İnanmaq istəyirik...

Nurəddin İSMAYIL

Avropanın avtoritar və diktator kimi tanıdığı Aleksandr Lukaşenko Avropa İttifaqı ilə korlanmış əlaqələrini bərpa etmək və qarşıdan gələn prezident seçkilərinin legitimliyinə yol açmaq üçün, gözlənilməz jest edib və altı nəfər siyasi məhbusun azadlığa buraxılması barədə əfv fərmanı imzalayıb. Bu əsnada bir el məsələmizi xatırlatmaq yerinə düşər: “Dəlidən doğru xəbər”.

İpə-sapa yatmayan, Avropanın demokratiya və insan haqları ilə bağlı irəli sürdüyü tələblərə qəti məhəl qoymayan, şıltaq diktatura təbiətindən doğan inadkarlığını yeridən cənab Lukaşenko, artıq bu cür avtoritar idarəetmənin ölkəsinə fayda verməyəcəyinin fərqindədir və bu səbəbdən də müxalifətin boynuna sarıdığı sərt siyasi kəməri bir az boşaltmaq fikrinə düşüb. Hər bir halda təqdirə layiq bir addımdır və siyasi məhbus probleminin yaşandığı ölkələrin hakimiyyətlərinin bu humanizm aktından örnək götürməsinə ehtiyac var.

Ölkəmizə gəlincə, qeyd etməliyik ki, bizdə də zaman-zaman siyasi məhbusların əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və bir çox insanlar azadlığa buraxılmışdır. Lakin bu təşəbbüslər ölkəmizdə yaşanan və beynəlxalq təşkilatlar tərəfindən mütəmadi olaraq gündəmə gətirilən siyasi məhbus probleminin köklü şəkildə həllinə səbəb olmayıb.

Hakimiyyətin siyasi məhbus probleminin mövcudluğunu qəbul edib-etməməsindən asılı olmayaraq, bu problem ölkə gündəminin baş movzularından biridir və onlarla jurnalist, siyasi aktiv, QHT rəhbərləri haqqında çıxarılan siyasi motivli hökmlər danılmaz fakt ollaraq ölkəmizi beynəlxalq təşkilatların qınaqları ilə üz-üzə qoymaqda davam edir.

Ola bilsin ki, bu gün ayrı-ayrı adlar altında həbsə atılmış siyasi məhbusların hərəkətində, fəaliyyyətində hüquq-mühafizə orqanlarının təhqiqat obyektinə tuş gələn, onların həbsdə saxlanmasına ip ucu verən motivlər var və hakimiyyət bu hüquq pozuntularını, qanuna zidd əməlləri törətdiklərinə görə onları həbs etdirməkdə özünü haqlı sayır. Amma heç kəsə sirr deyil ki, bu gün siyasi məhbus olaraq tanınan şəxslərə kəsilmiş hökmlər onların törətdiyi əməllərə adakvat deyil.

Birinə vergidən yayınma, xaricdən ayrılan qrantların düzgün xərclənməməsi, digərinə etiraz aksiyalarını təşkil edib dövlət əleyhinə yönəltmə cəhdləri, başqa birinə ermənilərlə işbirliyi ittihamı irəli sürüb məhkəmə qurmaqla iş bitmir. Əgər bu faktlar əsas götürülüb L.Yunus, A.Yunus, T.Yaqublu, İ.Məmmədov, X.İsmayıl və başqaları həbsə cəlb edilirsə, niyə külli miqdarda bank kreditlərini mənimsəyənlər, vergidən yayınanlar, Qubada, İsmayıllıda, bu gün isə Mingəçevirdə yarıtmaz fəaliyyətləri, qızışdırıcı hərəkətləri, qudurğan davranışları ilə xalqı dövlət əleyhinə yönəldən, idarə olunmazlıq, xaos yaradan icra başçıları, polis rəisləri həmin faktlar üzrə cinayətə cəlb edilib həbsə atılmırlar?

Qanun qarşısında hər kəsin bərabərliyi prinsipi ortada ola-ola, eyni cinayət faktı üzrə birinin həbsə atılmasının, digərinin azadlıqda qalmasının anlamı nə? Bu paralelləri çox aparmaq olar, amma məqsəd köhnə palan eşmək deyil, stabilliyə, vətəndaş həmrəyliyinə, milli birliyə aparan yolları aramağa xidmət etməlidir.

Əgər bir ölkənin diktatoru ölkəsini dünyanın gözündən salan siyasi məhbus problemini çözməyə qalxırsa, nə üçün ölkə başçısı, vətəndaş həmrəyliyinin, milli birliyin hava-su qədər ehtiyac duyulduğu Azərbaycanda siyasi məhbus probleminin bir dəfəlik həlli üçün gərəkən addımları atmasın?

Qarşıdan siyasi ehtirasların qızışması ilə müşahidə olunacaq parlament seçkiləri gəlir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda büdcəmizdə kəsirlər olacağı ehtimalları güclənir. Manatın devalvasiyaya uğraması ölkə vətəndaşlarının iqtisadi güzəranının pisləşməsində qabarıq formada əks olunmağa başlayıb. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı Avropanın təpkisi ilə üz-üzə qalmışıq. Beynəlxalq güclərin siyasi alver predmetinə çevrilən və çözülməsi getdigcə müşkül olan Qarabağ adlı problemin sıxıntısını yaşayırıq.

Böyük dövlətlərin maraqlarının kəskin şəkildə toqquşduğu geosiyasi məkanda yerləşməyimiz siyasi müstəqilliyimizi daim təhdid altında saxlayır. Arxasında xristian dünyasının dayandığı Ermənistan insan hüquq və azadlıqlarının pozulmasını bəhanə edərək, Dağlıq Qarabağın erməni icmasının Azərbaycan dövlətinin yurisdiksiyasında yaşamağın qeyri-mümkün olması ilə bağlı cəfəng bəyanatlar verir.

Bu qədər problemlərlə əhatə olunduğumuz halda, ölkəmizə qarşı şimal qonşumuzun məkrli planlarının işə düşdüyü, insan haqları, demokratiya adı altında Qərbin təzyiqlərinin artdığı, dünyada gedən iqtisadi didişmələrin uzantılarının sərhədlərimizə dirəndiyi, İŞİD, PKK terror təşkilatlarının qapımızı döydüyü bir vaxtda nə edəcəyimiz haqda sualın ilkin cavabı, daxili sabitliyimizi, milli birliyimizi qorumaq olmalıdır.

Təbii ki, ölkədə ədalətli və bərabər çeçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində addımların atılması, siyasi plüralizmin, söz, mətbuat, sərbəst toplaşma azadlıqlarının təmin edilməsi və bunlardan öncə evinə daxil olmaq istədiyimiz Avropanın başımıza qaxınc etdiyi siyasi məhbus probleminin çözülməsi əsas prioritetlərimizə daxil olmalıdır.

İnamaq istərdik ki, dövlət başçısı humanizm prinsipini rəhbər tutaraq, ölkəmizdə yaşanan siyasi məhbus probleminin həllinə bir dəfəlik son qoyulması üçün siyasi iradə nümayiş etdirəcək və vicdan məhbuslarının azadlığını təmin edən növbəti əfv fərmanına imza atacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar