gecələmə qeydə alınıb. Bir sıra rayonlarda isə ümumiyyətlə məlumat və ya hotel gecələməsi qeydə alınmayıb.
Azərbaycan bölgələrinin ötən il üçün turizm reytinqi belə olub:
| Ümumi gecələmə | Xarici payı | Xarici turist gecələməsi | ||
| 1 | Bakı şəhəri | 2 692 720 | 78,7% | 2 119 171 |
| 2 | Qusar rayonu | 257 242 | 61,7% | 158 718 |
| 3 | Naftalan şəhəri | 233 397 | 49,2% | 114 831 |
| 4 | Qəbələ rayonu | 168 350 | 49,3% | 82 997 |
| 5 | Quba rayonu | 146 318 | 42,2% | 61 746 |
| 6 | Şamaxı rayonu | 66 588 | 26,9% | 17 912 |
| 7 | Qax rayonu | 48 672 | 26,5% | 12 898 |
| 8 | Gəncə şəhəri | 53 653 | 19,0% | 10 194 |
| 9 | Lənkəran rayonu | 135 666 | 6,4% | 8 683 |
| 10 | Şəki rayonu | 25 690 | 16,6% | 4 265 |
| 11 | Şabran rayonu | 102 670 | 4,0% | 4 107 |
| 12 | Şuşa rayonu | 50 661 | 7,0% | 3 546 |
| 13 | Abşeron rayonu | 7 438 | 44,4% | 3 302 |
| 14 | Naxçıvan MR | 43 035 | 4,1% | 1 764 |
| 15 | Biləsuvar rayonu | 7 056 | 21,0% | 1 482 |
| 16 | Xaçmaz rayonu | 229 433 | 0,6% | 1 377 |
| 17 | İsmayıllı rayonu | 19 718 | 6,4% | 1 262 |
| 18 | Salyan rayonu | 6 263 | 15,4% | 965 |
| 19 | Masallı rayonu | 49 549 | 1,8% | 892 |
| 20 | Sumqayıt şəhəri | 8 732 | 9,3% | 812 |
| 21 | Zaqatala rayonu | 18 318 | 3,1% | 568 |
| 22 | Ağcabədi rayonu | 3 709 | 14,3% | 530 |
| 23 | Mingəçevir şəhəri | 15 891 | 2,9% | 461 |
| 24 | Astara rayonu | 16 937 | 1,5% | 254 |
| 25 | Kürdəmir rayonu | 8 933 | 2,1% | 188 |
| 26 | Göyçay rayonu | 6 026 | 2,3% | 139 |
| 27 | Balakən rayonu | 1 652 | 6,8% | 112 |
| 28 | Neftçala rayonu | 399 | 23,1% | 92 |
| 29 | Beyləqan rayonu | 6 088 | 1,5% | 91 |
| 30 | Göygöl rayonu | 13 748 | 0,5% | 69 |
| 31 | Şəmkir rayonu | 2 918 | 1,7% | 50 |
| 32 | Yardımlı rayonu | 749 | 4,4% | 33 |
| 33 | Cəlilabad rayonu | 2 652 | 0,9% | 24 |
| 34 | Ağstafa rayonu | 9 307 | 0,2% | 19 |
| 35 | İmişli rayonu | 1 915 | 0,8% | 15 |
| 36 | Saatlı rayonu | 917 | 1,3% | 12 |
| 37 | Ağdaş rayonu | 1 106 | 1,1% | 12 |
| 38 | Bərdə rayonu | 8 257 | 0,1% | 8 |
E.Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər